Ana Sayfa > Karusel / İqtisadiyyat > “Şahdəniz”də yeni kəşfiyyat quyusunun qazılması daha tez bitə bilər

“Şahdəniz”də yeni kəşfiyyat quyusunun qazılması daha tez bitə bilər


22-06-2023, 15:05. Yazar: Admin

“Şahdəniz”də yeni kəşfiyyat quyusunun qazılması daha tez bitə bilər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni kəşfiyyat quyusunun (SDX-8) qazılması planlaşdırılandan daha tez bitə bilər.

Bu barədə Qarabaginfo.az neft-qaz sektorundakı mənbəyə istinadən xəbər verir.

“Qazma işləri yaxşı gedir, hətta qrafik üzrə qabaqlama da var. Amma yenə də proqnozlaşdırmaq çətindir, çünki bu sahədə qabaqlama ola bilər, lakin sonra çətinliklər yarana bilər”, - mənbə qeyd edib.

Yeni quyunun qazılması çərçivəsində artıq hansı dərinliyə nail olunduğu barədə sualı cavablandırarkən mənbə qeyd edib ki, indiki mərhələdə dərinlik o qədər də vacib məsələ deyil, çünki hazırda qazma işləri daha asan və rahat aparıla biləcək zonalarda (geoloji baxımında – red.) gedir, bu zonalara mütəxəssislər yaxşı tanışdır. Lakin sonra qazma daha dərin zonalarda həyata keçiriləcək ki, bu işlər zamanı müxtəlif gözlənilməz, yeni şəraitlərlə və situasiyalar ilə üzləşmə ehtimalı var.

“Hələlik biz qrafiki qabaqlayırıq, çünki biz bu laylarla çox yaxşı tanışıq və artıq iş o qədər yaxşı qurulub ki, hər şey plan üzrə gedir. Ona görə də, indi dərinlik göstərici deyil. Dərinlik məsələsi biz yeni zonaya çatanda maraqlı olacaq. Hər şey yaxşı olarsa, deməli ilin sonu olacaq (qazma bitəcək – red.). Eyni templə getsək, o zaman düşünürəm ki, ilin sonundan da əvvəl ola bilər”, - mənbə vurğulayıb.

Xatırladaq ki, bu ilin yanvarında BP “Şahdəniz” tərəfdaşları adından, “Şahdəniz” müqavilə sahəsində yeni kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edib.

BP-dən verilən məlumata görə, SDX-8 quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun Şahdəniz yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.

Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə tutulur.

Uğurlu olacağı təqdirdə, bu quyu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.

Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun.

Qeyd edək ki, “Şahdəniz” yatağından qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac edilir. Yeni kəşfiyyat quyunun qazılması yatağın imkanlarının daha da dərində öyrənilməsi və ixrac potensialının artırılması məqsədilə aparılır.(Apa)


Geri dön