“Biz hər zaman bu əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda”.
Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” konfransında deyib.
Lakin o qeyd edib ki, işğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan bizim daha çox gözləntilərimiz var idi və onlar Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyiblər, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər:
“Bunu tam şəkildə açıq deməliyik. Bununla belə, təbii ki, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun.
Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi.
Bununla belə, münasibətlərimiz çox güclü idi. Biz Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Mən təfərrüatlara varmaq istəmirəm. Yekun nəticədə biz Aktauda, Qazaxıstanda sazişi imzaladıq. Bu isə, həmçinin mühüm işarə oldu. Biz Xəzərdə sərhədlərin və resursların bölünməsi üzərində artıq razılığa gəldik.
Lakin, əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən sonra bu gərginliyə gətirib çıxaran bir sıra addımlar atıldı və əlbəttə ki, əgər siz həmin addımların xronologiyasına nəzər yetirsəniz, görəcəksiniz ki, bunları Azərbaycan başlamamışdır. Niyə də biz bunları başlamalıyıq? Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur.
Lakin hər şey Laçın ilə Xankəndi arasında kameraları quraşdırdıqdan sonra baş verdi. Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi. Biz vəziyyəti monitorinq etməyə başladıq və düşündük ki, bəlkə bu, anlaşılmazlıq nəticəsində olub, yaxud İrandan Ermənistana gələn sürücülər yolu səhv salaraq təsadüfən Qarabağa daxil olublar. Bəlkə işlər bu cür baş verib.
Sonra biz gördük ki, bu, artıq tendensiya halını alır. Beləliklə, mənim göstərişimlə köməkçim İran səfirini özəl görüşə dəvət edərək xahiş etdi ki, bunun dayandırılması xahişimizi öz rəsmilərinə çatdırsın, çünki belə hallar münasibətlərimiz üçün və istənilən baxımdan yaxşı deyil. Gözləyirdik ki, bu, dayanacaq. Əfsuslar olsun, dayanmadı. Bir sözlə, İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdi. Onda biz rəsmi addım atmağa məcbur olduq. Biz diplomatik nota verdik. O, çap edildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Onunla əlaqədar narazılığımızı bildirdik. Bu, adi diplomatik prosedurdur. Xüsusi bir şey yoxdur.
Düşündük ki, bu cür mesaja cavab olar. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Onların gördüyü işlər və hər bir şey sənədləşdirildi, çünki bizim orada kameralarımız quraşdırılıb. Onlar saxta erməni nəqliyyat nişanlarını taxırdılar, lakin yük maşınlarının üzərində hər bir yazı ərəb əlifbası ilə qalırdı. Bir sözlə, biz buna son qoymalı idik. Həmin yük maşınından ikisi saxlanıldı, sürücülər həbs olundu. Göndəriş sənədlərində isə gördük ki, nəqliyyat vasitəsi İran şəhərlərinin birindən yollanır və çatacaq yeri Stepanakert, Ermənistan göstərilib. Bunu təsəvvür edə bilərsinizmi? Bütün bunlar sənədlərdə yazılıb. Onlar bizdədir. Bu, sadə söz deyil. Yazılıb: Stepanakert. Birincisi, bu, Stepanakert deyil, Xankəndidir. İkincisi isə bu, Ermənistan deyil. Bütün bunlar İranın bəzi dairələrində çox əks-səda yaratdı. İttihamlar, hədələr və başqa məqamlar oldu.
Lakin hesab edirik, biz düz etdik. Müəyyən müddətdən sonra həmin sürücülər, təbii ki, buraxıldı və bəli, düzünü desək, bu hərəkətlər dayandırıldı. Biz ərazi bütövlüyümüzü qorumaq məqsədilə bu cür tədbirə əl atmalı idik. Sonra bizə qarşı mətbuatda çoxsaylı hücumlar oldu, siyasətçilər və parlament üzvləri bəyanatlarla çıxış etdilər. Lakin biz buna o qədər də əhəmiyyət vermədik, çünki nə isə baş verəndə, narazı qalan şəxs öz narazılığını bəzən bildirmək istəyir. Bu, o dərəcədə də əhəmiyyətli deyil. Onlar hətta bizim sərhədə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik. Əlbəttə ki, bunu anlamaq çətin idi, çünki işğal vaxtında onlar heç zaman bu yerlərdə hər hansı hərbi təlimlər keçirməmişdilər. Həmin iki hərbi təlim çox düşmən xarakterli media kampaniyası, bəyanatlar, təhqirlər, ittihamlar, hədələr və sair məsələlərlə müşayiət olundu.
