Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Kahramanmaraşda Azərbaycan bulvarı və Heydər Əliyev prospektinin bərpasına dəstək verəcək

Azərbaycan Kahramanmaraşda Azərbaycan bulvarı və Heydər Əliyev prospektinin bərpasına dəstək verəcək


20-04-2023, 17:27. Yazar: Admin

 

 

Adil Əliyev-Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

“Azərbaycan dövləti fevralın 6-da dağıdıcı zəlzələnin baş verdiyi Türkiyənin Kahramanmaraş şəhərindəki Azərbaycan bulvarı və Heydər Əliyev prospektində abadlıq-quruculuq işlərinin aparılmasına dəstək verəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O, nümayəndə heyəti ilə birgə Kahranmaraş şəhərinə səfər etdiyini, zəlzələnin dəhşətli nəticələrinin şahidi olduqlarını bildirib: “Çoxmərtəbəli binaların hamısı ya dağılıb, ya da zədələnib. Həqiqətən dəhşətli bir mənzərədir. Dağıntıya məruz qalmış şəhəri gəzdik. Kahramanmaraş yenidən tikilməlidir”.

A.Əliyev Azərbaycanın Türkiyəyə qardaş dəstəyinin davam edəcəyini vurğulayıb: “Bilirsiniz ki, zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün dövlət qurumları Türkiyəyə yardım üçün səfərbər olundular. Eləcə də xalqımız qardaş Türkiyə xalqına əlindən gələn köməkliyi göstərdi. Azərbaycan Türkiyənin bütün zəlzələ bölgəsinə dəstəyini əsirgəmədi və bu fəaliyyətlər hələ də davam edir”.

Vitse-spiker söyləyib ki, Kahramanmaraşda Azərbaycan dövləti tərəfindən qurulmuş çadırlarda müvəqqəti yerləşdirilən insanlarla görüşüblər: “Zəlzələdən zərərçəkən sakinlər qardaş Azərbaycanın dəstəyinin onlar üçün dəyərli, qurulan çadırların keyfiyyətli olduğunu bildirdilər. Sakinlər və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini ifadə etdilər”.

Qeyd edək ki, aprelin 16-da A.Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti dəhşətli zəlzələdən ən çox zərərçəkən vilayətlərdən biri olan Kahramanmaraşa səfər edib.

Heyətdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai xadimlər, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və diplomatik nümayəndəliyin kollektivi təmsil olunub.

Onlar zəlzələdən zərərçəkən insanlara Ramazan sovqatı aparıb, onların problemləri və dağıntıya məruz qalmış şəhərdə görüləcək işlərlə maraqlanıblar.


Geri dön