Ana Sayfa > Karusel / Təhsil > Magistr üçün xaricə üz tutanlar - Ölkədən qaçmaq, yoxsa ixtisaslaşmaq üçün...

Magistr üçün xaricə üz tutanlar - Ölkədən qaçmaq, yoxsa ixtisaslaşmaq üçün...


16-06-2023, 17:41. Yazar: Admin

Magistr üçün xaricə üz tutanlar - Ölkədən qaçmaq, yoxsa ixtisaslaşmaq üçün...

Azərbaycanda magistr təhsili alan tələbələrin sayında artım müşahidə edilir. Magistr təhsili tələbələrə təhsil aldıqları sahə üzrə daha yaxşı ixtisaslaşma imkanı verir. Bu pilləni başa vurduqdan sonra məzunlar mütəxəssis həkim, aspirant mühəndis, elm mütəxəssisi, usta memar kimi adlar alır, həm akademik karyera qurmaq, həm də iş tapmaq və işləmək şanslarını artırır.

 

Son illərdə tələbələrin ali təhsilin bakalavr pilləsini Azərbaycanda başa vuraraq magistr üçün xaricə üz tutumasında da artım qeydə alınıb. Onların bəziləri dövlət xətti ilə, bəziləri isə birbaşa müraciətlə xarici universitetlərdə təhsillərini davam etdirirlər. Ancaq xaricə magistratura üçün gedən tələbələrin bir çoxu ölkəyə qayıtmır və ya daha gec qayıdır.

 

Magistratura üçün xaricə üz tutan tələbələrin sayı niyə artır? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyir ki, bu kimi şəxslərin məqsədi, əsasən, ölkəni tərk edib xaricdə təhsil alaraq orada yaşamaq, şərait qurmaq və iş imkanlarını yaxşılaşdırmaqdır:

 

“Bakalavr təhsilindən sonra magistr pilləsində təhsil almaq istəyənlərin sayı ölkə üzrə artan templə gedir. Yəni biz müşahidə edirik ki, hər il əvvəlki illərə nəzərən magistratura pilləsinə müraciət sayı da çoxalıb. Amma bununla paralel xaricdə təhsil almaq istəyən bakalavrlar da var. Bununla bağlı müəyyən proqram müəyyən olunub ki, məhz bakalvr pilləsi üzrə təhsil almaq istəyənlərə dövlət tərəfindən xüsusi güzəştlər göstərilsin. Amma eyni zamanda xaricdə öz hesabına təhsil almaq istəyənlər də var. Əlbəttə bunların məqsədi daha çox ölkəni tərk edib kənarda təhsil almaq, orda yaşamaq, şəraitini, iş imkanlarını yaxşılaşdırmaqdır. Digər fakt isə budur ki, məhz xaricdə təhsil alanların son dövrdə istər dövlət qulluğu istər özəl sektorda daha asan karyera qurmaq imkanları yaranır. Ona görə də bu amil də nəzərə alınır".

 

Ekspertin sözlərinə görə, digər məsələ isə əksər oğlan bakalvrların hərbi xidmətdən yayınmaq məqsədilə magistratura təhsili almaq istəyidir. 

 

“Bu il ölkə üzrə 23 mindən çox namizəd magistratura pilləsinə qəbul olmaqla bağlı imtahan verib onlardan təxminən 18 min üzəri müsabiqəyə buraxılacaq. Yəni bu da kifayət qədər ciddi rəqəmdir. Onların arasından ayrılan plan yerindən kənarda qalan şəxslər olarsa, həmin halda onlar xaricdə təhsil almağa üstünlük verəcək. Burda bir məqamı da qeyd etmək istərdim ki, xüsusilə oğlan tələbələrin xaricdə, yaxud ölkəmizdə təhsil alma istəyinin başlıca səbəbi hərbi xidmətlə bağlıdır. Bir növ hərbi xidmətdən yayınmaq məqsədi ilə magistr pilləsi üzrə təhsil almaq istəyirlər. Statistikaya baxdıqda magistraturaya müraciət edənlərin əksəriyyətini oğlanların təşkil etdiyini görmək mümkündür", - ekspert vurğulayır.

 

Təhsil eksperti Kamran Əsədov isə təhsil və təcrübə baxımdan xarici universitetlərin Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstün olduğunu düşünür.