Beləliklə, hər zaman olduğu kimi, biz cavab tədbirləri gördük və onların sərhədinə yaxın iki hərbi təlim keçirdik. Birini bizim xüsusi təyinatlılarımızla birgə etdik. Yeri gəlmişkən, Şuşanı azad etmiş xüsusi təyinatlarla birgə etdik. İkinci təlimi isə müttəfiqimiz Türkiyə ilə, “F-16” qırıcıları və Türkiyənin xüsusi təyinatlıları ilə birgə keçirdik. Bu, sadəcə, gücün nümayiş etdirilməsi deyil, özümüzü müdafiə etmək bacarığımızdan xəbər verən mesaj idi. Səmimi desəm, bir Prezident kimi düşündüm ki, bu, müəyyən çətinliklər yarada bilər, lakin bununla belə, biz hər zaman hər hansı narazılığın diplomatik yolla həllini istəyirdik. Mənim iranlı həmkarımla bəzi beynəlxalq tədbirlərdə bir neçə görüşüm olub. Bunlar Bakı və Tehranda deyil, Türkmənistan və Qazaxıstanda olub. Mənə belə gəldi ki, biz hər şeyi aydınlaşdırdıq və anlaşılmazlıq keçmişdə qaldı.
Lakin biz işlərin yenidən başlanmasında münasib addım atmağa çox yaxın olduğumuz zaman, Azərbaycanın Baş nazirinin müavini, birgə iqtisadi komissiya həmsədrinin səfəri o vaxt Tehrana artıq planlaşdırılmışdır, çünki İran öz həmsədrini dəyişmək üzrə idi. Beləliklə, gündəliyimizdə bir çox məsələlərin olduğunu nəzərə alaraq, biz öz həmsədrimizi görüşə göndərmək qərarına gəldik.
Bu halda səfirliyimizə qarşı terror aktı törədildi və beləliklə, o, hər şeyi, demək olar ki, heçə endirdi, onun videogörüntüsü var. Mən çox təfərrüatlara varmaq istəmirəm. Hər kəs onun nə terror aktı olduğunu görə bilər. Bu, diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi.
Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. Qırx dəqiqə ərzində o, yenidən soxulmağa cəhd etdi. “Kalaşnikov” avtomatından atəş açırdı, gətirdiyi çəkicdən istifadə edirdi. Daha sonra “Molotov kokteyli” də gətirmişdi. Qapını çəkiclə sındıraraq içəri daxil oldu və həmin yaralı əməkdaş yenidən onu sıxaraq çölə çıxara bildi. Sonra həmin şəxs polisə yaxınlaşır. Çöldə də kameramız var. O, istifadə etdiyi “Kalaşnikov” avtomatını və “Molotov kokteyli”ni verir. Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?
Bundan əlavə, elə həmin gün bu şəxs mətbuata çıxır və müsahibə verir. Bunu necə təsəvvür edirsiniz? Digər ölkənin səfirliyinə soxulmuş, bir nəfəri qətlə yetirmiş, ikisini yaralamış şəxs deyir ki, o, müəyyən səbəblərə görə bu əməli törədib. İki gün sonra isə hər hansı hüquqi prosedur olmasın deyə İranda elan edilir ki, o şəxs ruhi xəstədir. Bu, necə ola bilər? Ruhi xəstəlik cəmi iki gün ərzində müayinə edilərək təsdiqlənə bilməz.
Lakin bu, hələ əhvalatın sonu deyil. Bəli, biz öz diplomatik heyətimizi, səfirlik işçilərini tam şəkildə çıxardıq. Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Onlar düşündüyü kimi deyil. Əfsuslar olsun ki, məsələ bununla bitmədi. Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub. Bu əməlin kiminsə törətdiyi ilə bağlı verilmiş hər hansı bəyanatı biz tamamilə yersiz hesab edirik. Xeyr.
Buna görə, biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun. Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.