Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycandan amnistiya vədi: Araik və əlaltılarının aqibəti necə olacaq?

Azərbaycandan amnistiya vədi: Araik və əlaltılarının aqibəti necə olacaq?


1-06-2023, 16:58. Yazar: Admin

Azərbaycandan amnistiya vədi: Araik və əlaltılarının aqibəti necə olacaq?

Sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın Qarabağ erməniləri üçün amnistiya elan edəcəyi gözlənilir.

Bu humanist aksiya kimlərə şamil olunacaq? Azərbaycanlılara qarşı hərbi cinayət törətmiş şəxslər də amnistiyadan yararlana biləcəklərmi? Konkret olaraq Arutyunyan, Balasanyan, Babayan və digər canilər məsuliyyətdən kənarda qala bilərmi?

Qeyd edək ki, erməni KİV-ləri sülh müqaviləsi imzalanandan sonra başda Araik Arutyunyan olmaqla, azərbaycanlılara qarşı soyqırımı törətmiş bütün separatçı liderlərin qanun qarşısında cavab verəcəyini iddia edir.

Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Elxan Şıxəliyev suallara aydınlıq gətirib:

“Əgər onların bu çağırışa yanaşması müsbət olarsa, yəni istədiyimiz keçidi təmin etsələr, tam amnistiya tətbiq oluna bilər. Yaxud separatçı rejimin “rəhbər”liyində təmsil olunanların, xüsusən də 44 günlük müharibədə ərazilərimizi kasetli və “İsgəndər” raketləri ilə bombalayanların, habelə mülki əhalinin məhv edilməsi əmri vermiş rəhbər heyətin cinayət məsuliyyətinə cəlb olunması birtərəfli qaydada həyata keçiriləcək”.

Polkovnikin fikrincə, indidən 44 günlük müharibə iştirakçılarına qarşı cinayət işi açılması əks tərəfdə mənfi rəy yaradacaq:

“Doğrudur, İkinci Qarabağ müharibəsində əsas əmrləri Ermənistanın hərbi-siyasi rəhbərliyi verib, lakin reallıq budur ki, bu gün Qarabağda olan Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Samvel Babayan, Vitali Balasanyan və s. bölgədəki əhalinin yalnız 10%-ini təşkil edir. Əgər onlar da bir daha silahlı münaqişəyə meyl etməyəcəyinə dair and içib, ambisiyalarından əl çəksə, bu zaman onlara amnistiyanın digər formasını tətbiq etmək mümkündür”.

Mütəxəssis düşünür ki, tam amnistiya ancaq bu şərtlə ola bilər ki, separatçılar Azərbaycanı tərk etsin:

“Elə insanlar olub ki, müharibədə iştirak edib, daha sonra  Azərbaycanla əməkdaşlıq edib. Yaxud səhra komandirləri var idi ki, meyitlərin və əsirlərin dəyişdirilməsində iştirak edib.

Bu gün separatçı rejimin “hakim dairə”lərində təmsil olunanlar onsuz da xalqı əsarətdə saxlayır və onları qorxudurlar. Tam amnistiya bir şərtlə ola bilər ki, Prezidentin çıxışındakı məqamlar təmin olunsun. Əks təqdirdə, siyahını fərdi qaydada – komanda verənlərə, icraçılara yox – təşkil edəcəyik.

Bu gün siyahını konkretləşdirmə düzgün olmaz. Daha çox qarşı tərəfin reaksiyasına, zamana və atılacaq addımlara fikir verməliyik. Ondan sonra fərdi və ya ümumi qaydada qərar qəbul etmək  asan olacaq: amnistiya, yaxud antiterror əməliyyatı”.(Yenisabah)


Geri dön