Ana Sayfa > Karusel / Müsahibə > “Məmur olana qədər elə bilirdim ki, hər şeydən xəbərim var” - Videomüsahibə
“Məmur olana qədər elə bilirdim ki, hər şeydən xəbərim var” - Videomüsahibə25-06-2023, 11:29. Yazar: Admin |
Onu iqtisadiyyat xəbərlərinin, siyasi verilişlərin, müəllif proqramlarının aparıcısı kimi tanımışıq. İnqilabların başladığı qaynar nöqtələrdən çəkilişləri, dövrün liderləri, tanınmış siyasətçilərlə özəl müsahibələri olub. Çəkdiyi sənədli filmləri bəlkə də, çoxu izləyib. Bütün bunlarla yanaşı, onun həm də həvəskar alpinist, marafonçu olduğunu yəqin ki, çox az adam bilir. “Qafqazinfo” keçmiş ANS-in simalarından biri Ayaz Mirzəyevlə (Nizamioğlu) söhbətləşib. - Jurnalistin işi elədir ki, hər günü digərindən fərqlənir. Məsələn, qida mühəndisi hər gün eyni işi icra edir, nümunələr götürür, onları yoxlayır. Və ya müəllim hər gün dərsi soruşur, proqrama uyğun yeni dərsi izah edir və s. Jurnalistlərin iş rejimi bu baxımdan fərqlidir. Sizin iş gününüz necə başlayır? - Mənim iş günüm çox erkən başlayır. Tələbəlik dövründə bir qədər fərqli idi, gecə saat 2-3-ə qədər yaradıcı işlə, kitab oxumaqla məşğul olmaq olurdu. Zaman keçdikcə, yaşlandıqca daxili “tayminq” dəyişir. Əvvəlki kimi gecə yarıya qədər işləyə bilmirəm. Yoxladım ki, yaradıcı işlə ən yaxşı səhər saat 5-də yuxudan durandan sonra məşğul olmaq olur. Bu vaxt ideyalar daha tez gəlir. 4-5 ildir çox erkən dururam. Səhər email ünvanıma baxıram, ötən gündən qalan layihələrlə məşğul oluram. Səhər idmanı edirəm. Həmişə çalışıram ki, ailəyə bir az çox vaxt ayırım. Təəssüf ki, jurnalist vaxtımızda da belə idi, tənzimlənməmiş qrafikimiz olub. Aktiv jurnalist olanda yadıma gəlmirdi ki, nə vaxtsa axşam saat 7-də işdən çıxım. Axşam 9-10-da evdə olmaq bizim üçün norma sayılır. - Bəs yuxu rejimini tənzimləyə bilirsiz? - Çalışıram tənzimləyim. Bəzən deyirlər 8 saat yatmaq lazımdır. O fikirlərlə çox da razı deyiləm. Çünki insanlar fərqlidir. Onların yuxu, iş vaxtı da fərqlənir. İnsan özü axtarıb tapmalıdır ki, ona uyğun qayda, yuxu rejimi hansıdır. - Sizi həm jurnalist, aparıcı, həm ssenarist, həm də məmur kimi tanımışıq. Bunların hansı Ayaz Mirzəyevə daha yaxındır? - Sizə görə hansı mənə daha uyğundur? - Mən sizi daha çox müəllif proqramının aparıcısı kimi tanımışam. Fikrimdə o cür qalıb. - Əslində mən 16 il aktiv jurnalistika ilə məşğul olmuşam. Bu illərin böyük əksəriyyətini aparıcı olmuşam - efirə çıxmışam, müəllif proqramı hazırlamışam və bundan çox böyük həzz almışam. Məndə həmişə belə hiss olub ki, nəsə danışıramsa, ekranın qarşı tərəfində oturan insan məni dinləyir. Məhz ona görə də çalışmışam ki, öz yaradıcı fəaliyyətimi tənzimləyim. Çünki insanlar məndən hər gün eyni keyfiyyətdə, yüksək səviyyədə aparıcılıq tələb edir. Məcburam ki, tonusdan düşməyim. İndi həmin illərə baxanda, bəzən həsrətlə düşünürəm ki, nə gözəl illər idi... Amma eyni zamanda deyirəm ki, çətin dövr idi. Hər gün özünü həvəsləndirmək