Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > İrana işləyən imamlar: “Özləri istefa verməsələr...” 

İrana işləyən imamlar: “Özləri istefa verməsələr...” 


12-05-2023, 15:01. Yazar: Admin

İrana işləyən imamlar: “Özləri istefa verməsələr...” 

Son vaxtlar bir neçə imam məscidlərdə tutduqları vəzifələrdən istefa veriblər. Onların Hacı Allahşükür Paşazadənin fətvalarına tabe olmaq istəmədikləri üçün istefa verdikləri iddia edilir.   

Bəs görəsən,  Azərbaycan məscidlərində xarici ölkələrin, xüsusilə İranın təsiri altında olan din xadimləri çoxdurmu?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu cür şəxslər aşkarlanaraq tutduqları vəzifədən birmənalı şəkildə uzaqlaşdırılmalıdır:

“Düşünürəm ki, bu məsələyə yanaşmada bir sıra həssaslıqlar və vacib məqamlar nəzərə alınmalıdır. Əlbəttə, Azərbaycan məscidində çalışan hər bir şəxs dövlətin qaydalarına, fətvasına tam əməl etməlidir. Azərbaycanda rəsmi din xadimi kimi vəzifə tutaraq, Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin deyil, ayrı-ayrı ölkələrdən gələn fətvalara əməl edən insanlar mütləq vəzifələrindən kənarlaşdırılmalıdırlar. Onlar din xadimi kimi fəaliyyət göstərə bilməzlər. 

Təəssüf ki, bir müddət bundan əvvəl Ramazan bayramında da bəzi məscidlərimizdə  fəaliyyət göstərən din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasına yox, digər ölkələrdən gələn fətvalara əməl etmələrinin şahidi olduq.

Mən o vaxt da demişdim, bu gün də düşünürəm ki, elə insanlar öz vəzifələrindən uzaqlaşdırılmalıdırlar. Əgər onlar özləri istefa veriblərsə, hesab edirəm ki, bu da bir mədəniyyətdir. Özləri istefa verməsələr, uzaqlaşdırılsalar, bu da son dərəcə haqlı qərardır. Bu istiqamətdə mütləq addımlar atılmalıdır”.

Millət vəkili qeyd edib ki, bu gün məscidlərimizdə belə din xadimləri hələ də var. Buna görə ciddi təmizləmə işləri aparılmalıdır:

“Hesab edirəm ki, Azərbaycan məscidlərində ayrı-ayrı ölkələrin dini təbliğatına məruz qalan şəxslər fəaliyyət göstərirlər. Onlar həmin məscidə yerləşdiriliblər və bu gün bizim bir sıra məscidlərimizdə bu müşahidə olunur. Bu baxımdan Azərbaycan qaydalarına tabe olmayan şəxslərin fəaliyyət göstərməsi yolverilməzdir. Dövlət bununla bağlı tədbirlər həyata keçirir.

Fikrimcə, məscidlərdə çalışan hər bir din xadiminin fəaliyyəti çox ciddi təhlil olunmalıdır. Onların bəziləri bilinir ki, kimlərdir, kimə və hara xidmət edirlər. Onlar Azərbaycana yox, ayrı-ayrı dövlətlərə xidmət edirlər. Onlar vəzifədən birmənalı olaraq kənarlaşdırılmalıdır. Məscidlərimizdə ciddi təmizləmə işlərinin aparılmağına ehtiyac var. Bu məsələ ciddi həssaslıqla həyata keçirilməlidir və biz bu məsələdə çox diqqətli olmalıyıq, tələsmədən, vəziyyəti araşdıraraq bu addımları atmalıyıq”.


Geri dön