Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.
Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.