indi, bilmirəm, məndə alınardı, ya yox. Çünki yaş artıq o yaş deyil. Amma əvvəl elə gün olurdu ki, həftədə 6 gün efirdə olurdum. Bu xüsusi bacarıq, güc, motivasiya tələb edirdi. - Bəs necə oldu ANS televiziyasında işə başladınız? Həmin vaxtları necə xatırlayısınız? - Mən şair Qabili çox xoşlayıram. Onun çox yaxşı şeirləri var, Təəssüf ki, biz Qabil haqqında danışanda, KVN-dən Bəhram Bağırzadənin “parovoz” zarafatı yada düşür. Amma o, dövrünün kifayət qədər maraqlı ideyalarla bol şairi idi. Onun “Səhv düşəndə yerimiz” şeiri də var – “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Məndə də bir qədər fərqli oldu. İqtisadiyyat üzrə təhsil almışam, həmişə bir şey məni düşündürüb. Kimsə məni hansısa yerdə görmək istəyirsə, o peşəninmi dalınca getməliyəm, yoxsa özümə maraqlı gələn peşənin dalınca getməliyəm? Tolstoyun belə bir ifadəsi var - İnsanların bədbəxtliyi onların lazım olanı etmədiklərinə görə deyil, əslində lazım olmayanı etdiklərinə görədir. Məndə daxili çəkişmə var idi, bəlkə də jurnalistikya gəlməyimin səbəbi bu idi ki, insanlara nəsə lazımlı iş görüm. Reportaj hazırlayanda, efirə çıxıb hansısa məlumat verəndə bu heç olmasa, 10 nəfərdən 5-nə lazım olsun. Lazımlılıq prinsipi məni jurnalistikaya gətirdi, ixtisasca iqtisadçıyam, bakalavr, magistr dərəcəsini fərqlənmə ilə bitirmişəm. O peşənin dalınca getmədim. Jurnalistikaya gəldim, bu peşəni sevdim və peşman da deyiləm. İndi Ayaz Mirzəyev varsa, məni kimsə tanıyırsa, siz məni bu müsahibəyə dəvət etmisinizsə, jurnalistikaya borcluyam. Mən İqtisad Universitetində oxuyanda iqtisadi jurnalist axtarırdılar, mən də universitetdən seçilmiş bir neçə tələbədən biri idim. Gəldim iqtisadiyyat xəbərlərindən başladım, siyasət xəbərlərinə keçdim, arada kriminal xəbərləri də, mədəniyyət xəbərlərini də işlədim. Universal əsgərə çevrildim. ANS-də əslində jurnalist universal əsgər idi, hər xəbəri yazmağı və aparıcılığı da bacarmalı idi. Ən qəribəsi odur ki, uşaq vaxtı atam və anam tərəfindən mənə kinayəli irad bildirilirdi ki, məktəbdə uşaqlar şəkil çəkdirəndə niyə arxada dayanırsan? Ancaq gözlərin, saçın görünür. Deyirdim, boyum uzundur, ona görə də arxada dayanıram. Əslində isə çox vaxt özüm istəmirdim. Gəldim televiziyaya və hər gün 9 milyonun qarşısına çıxırdım. Bu da həyatın qəribə sürprizidir... - Bir neçə sənədli filmin ssenari müəllifi, redaktorusunuz. Sizdə film çəkməyə maraq necə yarandı? Hazırda hansı film üzərində işləyirsiniz? - Əslində televiziyada işləyəndə də filmlər çəkirdim. Üzərində işlədiyim, 5 ölkədə çəkilmiş “888 – Sonun başlanğıcı” filmi var idi ki, Tbilisidə beynəlxalq müsabiqədə ikinci yeri tutmuşdu. Film 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən bəhs edirdi. İlk və ən çox məni motivasiya edən bu film oldu. O film üçün Şevarnadze ilə, bir çox məşhur şəxslərlə Rusiyada, ABŞ-də, Strasburqda müsahibələrimiz oldu. Sonra da kiçik filmlər çəkdik. Ondan sonra filmlər üzərində işləməyə başladım. “Biz” filminin redaktorlarından biri mənəm. Bu, Bakı Media Mərkəzinin 2020-ci ildə ərsəyə gətirdiyi ən təsirli filmlərdən idi. “Şuşa, sən azadsan!” filmi ilə bərabər təqdimatı olmuşdu. Bundan savayı, “Parabüzən” filmi var. Çox təsirli filmdir, mən özüm üçün orada Laçını və Kəlbəcəri kəşf elədim. İlk dəfə idi ki, Laçına ayaq basırdım. 