Ana Sayfa > Karusel / Siyasət > Spiker: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin ən böyük arzusu şərəflə yerinə yetirilib
Spiker: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin ən böyük arzusu şərəflə yerinə yetirilib14-06-2023, 10:33. Yazar: Admin |
“Sabah xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş iclasında spiker Sahibə Qafarova bildirib. Sahibə Qafarova deyib ki, mayın 16-da Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib: “Bu gün keçirilən iclasda isə Heydər Əliyevin 1993-cü ildən başlayan xilaskarlıq missiyasından danışmaq istəyirəm. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməlini qoyub və qoruyub. Heydər Əliyevin həyatı xalqı yolunda çətinliklərə dözməklə yadda qalıb. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və banisi olduğu kimi, bugünkü parlamentin də banisidir. Fəxr edirik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Milli Məclisdən başlayıb, 4 ay parlamentə rəhbərlik edib. Heydər Əliyevin parlamentə rəhbərlik etdiyi dövrdə 96 qanun və qərar qəbul edilib”. Spiker qeyd edib ki, o vaxtkı Prezident Əbülfəz Elçibəy Bakını tərk edib və parlamentin çağırışına baxmayaraq, paytaxta qayıtmayıb: “Buna görə 1993-cü il iyunun 24-də Ali Sovetin sədri kimi Heydər Əliyev Prezident səlahiyyətlərinin icrasına başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkidə Heydər Əliyev prezident seçilib”. Sahibə Qafarova bildirib ki, Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb: “Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Heydər Əliyevin ən böyük arzusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə şərəflə yerinə yetirilib, torpaqlarımız işğaldan azad edilib”. Milli Məclisdə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açan spiker bu günlərdə Ümummilli liderə həsr olunmuş 3 cilddən ibarət növbəti kitabın dərc olunduğunu nəzərə çatdırıb: “Eyni zamanda parlament jurnalının xüsusi nömrəsi dərc olunub. Dünya durduqca Azərbaycan var olacaq, Azərbaycan var olduqca Heydər Əliyevin ideyaları da yaşayacaq”. Daha sonra Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan parlamenti” 3 cildən ibarət kitab Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunub. Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur. “Heydər Əliyev - Zamanın fövqündə” filminin də ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə, əsasən, Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edilir. Geri dön |