Ana Sayfa > Karusel / Qarabağ > “Şuşadakı tunellərin koordinatları ictimailəşsə, bu, düşmənə hərbi sirri açmaq olar...”
“Şuşadakı tunellərin koordinatları ictimailəşsə, bu, düşmənə hərbi sirri açmaq olar...”24-05-2023, 15:27. Yazar: Admin |
“Həmin sirləri bilən düşmənlərimiz istənilən vaxt, Allah eləməmiş, Şuşada hazırda mövcud olan hərbçi, polis, müxtəlif dövlət və hökumət əməkdaşlarını, tikinti, təmir-bərpa işləri aparan mühəndis və fəhlələri və s., eləcə də gələcəkdə şəhərə köçürüləcək yerli mülkü sakinləri, terror, diversiya, təxribat hədəfinə çevirə bilər...”
Xəbər verildiyi kimi, Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb. Bu haqda mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib. Onun sözlərinə görə, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar. “Onların mahiyyətini, dövrünü araşdırıblar. Biz bütün digər məsələlərlə bağlı məlumatı yəqin ki, 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik”- deyə AMEA rəsmisi bildirib.
Moderator.az redaksiyasına telefon açan tanınmış Qarabağ qazisi, peşəkar kəşfiyyatçı Azay Kərimov məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib.
“Elmlər Akademiyasının hörmətli professorunun Şuşada çoxsaylı tunellər olması haqda açıqlaması və Azərbaycanın əksər saytlarının bunu “bəh-bəh”lə tirajlaması məni bir peşəkar hərbçi və kəşfiyyatçı kimi həm məyus, həm də narahat etdi. Gərək bu haqda informasiya, ümumiyyətlə, açıqlanmazdı... Hazırda on illərlə Şuşada yaşamış insanların böyük əksəriyyəti bu haqda məlumatsızdır. Amma mənim hələ 1991-1992-ci illərdən Şuşada erməni separatçı və işğalçılarına qarşı bir hərbçi kimi mübarizəyə başlayandan həmin tunellərin varlığından xəbərim var. Və müxtəlif döyüş və kəşfiyyat tapşırıqlarıyla əlaqədar onlardan istifadə etmişəm. O tunellərin şəhərin içərisində haradan başladığını və şəhər ətrafında haralardan çıxdığını əzbər bilirəm, hamısını qarış-qarış gəzmişəm. Bu tunellərin çoxu hələ Şuşa Pənahəli xan tərəfindən salınarkən qurulub və sonra da Xurşidbanu Natəvan dövründə davam etdirilib. Özləri də 5 qola ayrılırdı. Bunu sübut etmək üçün həmin tunellərin bir neçə “təhlükəsiz” fotolarını da təqdim edirəm. Bir dəfə hətta oralarda gəzərkən fonarımın batareyası bitdiyindən azdım və alışqanın işığı ilə bir təhər Şuşanın bir yerində kanalizasiya lyukundan çıxdım. O tunellərin bəzi yerləri elə bir ölçüdədir ki, onların içində at da çapmaq olar, kiçik ölçülü avtomobilləri də sürmək olar. Bu tunellərin içərisində minimum 3 min adam yerləşdirmək olar” – deyə Qarabağ qazisi bildirib.
“Bütün deyilənləri nəzərə alaraq AMEA-nın bu haqda danışan professoruna da, həmin qurumun rəhbərliyinə də, media vasitələrinin, telekanal və saytların rəhbərlərinə, bütün jurnalistlərə müraciət edirəm ki, artıq ilkin məlumat yayılsa da, heç olmasa, bundan sonra Şuşadakı tunellər barədəki informasiyalar ətraflı şəkildə ictimailəşdirilməsin. Alimlər, mütəxəssislər, arxeoloqlar, yaxud xüsusi xidmət orqanlarının öyrənməsində problem yoxdur. Lakin bu tunellərin şəhər daxilində və xaricində giriş çıxışları, onların koordinatları, fotoları və s. informasiyalar ictimailəşərsə, bu, düşmənə hərbi sirr verməyə bərabər olar. Həmin sirləri bilən düşmənlərimiz istənilən vaxt, Allah eləməmiş, Şuşada hazırda mövcud olan hərbçi, polis, müxtəlif dövlət və hökumət əməkdaşlarını, tikinti, təmir-bərpa işləri aparan mühəndis və fəhlələri və s., eləcə də gələcəkdə şəhərə köçürüləcək yerli mülkü sakinləri, terror, diversiya, təxribat hədəfinə çevirə bilər. Odur ki, Şuşada aşkar edilmiş tunellər haqda məlumat qapalı saxlanmalı, eyni zamanda onların giriş-çıxışları dəqiq öyrənildikdən sonra kamuflyaj olunmuş şəkildə qapadılmalı və xüsusi vəzifəli şəxslər istisna olmaqla əlçatmaz olmalıdır. Əgər gərək olsaydı, mən bu haqda məlumatı özüm öncədən mediaya açıqlayardım”, -deyə peşəkar kəşfiyyatçı diqqətə çatdırıb.(moderator.az
Geri dön |