Ana Sayfa > Karusel / Qarabağ > Qarabağ erməniləri üçün təqvim hazırlanmalıdır - Türkiyəli general
Qarabağ erməniləri üçün təqvim hazırlanmalıdır - Türkiyəli general18-05-2023, 21:54. Yazar: Admin |
Ermənistan cəmiyyəti faktiki olaraq iki yerə parçalanıb. Ermənilərin bir hissəsi Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın tərəfdarıdır. İkinci hissəsi isə xaricdən idarə olunur və vəziyyəti gərginləşdirməklə sülhün qarşısını almağa çalışır.
Qarabaginfo.az xəbər verir ki bunu Modern.az-a türkiyəli general Yücel Karauz Ermənistan ordusunun Azərbaycana qarşı hərbi təxribatlarından danışarkən deyib.
Y.Karauz qeyd edib ki, Ermənistan sərhəddə törədilən təxribatlarla daxildə olan auditoriyaya Azərbaycanla mübarizə apardığını göstərmək istəyir:
"Dünən baş nazir Nikol Paşinyan açıqlama verərək Qarabağın Azərbaycan torpağı olduğunu bildirdi. Ancaq erməni baş nazir açıqlamasına uyğun addımlar atmır. Çünki Paşinyanın və Ermənistanın birdən çox sahibi var. Hər sahibi öz maraqları üçün Ermənistandan istifadə edir. Onlar da mövcud situasiyanı görüb, şoka düşüblər. Yəni Ermənistan Brüsselin, Parisin və Vaşinqtonun istədiklərini edəndə Rusiya, Tehran qarşı çıxır və ya əksi olur. Ona görə də hər görüş öncəsi Ermənistan bu cür təxribatlar törədərək göstərmək istəyir ki, guya sərhəddə sabitlik yoxdur və bunun səbəbi də Azərbaycandır. Reallıq isə ondan xəbər verir ki, Ermənistan Azərbaycanla bir gün belə müharibə apara bilməz".
General hesab edir ki, indiki durumda Azərbaycan həm yumşaq güc olan siyasətdən istifadə etməli, həm də hərbi təxribatların qarşısını almaq üçün ciddi tədbirlər görməlidir.
"Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin törətdiyi bütün təxribatların qarşısını alır. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan Ordusu həddindən artıq güclüdür və istənilən təxribatın qarşısını almağa qadirdir. Digər bir məsələyə toxunmaq istərdim. Proses onu göstərir ki, Rusiyanın Qarabağdakı mövcudluğunun bitməsinə az qalıb. Ona görə də sülh müqaviləsinin imzalanması yolunda adekvat addımlar atılmalıdır. Azərbaycan Ordusu bütün təxribatlara qarşı hüquq çərçivəsində adekvat davranır. Mən düşünürəm ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olmağı ilə bağlı təqvim hazırlanmalıdır. Məndə olan məlumata görə, bununla bağlı danışıqlar gedir. Həmçinin, separatçıların da Qarabağı tərk etməsi üçün təqvim hazırlanmalıdır. Qarşı tərəf bunu qəbul etməsə, Azərbaycan Ordusu dəqiq kəşfiyyat məlumatları və müasir texnologiyalardan istifadə edərək, geniş əməliyyatlar keçirməlidir", - Y.Karauz əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin döyüş PUA-ları ilə mövqeylərimizə hücum etməsi barədə məlumat yayıb. Bildirilib ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Geri dön |