Ana Sayfa > Karusel / Qarabağ / Yazar > Etiraf - Rəna İbrahimova yazır
Etiraf - Rəna İbrahimova yazır27-04-2023, 12:54. Yazar: Admin |
Yenə o bağlar olaydı...
Bağlar bağımdı mənim,
Qəm oylağımdı mənim...
Təkcə mənimmi? İnanmıram! Oxuduqca hər kəsin xatirələri oyanacaq. Kiminin üzündə təbəssüm, kiminin üzündə dərin bir kədər seziləcəkdi. Hamı köklənəcək uşaqlıq xatirələrinə.
Elə ki, yaz gəlirdi, bağlara kiçik “oğurluqlar” ,”hücumlar” başlayırdı. İlk oğurluq alçanın hələ çiçəyi az qala solmamış başlayardı. Necə deyərlər, “çiçəyi burnunda” olandan. El arasında bu dövrə “çağala” deyirdilər. Gizlin-gizlin, qorxa-qorxa, əsə-əsə əvvəlcə ağacın ətəklərindən başlayırdıq alçaları yolmağa. Əl-ətəkdən alça qurtarınca bir balaca böyüyürdü, amma “sümükləmirdi”. Yəni, çəyirdəkləmirdi. Sütül olurdu. Dadı acı da olsa elə sütül-sütül yeyirdik. Sümükləyənlər ancaq əl çatmayan budaqlarda qalırdı. Bəzən o qədər ziayankarlıq edirdik, budaqları qırırdıq, şalğamlayırdıq. Dişlərimiz qamaşana qədər yeyirdik. Özümüzlə həmişə duz da götürürdük. Olmayanda ətəyimizdə, qoynumuzda evə aparıb evdə bəh-bəhlə yeyirdik. Mənim dişlərim tez qamaşırdı, əmim uşaqlarının ağzına baxa-baxa qalırdım. Əlacım qalırdı qaynadıb yeməyə. Yolduğumuz bağ o biri əmimgilin bağı olurdu. Bunu bilməmiş deyildilər. Ya görmürdülər, ya da özlərini görməzliyə vururdular. Bu qorxu içində bir “qisas” idi. Amma nə şirin “qisas”!!! O qorxudan bir neçə addım uzaqlaşan kimi o qisasın ləzzəti gəlirdi. Gözlər parıldayır, sanki böyük qələbədən sonra qənimət əldə etmiş olurduq. Ata-anamızın heç xəbəri olmurdu. Nə bilim? Biz belə düşünürdük. Mövsümün sonunda alçaların bir qismi - lap yuxarı qanadlarındaklar sarıları saralar, qırmizıları qızarardı. Tamaşa bibi lavaş turşusu çəkib, damın üstündə sərərdi, ya da axta edib qurudardı.
Sonra alma oğurluğu başlayırdı. Burada bağ sayı artırdı. Yəni “oğurluq nöqtələri” çoxalırdı. Yenə ilk hədəf əmimgil olurdu. İki əminin uşaqları bir əminin bağına qarşı hücum əməliyyatlarına başlayırdı. “Qisas əməliyyatı”! Ora bizim baba ocağımız idi. Babam bizə iki bar gətirən alma ağacı vəsiyyət eləmişdi. Yetişəndə biz yığırdıq. Amma onlar lap göz qabağında idi. Yolmaq, oğurlamaq mümkün deyildi. Olsa belə eləməzdik- şəxsi əmlak idi. Həyətə iki tərəfdən giriş vardı. Biri açıq idi. Hasarsız, çəpərsiz, qapısız. Ora cürət eləməzdik. İkinci giriş taxta qapılı idi. Açıq olurdu. Keçid dar idi. El yolunun üstü, meşəliyə yaxın idi. Qıfılsız, açıarsız...