 

“Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirmək deməkdir. Əslində bir çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan məsləhət alırıq. Amma məsələ budur ki, insanlar magistratura mərhələsini ya xarici ölkələrdə, ya da dövlət universitetlərində oxumaq seçimi qarşısında qalırlar. Onu əlavə etmək olar ki, çox gənc xarici universitetlərdən qəbul ala bilməsə, magistratura oxumaqdan vaz keçir. Səbəb isə dövlət universitetlərində bu təhsilin yaxşı olmaması və heç nə əldə edilməməsidir".

 

Kamran Əsədov hesab edir ki, magistraturanı xaricdə oxumaq daha yaxşıdır, təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür.

 

"Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir. Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil, amma o ixtisaslar bir neçə ildən sonra dünya əmək bazarında ən əhəmiyyətli ixtisaslar olacaq. Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Hesab edirəm ki, xarici ölkələrdə magistr təhsili almaq istəyənlər bu ixtisaslara daha çox üstünlük verməlidirlər".

 

Ekspertin sözlərinə görə, Azərbaycanda magistr təhsili formaldır və əgər akademik karyera nəzərdə tutulmursa, lazım da deyil.

 

“Qeyd edim ki, doğru universitet və bakalavr ixtisasına uyğun doğru fakultə seçməklə uğurlu olmaq mümkündür. Eynən bakalavr təhsilindəki kimi. Əgər xarici universitetlərdən müsbət cavab ala bilməmisinizsə, ya da magistr dərəcəsi almaq üçün getdiyiniz ölkənin təhsil imkanlarının sizə nə isə qatacağınızı düşünmürsünüzsə, niyə də də olmasın?! Təəsüf ki, elə tələbələr var ki, bakalavr təhsili zamanı orta balı yaxşı olmur. Onlar da magistr pilləsində təhsil almaq istiqamətində hazırlaşanda imtahanlarda qənaətbəxş nəticə əldə etmirlər. Bu gün dünyada magistr proqramları çox çevik şəkildə yenilənir, sənaye və ictimaiyyətin tələbi tez bir zamanda bu proqramlarda öz yerini tapır. Eyni zamanda, magistrların elmi-pedaqoji və istehsalat təcrübələrinin formal olaraq deyil, ciddi şəkildə tətbiq edildiyi universitetləri tərcih etmələri onlar uçun faydalı olar. Magistrantlar mübadilə proqramlarından fəal istifadə etməli, Azərbaycan və xaricdə təcrübələrdə, təlimlərdə aktiv iştirakçı olmalıdırlar. Onlar gələcəyin elm adamları olacaqlarından dolayı elmi konfranslarda və elmi nəşrlərdə fəaliyyətləri olmalıdır.

 

Qeyd edim ki, artıq bir çox universitetlərdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir və tələbələr magistr təhsili aldıqları ixtisasa uyğun iş taparlarsa, bu, onların akademik təhsilinin praktikada tətbiqinə imkan verər. Bir də, magistr tələbələri mütləq kompüter texnologiyaları və xarici dilləri də mükəmməl öyrənməlidirlər. Beləliklə onlar gələcək elmi fəaliyyətlərində daha da uğurlu olarlar.


Amma etiraf edək ki, Azərbaycanda magistr təhsili formaldır, əgər akademik karyera nəzərdə tutulmursa lazım da deyil. Təhsil də qənaətbəxş deyil. Ona görə də kütləvi şəkildə xaricdə magistr təhsilinə yönəliblər. Hazırda magistr pilləsi üzrə təhsilin vəziyyəti qane etmir. Çünki dərsliklər və metodika çox köhnədir. Nə magistr, nə bakalavr təhsili ürəkaçan deyil. Ali məktəblərdən bəlkə bir ya ikisi güclü təhsil siteminə malikdir. Ümumi təhsil vəziyyətini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, magistrın heç bir önəmi yoxdur.

 

Xaricdə magistr təhsili almaq bakalavrlara tamamilə xarici dil mühiti ilə əhatə olunma imkanı yaradacaqdır. Qeyd edim ki, yeni  dil öyrənməyin ən effektiv üsulu məhz həmin dilin danışıldığı ölkədə yaşamaqdır. Həm gündəlik həyatlarında, həm də universitetdə dil bacarıqlarını təkmilləşdirə bilər və beləliklə də akademik təcrübə ilə yanaşı danışıq dilini də mükəmməl öyrənə bilərlər”. modern.az

 


Geri dön