Ana Sayfa > Karusel / Multimedia > “Tərtər işi”nə görə tutulan general - “Məni də ev dustaqlığına buraxın”
“Tərtər işi”nə görə tutulan general - “Məni də ev dustaqlığına buraxın”14-04-2023, 17:34. Yazar: Admin |
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə istintaqı başlayıb. Qarabaginfo.az xəbər verir ki, cinayət işi işə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatında araşdırılır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən B.Orucov ötən ilin sentyabrında həbs edilib. O və digərləri hərbi qulluqçulara işgəncə vermə, onları qanunsuz azadlıqdan məhrum etmə və digər cinayət əməllərində ittiham olunur. Təqsirləndirilən şəxslərdən Rəşidov və Kazımov ev dustaqlığındadır. General və digər iki nəfər isə həbsdə saxlanılmaqla mühakimə olunur. Bəkir Orucov və Rahib Məmmədov da məhkəmədən ev dustaqlığına buraxılmalarını xahiş edib. Rahib Məmmədov iki övlad atası olduğunu, 9 aylıq hamilə övladını itirdiyini deyib. General Orucov isə məhkəmədən yayınmayacağını, vaxtı-vaxtında gəlib-gedəcəyini bildirib. Hakim vəsatəti təmin etməyib. Digər təqsirlənidirilən İntiqam Məmmədov isə ailə üzvlərilə telefon və görüş qadağasından şikayətlənib. O bildirib ki, hətta vəkili ilə də telefonla danışa bilmir. O əlavə edib ki, bu hüquq pozuntusu davam eləsə, məhkəməyə gəlməkdən imtina edəcək. Daha sonra ittiham aktını elan edilib. Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onları 6 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. 5 nəfərin heç biri özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyiblər. Daha sonra zərərçəkmişlər ifadə verib. Onlar Tərtərdə müxtəlif işgəncələrə məruz qaldıqlarını deyiblər. Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Bu iş üzrə 61 nəfər zərərçəkmiş kimi tanınıb. Məhkəmə araşdırmaları aprelin 20-də davam edəcək.(Qafqazinfo) Geri dön |