Babamın adla deyilən bulağı vardı- Qızdırma bulağı. Suyu bumbuz, diş sındıran, tərtəmiz göz yaşı kimi. Bütün kənd yayda gəlib suyu buradan aparırdı. Ot biçinində biçinçilərin yanan ürəklərinin məlhəmi, yanğılarının dərmanı idi. İkinci girişə yaxın idi bulaq. Gələn icazəsiz, filansız sakitcə ev sahiblərinə mane olmadan suyu doldurub aparırdılar. O suyu qapıya da çəkib aparmırdılar. El suyu idi Qızdırma bulağı. Hər gün babama nə qədər rəhmət oxunurdu, oxunmasa belə savabdan ruhu şad idi. Çünki, tükənməz
sərvət qoyub getmişdi. O girişdə bulağa yaxın yerdə-döşdə bibimin alma ağacı vardı. Bu ağacı da babam bibimə( mama deyirdik biz) vəsiyyət eləmişdi. Bibim şəhərə köçdüyündən o ağac da “bizlik” idi. Qoymurduq yetişsin. Yolurduq. Yenə “qisas”(qasas) hissi güc gəlidi. Bağ böyük idi. Meyvəsi, barı da çox. Ağaclar sıx olsa da məncə, oğurluq vaxtı bizi görürdülər. Amma...amma heç nə demirdilər, bəzən görüb girirdilər evə. Daha çox Qəribə mama görürdü, dinmirdi. Axı başqasının “şəxsi mülkiyyəti” idi. Uşaqlar görsələr sakit davranmazdılar. Bəlkə də görürdülər, böyüklər susdururdular ki, “xalxındı, bizim deyil ki”.
Kəndin içi ilə dükana gedəndə yolumuz dar cığırla iki qardaşın bağının tən ortasından keçirdi. Solda Əhəd müəllimin, sağda isə Məhi dayını bağları idi. Bağların kənarları ilə alma ağacları sıralanırdı. Əhəd müəllimin həyəti metal torla əhatəyə alımışdı. Əl çatsa da ayaqdəyməz idi. Məhi dayının çəpəri budaqlardan idi. O da o qədər tapdanmışdı ki, əl də ayaq da çatırdı. Üstündən keçib ayaq altında şaxları şaqqıldada-şaqqıldada almaları yolmaq asan idi. Yolurduq da. Heç görən olmurdu. Ağaclar da bardan başlarını aşağı əyib utancaqcasına öz “oğrularını” gözləyirdi. Evin sahibləri kimi sakit, fağır idilər. Alma oğruları kimi üzlü, həyasız deyildilər. Almalar ətəklərimizi, qoynumuzu doldurar, bizə ləzzətli “qisas” hissini yaşadardılar. Qənimətləri aparıb küncdə-bucaqda duza basıb ağzımız sulana-sulana yeyirdik. Yazdıqca az qala özümlə
fəxr edirəm. Məşhur “bağ oğrusu” olmuşam, xəbərim yoxmuş...
Bir qənimət nöqtəsi də nənəmgilin bağı idi. Yenə bağ böyük, ağaclar barlı, sahibə isə “göy” idi. Onun bağından bir çürük meyvə belə qopartmaq olmazdı. Çəpərin kənarları ilə alma ağacları düzüm-düzüm düzülürdü. Özü də yay almaları. Ətirli, şirəli, dadlı...
Qapıdan bulaq suyu axırdı. Onun üstündə, yan-yörəsində isə alma ağacları. Əlini atanda qoparmaq olurdu. Amma nəzarətdə idi. O bağa daha əmim uşaqları ilə girmirdim. Ya tək olurdum, ya qonaq gələn qızlarla, ya da az hallarda qardaşımla. Az qala hər gün orada olurduq.
Bir dəfə gecə girdik bağa. Dayımın qaynı qızı onlarda qonaq qalırdı. Şəhərdən gəlmişdi. Elə təzə alma yolmağa başlamışdıq ki, nənəm nəsə hiss edib çıxdı çölə. Qaranlıqda çökdük yerə. Su axdığından ayağımız palçıqda, qollarımız gicitkənlikdə. Özünüz təsəvvür edin. Yediyimiz almalar boğazımızda qaldı, yığdığımız qoynumuzda. Bir azdan çıxdıq. Nənəmin o baxışları hələ də yadımdadır. Oğurluğun üstü örtülmüşdü. İki tifil qız uşaqları qorxumuzu, həyəcanımızı gizlədə bilmişdik. Qənimətlə dolu zəfər bizim idi.
