Ana Sayfa > Karusel / Region / Yazar > Paşinyanın 29,8 min kv.km “dərdi”: Nəyə çalışır?

Paşinyanın 29,8 min kv.km “dərdi”: Nəyə çalışır?


19-04-2023, 10:52. Yazar: Admin

Paşinyanın 29,8 min kv.km “dərdi”: Nəyə çalışır?Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.

Bu, Bakının tələb etdiyi məsələdir və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındığı təqdirdə, sülh müqaviləsi imzalanacaq. O zaman sual yaranır: müqavilə niyə imzalanmır?

Müəyyən amillər reallığın verilən müsbət bəyanatlardan fərqli olduğunu göstərir:

Birincisi, geosiyasi oyunçuların bölgədə vasitəçilik üzərindən apardığı mübarizə və bunun tərəflərə təsiridir;

İkincisi, bu geosiyasi mübarizənin Qarabağ məsələsində yaratdığı dilemmadır;

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın əslində nə istədiyidir.

Qarabağ və regional məsələlərə yanaşmada Qərb və Rusiya masasında fərqlər var:

- Qərbin Qarabağ məsələsinə yanaşması Bakının istədiyinə uyğundur, kommunikasiyanın açılması və sərhədin delimitasiyası ilə bağlı yanaşması əksinədir;

- Rusiyanın sərhədin delimitasiyasi və kommunikasiyanın açılmasına (Zəngəzur dəhlizi) yanaşması Bakının istəyinə uyğun gəlir, Qarabağ məsələsində əksinədir.

Bu fərqlər uzlaşmanı çətinləşdirir. Ermənistan isə sülh müqaviləsini Qərb masasındakı razılaşmalarla imzalamağa çalışır. Proseslərin bu istiqamətdə inkişafı – Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olduğu müddətdə sülh sazişinin Qərb masasında imzalanması Bakı üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan Əliyevin də bəyan etdiyi kimi, beynəlxalq konsensusa nail olmaqdan yanadır. Ki, bu hələ ki mümkünsüz görünür.

“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişimi imzalamaqda öz hədəfləri var:

a) Qarabağ məsələsini Bakı-Moskva xəttindəki problemə çevirirlər;

b) Bakı-Xankəndi formatı, eləcə də erməni əhalisinin hüquq və təhlükəsizliyi kimi məsələlər üzərindən Qarabağda “hüquqi münaqişə” yaradırlar;

c) Kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edirlər;

ç) 29,8 min km ərazini saxlamağa çalışırlar: Paşinyanın da bildirdiyi kimi, bu, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin saxlanılması, delimitasiya-demarkasiya prosesinin bu xətlərə uyğun aparılması deməkdir; və bununla SSRİ dövründə Ermənistana bağışlanan ərazilərimizin qaytarılması perspektivi sıradan çıxır, eləcə də müharibədən sonra Ordu bərpa olunan sərhəddən geri çəkilir.

Danışıqlar prosesində vəziyyət kifayət qədər mürəkkəb görünür və məsələ heç də Paşinyanın bəyan etdiyi kimi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə həll olunana bənzəmir.

Asif Nərimanlı


Geri dön