Ana Sayfa > Karusel / Region > Priqojin kimdir? - Ruslar ona “Putinin aşpazı” deyir
Priqojin kimdir? - Ruslar ona “Putinin aşpazı” deyir24-06-2023, 20:23. Yazar: Admin |
Bu gün dünyanın gündəmini Rusiya təşkil edir desək, yanılmarıq. Yevgeni Priqojinin rəhbərliyi ilə “Vaqner” özəl hərbi qruplaşmasının bir anda Rusiya hakimiyyətinə qarşı çıxması və bunun fonunda baş verən hadisələr dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bəs, Priqojin kimdir? “Qafqazinfo” bu məqamda onun kimliyi və fəaliyyəti barədə bəzi maraqlı məqamları oxucularla bölüşür. Rusiyalı iş adamı 1961-cı ildə Leninqradda (Sankt-Peterburq) doğulub. O, “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibidir. Bu münaqişəyə qədər Rusiya Prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Onun restoranları və iaşə obyektləri isə Putinin xarici yüksək səviyyəli qonaqlarının iştirak etdiyi şam yeməyinə ev sahibliyi edib. Bu səbəbdən Rusiya mediası onu “Putinin aşpazı” kimi təqdim edir. Sərəncamında on minlərlə yaxşı təlim keçmiş peşəkar döyüşçü olduğunu iddia edən Priqojin 1981-ci ildə soyğunçuluq və hücumda günahkar bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 1990-cı illərdə həbsdən azad edildikdən sonra Sankt-Peterburqda restoran açıb. Priqojinin nəzarət etdiyi “Vaqner” özəl hərbi birləşməsinə gəldikdə isə, qrup Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər. Qrup 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində hücum əməliyyatına cəlb olunub. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub. 2019-cu ildə Priqojinin sərvəti 14,6 milyard rubl qiymətləndirilib. 2016-cı ildə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib. 2016-cı ildən ABŞ-nin, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altındadır. Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Geri dön |