Ana Sayfa > Karusel / Hadisə > “Yol  terroru”nun şiddətlənməsinə səbəb nədir? – “Bərbad ictimai nəqliyyat olan yerdə...”

“Yol  terroru”nun şiddətlənməsinə səbəb nədir? – “Bərbad ictimai nəqliyyat olan yerdə...”


3-05-2023, 10:16. Yazar: Admin

“Yol  terroru”nun şiddətlənməsinə səbəb nədir? – “Bərbad ictimai nəqliyyat olan yerdə...”

“Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil…”

“Yeni Sabah” xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

O, bildirib ki, bunun qarşısını almaq üçün sistem xarakterli işlər görülməlidir:

“Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s. 

Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmlıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Və s.

Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz.

Təbliğat və təşviqata da böyük ehtiyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə TƏHLÜKƏSİZ DAVRANIŞ mədəniyyətini formalaşdırmaq olmalıdır. 

Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur”.


Geri dön