Ana Sayfa > Karusel / Siyasət / Dünya > Özdağ niyə Ərdoğanı yox, Kılıçdaroğlunu SEÇDİ?

Özdağ niyə Ərdoğanı yox, Kılıçdaroğlunu SEÇDİ?


25-05-2023, 17:52. Yazar: Admin

 

Özdağ niyə Ərdoğanı yox, Kılıçdaroğlunu SEÇDİ?

Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirilməsinə cəmi iki gün qalıb. Mayın 28-də baş tutacaq həlledici seçimlərdə AKP lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kamal Kılıçdaroğlu mübarizədə aparacaq.

 

Seçkilərin ilk turundan sonra bütün diqqətlər ATA ittifaqının namizədi, Azərbaycan əsilli Sinan Oğana yönəlmişdi. İlk dəfə prezident seçkilərində namizəd qismində iştirak edən Oğanın 5 faizdən çox səs alması həm iqtidar, həm də müxalif düşərgədə xeyli müzakirələrə səbəb olmuş, onun ikinci turda kimi dəstəkləyəcəyi sualını gündəmə gətirmişdi.

 

Nəhayət, Sinan Oğan Ərdoğanı dəstəklədiyini bəyan edərək, bütün tərəfdarlarını AKP liderinə səs verməyə çağırdı. Ardınca onun ATA ittifaqında müttəfiqi olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kılıçdaroğlunun yanında olduğunu açıqladı. 

 

Maraqlıdır, eyni düşərgədə təmsil olunan Oğanla Özdağın fərqli baxış sərgiləməsi nədən irəli gəlir? Bu, tərəflərin siyasi oyunu ola bilərmi? 

 


Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan siyasi şərhçi Nazim Cəfərsoy son bir həftədə müxalifət cəbhəsində durğunluq olduğunu deyib.


"Bunun səbəbi Kılıçdaroğlu və komandasının ikinci turu nəzərə almamasıdır. Onlar birinci turun şokunu üzərlərindən ata bilmədilər. Həmçinin, bu vaxt ərzində hansı addımları atacaqlarını məsləhətləşdilər. Kılıçdaroğlu və komandası ATA ittifaqı ilə görüşlər keçirdi, seçki kampaniyasını aparan komandanı dəyişdirdilər. Son 2-3 gündə isə Kılıçdaroğlu namizədliyini videolarla aktual saxlamaq istəyirdi. Lakin Ümit Özdağın ittifaqa qoşulması ilə "Millət İttifaqı"nda dinamika müşahidə edilir",- deyə politoloq bildirib.

 

N.Cəfərsoy vurğulayıb ki, Ümit Özdağ indiki hakimiyyətlə qaçqınlar mövzusunda razılaşmadığı üçün Kılıçdaroğlunu dəstəkləyir:

 

"Əslində seçkidən əvvəl ATA ittifaqının, Sinan Oğanın və Ümit Özdağın ümumi strategiyası həm iqtidarı, həm də müxalifəti tənqid etmək idi. Sinan Oğan və Ümit Özdağ iki tərəfi də tənqid edərək, onlardan səs alırdı. Həmçinin, onlar türk milliyyətçiliyi və Atatürk xətti ilə yola çıxmışdılar. Sinan Oğan və Ümit Özdağ açıqlama vermişdilər ki, onların məqsədi ikinci tura qalmaq və seçkini qazanmaqdır. Həmçinin, əlavə etmişdilər ki, ikinci tura qala bilməsələr, təkliflərinə "hə" deyən namizədi dəstəkləyəcəklər. Siyasilərin təklifləri arasında ən başlıcası qaçqınlar, digərləri isə terrorçularla bağlı olan məsələlər idi. ATA ittifaqının iki lideri arasında fikir ayrılıqları yarandı. Sinan Oğan gündəmi Ərdoğanla apara biləcəyini düşünüb, onunla görüşlər keçirdi. Ümit Özdağın milliyətçilik, terrora qarşı mübarizə və başqa mövzularda Oğanla fikirləri eyni idi, ancaq qaçqınların ölkələrinə qaytarılması məsələsində hakim partiyanın planı Özdağı razı salmadığı üçün o Kılıçdaroğlunu dəstəklədi". 

 


"Özdağla Kılıçdaroğlu arasında imzalanan yekun protokolda müzakirə olunan mövzular Zəfər partiyasının istədiyi kimi yer alıb. Zəfər partiyasının bu məsələyə önəm verməsinin səbəbi qaçqınların əsas problem olduğunu müdafiə etmək idi. Nəticədə Kılıçdaroğlu onların yanaşmasına dəstək verdi, Özdağın planını təsdiqləmiş kimi göründü. HDP onsuz da ittifaqda yox idi, ancaq Kılıçdaroğlunu dəstəklədiyini bəyan etmişdi. Bu proseslərdə HDP-nin geri çəkildiyini gördük. Dünən Kılıçdaroğlu ilə onlar arasında seçkinin necə gedəcəyi ilə bağlı müzakirələr olub. Ümit Özdağ Kılıçdaroğlu ilə müqavilə imzaladığını, ancaq "Millət ittifaqı" ilə əlbir olmadığını söylədi. Ümumiyyətlə, hakimiyyət mediası birinci seçki kampaniyasında Kılıçdaroğlunun terrorla, FETÖ ilə əlaqəsindən yazılar dərc edirdi. Ümit Özdağ qaçqınlar məsələsində Türkiyə cəmiyyətində ən çox güvənilən insan olduğu üçün Kılıçdaroğlu onunla razılaşma əldə edə bilər. Ancaq bunun bir riski var, o da HDP-li seçicilərin seçkidə iştirak etməməsidir", - deyə siyasi şərhçi əlavə edib.

 

Qeyd edək ki, Zəfər Partiyasının sədri Ümit Özdağ Türkiyədə prezident seçkilərinin ikinci turunda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıb. Bu məqsədlə Cümhuriyyət Xalq Partiyası ilə Zəfər Partiyası arasında protokol imzalanıb.

 

Partiyalar arasında əldə olunan razılaşmaya əsasən, ölkə konstitusiyasının ilk dörd maddəsi və Türkiyə vətəndaşlığının tərif və məzmunun yer aldığı 66-cı maddəsi qorunacaq. 1924-cü ildə müəyyən edilən milli-unitar dövlət forması dəyişdirilməyəcək, başda suriyalılar olmaqla bütün qaçqınlar bir ildən gec olmayaraq ölkələrinə geri göndəriləcək, FETÖ, PKK və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizə gücləndiriləcək. modern.az


Geri dön