Yayn sonuna doğru fındıq yetişirdi amma tam yox. Sütül-sütül, pambıq kimi, süd kimi fındıqlara daraşırdıq. Öz həyətimizə toxunmadan yenə hücüma keçirdik. Hədəf məlum idi. Yenə o bağ! Fındıqlıqlar bağların ayağında olurdu. Meşəliyə, ağaclığa doğru uzanıb gedirdi. İlan-çayandan qorxsaq da “oğurluqdan” qalmırdıq. Düşürdük yazıq, kövrək fındıq ağacların canına, nə düşürdük. Sınan budaqları özümüzlə gütürüb meşəliyə atırdıq ki, izi itirək. Yaxalanmaq etimalı burada az idi. Gözdən uzaq, könüldən iraq. Görəndə də susurdular. Niyə? Bilmirəm. Yəqin bizi “qisasçı” kimi tanıyırdılar. Nə qədər zərərverici, parazit olmuşuq? Məəttəl qalmışam.
Bizim bağımızı isə şəhərdən əmi, bibi uşaqları gələndə “talayırdılar”. Yaşca bizdən böyük idilər. Şəkil kişi şalvarını geynib dırmaşırdı gilas ağacına, Şakir də çıxıb budaqları qırırdı, gizləyirdi ki, atam görməsin. Gilas da kövrək olur axı. Uclarda qalan budaqlar səhəri gün boyunların əyəndə işin üstü açılırdı. Əlbəttə, oğurluq olmurdu, göz qabağında olurdu. Dəmir vedrələr ağacdan asılır, ilk meyvələr səs salır, dibi örtüləndən sonra səssizləşərək dolurdu. Atamın meyvənin yığılmasına yox, ağacların budaqlarına heyfi gəlirdi. Deyirdi “ elə eləyin, gələn il də yeyin!”
Başqasının bağına oğurluğa gedib, özümüzünkünü qənimət bilib sona saxlayırdıq. Şəhərdən gələn uşaqlar da bizim fındıqları elə ağacın üstündə sındırıb, talayıb yeyirdilər.
Bizə qalan payızın sonunda dibinə tökülənlər olurdu. Məktəbdən evə qədər yığa-yığa gəlirdik. Tam yetişib özləri tökülürdü yerə. Onlar da bizim qənimətimiz, payımız idi. Təbiətin təmənnasız ruzisi idi.
Bu yaxınlarda yaşca məndən böyük bir adamın da etirafını eşitdim ki, onlar da Məhi dayının bağından “oğurluq” edirlərmiş. Hansı ki, bağları olduqca böyük, bar-bəhrəli idi. Deməli, hələ çox etiraflar var, olacaqdır!
Yenə o bağlar olaydı...
O bağlar var, durur...amma kimsəsizdirlər, yiyəliykən yiyəsizdirlər. Bəlkə də yolunmağa, talan olmağa, hücumlara məruz qalmağa razı olardılar amma yiyəsiz qalıb xarabazarlığa çevrilməyə yox. O adı, o statusu otuz bir il əvvəl itiriblər. Kolluqlar basıb kolavata, cəngəl basıb cəngəlliklərə çevriliblər. Barlı-bəhrəli ağaclar diqqətsiz, susuz, sahibsiz, yiyəsiz qalıb cırlaşıblar. Bağlar o bağlar deyillər daha! Atalar havayı yerə deməyiblər ki, “Bağa baxarsan bağ olar, baxmazsan dağ!”
Ürəyimizdə dağ boyda dərd olub bağlarımız!
Yazdıqca “bağ oğrusu” olmağım xoşuma gəldi nədənsə. Axı yenə də xatirələr var. Nə qədər nisgillidirsə sonda dodqqaçdı da var, sevinc də. Ən əsası odur ki, o bağlar daha yağı ayağı altında deyil, azaddırlar! Az müddətdən sonra sahiblərinə də qovuşacaqlar. Xatirələr
də azadırlar, çünki yaddaş məhbəsindən xilas olaraq qanadlanıb dodqlarda təbəssümə çevrildilər artıq. Mən də qəlbən rahatlaşdım. “Oğurluq” yüküm üstümdən götürülüb yüngülləşdi bir az. Bağlardan, bağ sahiblərindən üzr istəyərək etiraf etdim. Bu, mənim ilk böyük etirafımdır. Necə gözəldir?
Geri dön |