“İranın Qərbi Zəngəzur məsələsində Azərbaycana bu qədər əngəl törətməsi təəccüb doğurur”.
Qarabaginfo.az bildirir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov Meta-da yazıb.
Onun sözlərinə görə, biz Ermənistanla anlaşsaq beynəlxalq hüquq baxımından bunun İrana heç bir aidiyyatı olmayacaq: “Tehranda bəyəm görmürlər ki, erməni xalqı öz dövlətinin NATO-ya üzvlüyü haqda strateji qərarını artıq verib? Elan etməyib, amma bütün davranışları ilə şübhəyə yer qoymur: Azərbaycanla sülh sazişi bağlanandan dərhal sonra Ermənistan NATO-ya üzv olacaq”.
İ.Məmmədovun fikrincə, Ermənistan özünün hansısa bir böyük mühafizəçisi olmadan yaşaya biləcəyinə inanmır. Rusiyanın bu mühafizəçi roluna 200 illik tarix bucağından baxanda Ermənistan özünü qazanmış yox, itirmiş hesab edir. Nəhayət, İranı bu mühafizəçi rolunda ən müxtəlif səbəblərdən görmür: “Qərbpərəst partiyanın hətta son müharibədən sonra ard-arda həm ümumi, həm yerli, həm də aralıq seçkilərini qazanması bu strateji xəttin təkcə Paşinyana aid olmadığını, əhali və diaspora daxil bütövlükdə erməni elitası və xalqına aid olduğunu aydın göstərir. Müxalifət də sadəcə Rusiyanı aldadır, onda yalançı ümid yaradır.
Beləliklə, İran özünün Ermənistanla sərhədini itirməmək üçün Azərbaycana qarşı ciddi iş aparır, amma fakt olaraq bunun nəticəsində yaxın gələcəkdə özünün NATO ilə sərhədini böyütmüş olacaq”.
REAL sədri deyib ki, Ermənistanın arxasında NATO duranda o, İranla tamamən başqa cür davranacaq.
İ.Məmmədov qeyd edib ki, Azərbaycanın NATO-ya üzvlüyü yaxın və orta müddətli gələcəyə baxanda çox dumanlıdır: “Ermənistanın perspektivi qədər aydın deyil. Hələlik daha böyük ehtimal ilə demək olar ki, Azərbaycan heç zaman oraya üzv olmayacaq, superneytral mövqeyində daha da möhkəmlənəcək”.
“Hər halda, İran bizim Zəngəzur dəhlizi ilə bağlı mövqeyimizi Ermənistanın heç də uzaq olmayan NATO perspektivi baxımından da bir qiymətləndirməlidir. O halda ortaq məxrəcə, sülhə və ümumiyyətlə münasibətlərdə sülh ab-havasınını daha tez nail olmaq mümkündür”-deyə REAL sədri vurğulayıb.(Azpost.info)