30 il ərzində insan ayağı dəyməyən ərazilərə getdik. Laçında 54 gün ərzində mağarada, dağda 19 nəfər Azərbaycan vətəndaşının 1-ci Qarabağ müharibəsi dövründə mühasirədə qalması haqqında idi. O film də maraqla qarşılandı. Sənədli filmlə məşğul olanda mən bir neçə insanın hekayəsinə daxil oluram. Filmi işləyəndə sanki zaman maşınına minib o dövrə ekskursiya edirəm. Bu, məni filmlərdən əldə etdiyim qonorardan daha çox motivasiya edir. Henri Fordun ifadəsidir, deyir, ən gözəl iş ödənişli hobbidir. Mən sənədli film hazırlanmasını hobbi olaraq çox sevirəm və üstəlik, qonorar alanda da çox sevinirəm. Əsas isə bir hekayəni insanlara çatdırıram. - Şevarnadze ilə görüşünüzdən danışdınız. Ondan başqa, keçmiş İsrail Prezidenti Şimon Pereslə, digər siyasətçilərlə, prezidentlərlə müsahibələriniz olub. Həmişə xatırladığınız ən maraqlı müsahibiniz kimdir? - Fərqli insanlarla müsahibələrim olub, hər birindən hansısa fikri yadıma sala bilərəm. Məsələn, Şevarnadze ilə müsahibədə dedi ki, Azərbaycana münasibəti tam fərqlidir. Sanki ikinci vətənidir. Buna da səbəb bütün hakimiyyəti illərində azərbaycanlıların ona dəstək verməsini göstərdi. O azərbaycanlıların səmimi, sözübütöv və cəsarətli olduqlarını xüsusi vurğuladı. Bu sözlər mənə çox xoş təsir etdi. İsrail Prezidenti Şimon Peresdən Qüdsdə müsahibə götürmüşdüm. Onun bir sözü çox xoşuma gəldi. Ərəb dövlətləri ilə olan ədavət haqqında dedi ki, biz diqqətlə baxsaq, həm ərəb irqi, həm İsrail oğulları vahid bir atanın övladlarıdır, İbrahim peyğəmbərin nəslindən gəlirlər. Əgər belədirsə, bizim ədavətimiz də çox çəkməyəcək və gec-tez barışacağıq. Bu müsahibələr jurnalist kimi mənim həyatımın şansı idi, mənim onlarla üzbəüz oturmağıma yardım eləmişdi. Bəlkə də, başqa peşəni seçsəydim, heç vaxt belə böyük bir nailiyyəti qazana bilməzdim. Məni motivasiya edən də bu idi. - Xatırlayıram, o vaxt televiziyada çalışanda çəkiliş heyəti ilə qəzaya düşmüşdünüz. İşinizin bilmədiyimiz başqa hansı çətinlikləri var idi? - Əslində jurnalistika işi bir çağırışdır, sən hər an hər şeylə üzləşə bilərsən. Məsələn, mən Misirdə olanda canlı efirə çıxmalı idim, səsim batmışdı. Kiyevə Prezident seçkiləri ilə bağlı getmişdim, qayıdanda təyyarəmiz pis hava şəraitinə görə eniş edə bilmirdi, məcburən gedib Türkmənistanda eniş etmişdik. Bunlar özü də bu işi sevdirir, bunsuz mümkün deyil. Jurnalist bunu qəbul eləməlidir. - Köhnə çəkilişlərinizi saxlayırsınızmı? - Əlbəttə, saxlayıram, baxıram. O dövrün Ayazına baxıram, yanaşmasına baxıram. Razılaşmadığım məqamlar da çox olur. İndiki ağlım və təcrübəm