Ana Sayfa > Karusel / Sosial > Məktəbə getməyib aborta gedən qızlar: Onlar kimdən hamilə qalır? 

Məktəbə getməyib aborta gedən qızlar: Onlar kimdən hamilə qalır? 


6-06-2023, 13:25. Yazar: Admin

Məktəblilər arasında “Yol hərəkəti qaydaları və mən!” bilik yarışı keçirilib

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub. 

Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb. 

Bəs görəsən, bu qədər yeniyetmələrin aborta getməsinin səbəbi nədir? Statistika reallığı əks etdirirmi? Abortların sayının çox olması erkən evliliyin, yoxsa təcavüzlərin nəticəsidir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu statistika 2021-ci ilin statistikasından daha azdır və bu o deməkdir ki, bu sahədə gedən işlər özünü doğruldur: 

"Bu dəfəki statistikada rəqəmlər bir az aşağıdır, keçən dəfəki statistika 2700 idi. Demək ki, iş gedir, vəziyyət yaxşıdır. Ümumiyyətlə, bu statistikada dəqiqləşdirmə aparmaq lazımdır. Bu cür statistika açıqlamaq həmişə mübahisəli məqamlar yaradır. 15-19 yaş arası qızların ümumi sayını bilsək, bilərik ki, çoxdur, ya az. Əgər bu abortlar erkən nikahdırsa, bu, o qədər də inandırıcı görünmür, çünki bilirsiniz ki, bizim ənənədə ilk uşağı abort etmək yoxdur. Həmişə valideynlər bundan ehtiyat edirlər ki, sonra uşaq olmaz, qız sonsuz qalar və s. 

Belə olan halda, sual olunur ki, bu nəyin statistikasıdır? Bu abortların səbəbkarı zorlamadırmı? Yenə deyirəm, 15 yaşda qızlar arasında aborta gedənlərin sayı əgər 10 nəfərdirsə, ehtimal oluna bilər ki, arzuolunmaz hamiləlik olub, uşaq davranışında idarəedilməz olub, yaxud zorlama olub və s. Amma erkən nikah dövründə ilk uşağın abortu ağlasığan deyil. Bu, çox nadir hallarda ola bilər". 

Ekspert bildirib ki, bu tip statistikalar detallı açıqlanmalıdır ki, belə halların qarşısının alınması üçün tədbir görmək mümkün olsun:

"Ona görə hər dəfə deyirik ki, statistika açıqlananda mütləq kateqoriyalara bölünsün. Kənardan da baxanda bu məsələ mübahisəli görünür. Beynəlxalq təşkilatlar da bu statistikalara baxır. Düzdür, bu, onlar üçün normaldır. Onlar üçün 15 yaşlı qızın doğması, yaxud abort etdirməsi normaldır, lakin bizdə belə deyil. Ona görə bizim üçün dəqiqləşdirmə aparılması yaxşı olar. Çünki 15-16 yaşda qızın aborta getməsi başqa göstəriciləri özündə əxz edir. Amma yenə deyirəm, hiss olunur ki, sayda azalma gedir və bu, yaxşı göstəricidir. 

Bu məsələdə uşaqların hansı situasiyada olması da maraq doğurur, həmin yeniyetmələr asosial ailələrdənmi olub, yaxud ailəyə yad kişi gəlib-gedib və ya qohumlar tərəfindən bu hamiləliyə qalma olubmu, uşaq evdən qaçıbmı, uşaq erkən cinsi münasibətə başlayıbmı və s. bunlar hamısı sual doğurur. Bunları dəqiqləşdirmək lazımdır ki, gələcəkdə bu sahədə iş gücləndirilsin. 

Statistika Komitəsi və yerli qurumlar bu məlumatları mütləq dəqiq verməlidir. Onlar bu məlumatları QHT Agentliyinə verməlidir ki, bu, artıq S.O.S siqnalıdır, belə təhlükə var. Onlar da bu məlumatlara əsasən dəqiqləşdirməlidir ki, 15-17 yaşlı qızlar arasında hansı maarifləndirmə işləri aparmaq lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, istənilən statistikada həmin qurumlar məlumatı digər qurumlara verməlidir ki, onlar qabaqlayıcı tədbir görsünlər. Yəqin ki, komitədə bu haqda detallı məlumatlar var, yaxşı olar ki, komitə bu məlumatları açıqlasın və sifariş versin ki, bunun qarşısını almaq mümkün olsun". 


Geri dön