Ana Sayfa > Karusel / Qarabağ > Başlıbeldə qətliam qurbanlarının xatirəsi anılıb

Başlıbeldə qətliam qurbanlarının xatirəsi anılıb


19-04-2023, 15:13. Yazar: Admin

Kəlbəcər rayonunun Başlıbel kəndinin bir qrup sakini otuz il sonra Ermənistan tərəfindən qətliam törədilən yerə baş çəkiblər.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Başlıbel sakini Vüqar Həşimov, əslən Başlıbeldən olan, şəhid ailəsi, Moderator.az informasiya agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadə dədə-baba yurdlarına gələrək, yaxınlarının əziz xatirələrini yad ediblər. Onlar Başlıbel faciəsi qurbanlarının dəfn olunduğu kütləvi məzarlıqda uyuyan şəhidlərin qəbirlərini ziyarət edib, ruhlarına dualar oxuyublar. Kənd sakinləri ermənilərin viran qoyduqları doğma yurd yerlərinə, xarabalıqları qalan evlərinə də baş çəkiblər.


Zülfüqar Hüseynzadə deyib: “Mən hələ şəhidimi dəfn edə bilməmişəm, onun qalıqlarını tapmamışam. Ancaq hər dəfə bura gələndə çox rahatlıq, təsəlli tapıram. Düşünürəm ki, onların narahat ruhları qismən də olsa şaddır. Ən böyük təsəllimin biri odur ki, qisas qiyamətə qalmadı. Şükür ki, artıq Kəlbəcərin işğal günlərini qeyd etmirik. Bizlər, bizdən sonra gələn nəsillər ermənilərin törətdikləri Xocalı, Başlıbel, Ağdaban kimi qətliamları lənətləyəcək və bu müsibətləri dünyaya çatdırmaq üçün bütün platformalardan istifadə edəcəklər. Biz 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, işğalla barışmayan xalqıq, soyqırımı qurbanlarının ruhlarını narahat buraxmayacağıq”.


O, əmin olduğunu bildirib ki, digər ərazilərimizdə olduğu kimi, tezliklə Başlıbeldə də quruculuq işləri başlayacaq, insanlar yenidən burada məskunlaşacaqlar.


“Diplomatik korpusları, mətbuat nümayəndələrini vaxtaşırı bura dəvət edəcəyik ki, ermənilərin necə nankor olduqlarını, mülki əhaliyə divan tutduqlarını, qocaya, cavana, körpəyə, heç kimə aman vermədən qətlə yetirdiklərini, sonra yandırdıqlarının şahidi olsunlar. Bilsinlər ki, ermənilərdən qaçaraq dağlara sığınan sakinlər vəhşicəsinə qətlə yetirilib, daha sonra yandırılıblar”, – deyə Z.Hüseynzadə qeyd edib ki, vaxt gələcək bu qətliamı törədənlər məsuliyyətə cəlb olunacaq.


Ermənilərin Azərbaycana qarşı xəyanətkar hərəkətlərinin yüz illərdir davam etdiyini söyləyən Vüqar Həşimov isə bildirib ki, ziyarət etdikləri bu qəbiristanlıq Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərin bir nümunəsidir: “1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda kənddən çıxa bilməyən qoca, qadın, uşaq, xəstə insanlarla yanaşı, onları qorumağa qalxan cavanlar da olub. Onlar gəlib kəndin ətrafındakı kahalara sığınıblar. Ancaq cəmi 17 gün burada gizlənə biliblər. Kəndi qarətə gələn ermənilər qayalıqlarda gizlənən sakinləri tapıb və onları əsir götürüb, qətlə yetiriblər. Qırğından sağ qalanlar isə 113 gün dağlarda gizlənərək, özlərini qoruyub və Daşkəsən rayonu ərazisinə keçə bilmişlər”.


Qeyd edək ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 76 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə 27 nəfər qətlə yetirilib. Onlardan 18 nəfəri dəfn edilib, 9 nəfər dəfn olunmayıb. Dəfn olunanlardan 15 nəfərin məzarı aşkarlanıb. 19 nəfər girov götürülüb, 1 nəfər itkin düşüb. 29 dinc sakin ermənilərin mühasirəsindən sağ çıxa bilib. İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 nəfərdən 7-si mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.


Geri dön