o dövr olsaydı, “bunu başqa cür edərdim” dediyim anlarım olur. O dövrün materialları mənim üçün mənəvi hədiyyədir. O videoları, reportajları heç nə yenidən təkrarlaya bilməz axı. O, keçmişdən gələn səsdir. Mən hərdən o səsə qulaq asmağı xoşlayıram. - Bir neçə il əvvəl Nazirlər Kabinetinə mətbuat katibi təyin olundunuz və qısa zamanda da həmin vəzifədən getdiniz. Səbəb nə idi? - Nazirlər Kabinetinə dəvət olundum. Bu, mənim üçün yeni və məsuliyyətli iş idi. Bunu orada işə başlayandan sonra başa düşdüm. Sərbəst jurnalistika ilə dövlət məmuru olaraq işləmək tam fərqli idi. Həmin iş mənim üçün böyük bir təcrübə oldu. Bəzən deyirəm ki, nə yaxşı, o təcrübədən keçdim, dostlar qazandım. Artıq dövlət məmuru kimi çalışaraq dövlət siyasətinə də çox yaxşı bələd oldum. Ona qədər elə bilirdim ki, hər şeydən xəbərim var. Məmur kimi çalışandan sonra başa düşdüm ki, siyasi yanaşma necədir. Bir çox məsələlər təmkin, səbir, uzaqgörənlik, diplomatik yanaşma tələb edir. Dövlət işi mənə yeni keyfiyyətlər göstərdi. O dövrü ancaq müsbət xatırlayıram. Bu da bir təcrübə idi. Qısamüddətli və ya uzunmüddətli olmasını beynimdən keçirmirəm. - Son vaxtlar sizi həvəskar alpinist kimi də görürük. Dağa dırmanmaq hobbidirmi? Kənardan asan görünür, əslində çox təhlükəlidir. Dağa qalxan zaman hər hansı narahatlıq keçirmirsiniz ki? - Xüsusi olaraq alpinizmlə məşğul olmuram, mənim qalxdığım zirvələr o qədər də yüksək deyil. Amma mən bu işə həvəsliyəm və tədricən məşğul oluram. Bu həvəsi məndə Nepala olan səfərim oyatmışdı. Katmanduda 8 min metrlik Everest zirvəsinin yerləşdiyi ərazidə olmuşdum. Oradakı ab-hava, aura mənə o qədər təsir eləmişdi ki, maraq yaranmışdı. İnsanlar illərlə belə zirvələrə qalxmaq üçün təcrübə yığırlar, özlərini mənəvi hazırlayırlar. Mən bir neçə kiçik zirvəyə qalxmışdım. Artıq düşünürəm ki, orta məsafələrə qalxmaq olar. Məhz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 2023-cü ildə qərara gəldim ki, Heydər zirvəsinə qalxım. Əslində həm Heydər zirvəsi, həm də ona yaxın olan Atatürk zirvəsi çətin fəth olunan zirvələrdəndir. Qismət elə gətirdi ki, hava şəraitinin çox pis olduğu vaxtda bu zirvəni qalxmalı olduq. Dayanmadan qar və leysan yağması bizə əslində o zirvəni keçilməz edirdi. Nə ilə üzləşdiyimizi tam anlaya bilmirdik. 25 nəfər idik, özümüzdə cəsarət tapıb zirvəyə qalxdıq. Arxaya boylananda gəldiyimiz yollar duman idi və dizdən yuxarı qarla örtülü idi. Düşünsək ki, geri qayıtmalıyıq, zirvəyə qalxa bilməzdik. 3751 metr Heydər zirvəsi, 3756 metr Atatürk zirvəsi idi. Bu səfərə də xüsusi hazırlıq görmüşdüm. Çox çətin keçdi. Bu il 40 yaşım olur. Özümə söz vermişdim ki, əvvəl edə bilmədiyim bəzi nailiyyətləri qazanım. 