Ana Sayfa > Karusel / Cəmiyyət > Vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir

Vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir


27-04-2023, 13:27. Yazar: Admin

Vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir

Peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsait olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan mülki prosessual qanunvericiliyə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Buna uyğun olaraq vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.

Layihəyə əsasən yuxarıda qeyd edilən, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallardan başqa, həmçinin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsait olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir. Eyni zamanda bu kateqoriya şəxslər vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda da pulsuz (dövlət hesabına) hüquqi yardım almaq hüququna malik olacaqlar.

Qeyd edilənlər müvafiq maddələrin ləğv edilməsi, yeni redaksiyada verilməsi və pulsuz hüquqi yardımla bağlı hər iki halın yeni 67-1-ci maddədə müəyyən edilməsi yolu ilə layihədə öz əksini tapıb.

Qeyd edilib ki, təqdim edilən qanun layihəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində növbəti tədbirlərin hüquqi əsaslarını müəyyən edir. Layihə ədalət mühakiməsi prosesini sürətləndirmək məqsədilə dövlət tərəfindən əhalinin az təminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi üçün hazırlanıb.


Geri dön