Ana Sayfa > Karusel / Siyasət > Prezidentin MN-in komando hərbi hissəsindən - Fotoları
Prezidentin MN-in komando hərbi hissəsindən - Fotoları23-06-2023, 17:13. Yazar: Admin |
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxıb. Məruzə olunub ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur. Dövlət başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlanıb. Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izləyib. Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxıb. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib. Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edilib. Sonra dövlət başçısı hərbi hissənin sıra meydanına gəlib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunub. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlət başçısı tədbirdə çıxış edib. *** Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxunub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib. Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçib. Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirilib. Dövlət başçısı dağçılıq qülləsi və kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izləyib. Sonda əsgər yeməkxanasına baxış zamanı komandoların ərzaq payı normalarına uyğun ərzaq nümunələri nümayiş etdirilib.
Geri dön |