22 km marafonu qaçdım və ilk bu məsafəni qət edən jurnalistlərdən biri oldum. Dalınca zirvə, bundan sonra da hansısa nailiyyətlər olacaq. Məqsədlərim çoxdur, sakitcə onlara nail olmağa çalışıram. - Bir neçə il əvvəl müsahibənizdə demişdiniz ki, qəzetlərin əsasən məqalələrə, araşdırmalara deyil, xəbərlərə üstünlük verməsi sizi qane etmir. Mətbuat Şurasının rəhbəri olsaydım, fərqli beyin məhsulu ortaya qoyardım, internetlə bağlı yeni bir layihə fikirləşərdim. O layihələri fikirləşə bildinizmi? - Amerikalı fikir sahibi Mortier Adelenin belə bir sözü var: “Telefon kitabçasında çox sayda fakt var, amma xüsusi bir fikir yoxdur”. Mənə elə gəlir ki, qəzet də, sayt da telefon kitabçasına bənzəməməlidir. Orada yazarların öz fikirləri olmalıdır. Qəzetlərin, medianın xüsusiyyəti odur ki, orada mütləq şəkildə fərqli yanaşmalar, düşüncələr olmalıdır. O artıq medianı, qəzeti sənə maraqlı edəcək. İndi də o sözümün üstündə dayanıram, mən çox xoşlayıram fərqli imzaları olan jurnalistlərin qəzetlərdə məqalələrini oxuyum. Yalnız faktların, məlumatların qeyd olunması anlaşılan deyil. Mən düşünürəm ki, artıq bir çox qəzetimiz əvvəlki kimi deyil, müəyyən dəyişikliklər var, onlar bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşıblar. Eyni zamanda yeni yaradılmış MEDİA Agentliyinin də bununla bağlı tələbləri var. O zaman bunları görmürdüm... - Çoxu jurnalistikaya tramplin kimi baxır. Gəlir, bir müddət işləyir, sonra hansısa dövlət qurumuna vəzifəyə gedir. Jurnalistin belə niyyətdə olması normaldırmı? - Misal üçün, mən jurnalistikaya tramplin kimi baxmamışam, heç ağlımın kiçik hissəsindən belə fikir keçməyib. Həmişə qabağıma hansısa imkan çıxıb və o imkanı dəyərləndirmişəm. Məsələn, jurnalist olmaq imkanı olub və ya aparıcı olmaq imkanı yaranıb, dəyərləndirib getmişəm. Bayaq dediyiniz kimi, dövlət məmuru olaraq mətbuat katibi işləmək imkanı oldu o işin dalınca getdim, təcrübə qazandım. İstisna etmirəm ki, kimlərsə buna həm də tramplin kimi baxır. Bir insanın intellektual səviyyəsi, biliyi və bacarığı onun yol xəritəsini cızır. Sən istənilən niyyəti qarşına qoyanda, bilik, bacarığın nə qədərdirsə, hədəfə də o niyyətlə çatırsan. - Xarici dilləri bilirsiniz, yəqin ki, xarici mətbuatı çox oxuyursunuz. Bizim xəbər standartları nə qədər beynəlxalq standartlara uyğunlaşa bilib? - Mən hazırda xarici xəbər saytlarından çox bizim saytları oxuyuram. Gənc olduğumuz vaxtda xəbər saytı az idi. Bizim saytlarda peşəkarlıq səviyyəsi çox artıb. Komandalarda işləyən gənclərimiz bir neçə dil bilirlər. Beynəlxalq xəbər şəbəkəsində maraqlı xəbərləri düzgün götürüb yerləşdirə bilirlər. Sizin saytınızı götürək, fərqli yanaşma tərziniz var, mənim çox xoşuma gəlir və hər gün oxuduğum saytlardan biridir. Daha çox öz yerli saytlarımızı oxuyuram. Mənim xəbər nigaranlığımı bizim öz milli saytlarımız ödəyir. Xarici saytlara beynəlxalq səviyyədə baş verən hadisələrlə bağlı baxıram. Bizim aparıcı saytlarda işləyən çox peşəkar gənclər var. Onlar xəbəri göydə tuturlar. Çəkilişdə göstərdiyi dəstəyə görə Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Zeyd” restoranına təşəkkür edirik. Gülnar Əliyeva Foto-Video: Xəyal Vəlizadə
Geri dön |