Ana Sayfa > Karusel / İqtisadiyyat > Kənd təsərrüfatına dəymiş zərərlə bağlı 700 müraciət
Kənd təsərrüfatına dəymiş zərərlə bağlı 700 müraciət1-06-2023, 16:28. Yazar: Admin |
Mayın 31-də Azərbaycanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.
Aqrar Sığorta Fondundan Qarabaqinfo.az-a verilən məlumata görə, ötən gün baş vermiş hadisələrlə bağlı 1651 Çağrı Mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır.
"Göyçay rayonunda güclü külək, fırtına xurma və alça bağlarına ziyan vurub. Yağan intensiv yağışlar Şəmkir rayonu ərazisində arpa sahələrində subasmaya səbəb olub. Güclü külək və yağış İsmayıllı rayonunda da ciddi fəsadlar törədib. İnfrastrukturla yanaşı, taxıl və bostan sahələrinə, meyvə bağlarına zərər dəyib. Güclü küləyin Ağcabədi rayonunda alça bağlarına ziyan vurduğu barədə müraciət daxil olub. Cəlilabadda, Xocavənddə arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nəticəsində zərər dəyib. Bölgələrdə hazırda fəsadların aradan qaldırılması və dəymiş zərərin müəyyən edilməsi istiqamətində işlər görülür.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır.
Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 Çağrı Mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.
Respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində aprel ayından başlyaraq kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı müraciətlər artıb. Təkcə may ayında 1651 çağrı mərkəzinə 42 rayondan 337 müraciət daxil olub. Ümumiyyətlə, ilin əvvəlindən 1651 Çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub", - deyə məlumatda qeyd olunub. Geri dön |