Ana Sayfa > Karusel / Dünya > Ermənistan azərbaycanlı əsirlərlə görüşə İCAZƏ VERMİR

Ermənistan azərbaycanlı əsirlərlə görüşə İCAZƏ VERMİR


7-06-2023, 11:23. Yazar: Admin

 

Ermənistan azərbaycanlı əsirlərlə görüşə İCAZƏ VERMİR

Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir neçə gün əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

 

Ermənistanda saxlanılan əsirlərlə bağlı son xəbəri ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) onların ailələrinə çatdırıb. Əsir hərbçilərin yazdıqları məktublar Bakıya göndərilib, lakin ailələrin telefon əlaqəsi saxlamaq tələbi yerinə yetirilməyib.

 

Qarabaqinfo.az-ın əməkdaşı Hüseyn və Aqşinin ailələri ilə əlaqə saxlayaraq onların durumu ilə maraqlanıb.

 

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bir həftə ərzində xoş xəbər eşitmək arzusunda olduğunu deyib.

 

“Biz dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edik. Komitəyə bildirdik ki, artıq dözməyə gücümüz qalmayıb, bizə heç olmasa bir videogörüntü təqdim etsinlər, ya da telefonla danışaq. Mən bir ana kimi çox narahatam. Onlar isə bildirdilər ki, Ermənistan tərəfi buna razı deyil. Mənim oğlumdan 2 aydır ki, heç bir xəbər yoxdur. Əgər ölübsə, ölüsünü versinlər. Oğlum 9 ayın əsgəridir. 61 gündür düşmən əlindədir. Övladım öz yurdunda, ocağında deyil, ermənilərin əsarətindədir. Heç olmasa bizə desinlər ki, övladınız sağdır. Dərddən nə yemək yeyə, nə yata bilirik. Elə vəziyyətdəyəm ki, digər övladlarıma da baxa bilmirəm. Bir həftə ərzində xoş xəbər eşidə biləcəyimizi dedilər. Dünən nazir Ceyhun Bayramovun çıxışını izlədim. O da bu məsələ ilə məşğul olduqlarını dedi. Ombudsman Səbinə Əliyeva da əsirlərin qaytarılmasını tələb edir. Demək olar ki, bütün qurumlar hərəkətə keçib, lakin Ermənistan tərəfi onları qaytarmaqdan imtina edir, görüşə icazə vermir. Artıq sözün bitdiyi yerdəyik, tükənmişik. Ancaq dərmanlarla qidalanırıq", - əsir əsgərin anası vurğulayıb.

 

 

Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini vurğulayıb:

 

“Heç nədən xəbərimiz yoxdur. Bircə onu eşitmişik ki, ayın 9-da məhkəməsi olacaq. Bunu da xəbərlərdə eşitmişik. Artıq 2-ci ayı keçib, bizə BQXK məlumat vermir. Dünən Qırmızı Xaç Komitəsində idik. Deyildi ki, heç bir xəbər yoxdur. Onu da bildirdilər ki, Ermənistan tərəfi görüşə icazə verməyib. Narahatlıqdan ürəyimiz partlayır".


Geri dön