Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin deputatlarının avtomobilləri
Milli Məclisin deputatlarının avtomobilləri22-08-2020, 11:32. Yazar: Admin |
Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var. Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir? Qarabaginfo.az xəbər verir ki, Report.az-ın əməkdaşı bu sualla Milli Məclisin bir neçə deputatına müraciət edib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli “Report”a açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib: “Ümumiyyətlə şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı “BMW” markalı avtomobildən istifadə edirəm”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib: “Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan " Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.
Milli Məclisin deputatları – Fazil Mustafa, Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata", Erkin Qədirlinin "Toyota Corolla" markalı avtomobili var. Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili "Mercedes E-Class”dır. Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir. Geri dön |