Ana Sayfa > Karusel / Region > “Rusiyaya paralel idxalı və bank köçürmələrini dayandırın!”- Şolts Paşinyan qarşısında tələb qoydu

“Rusiyaya paralel idxalı və bank köçürmələrini dayandırın!”- Şolts Paşinyan qarşısında tələb qoydu


14-04-2023, 16:33. Yazar: Admin

Almaniya hökuməti Ermənistan Baş naziri Nikol Paşinyandan Rusiyaya paralel idxal və bank köçürmələrinin qarşısını almağı tələb edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, bu, Paşinyana martda Berlində səfərdə olarkən deyilib. Ermənistan Baş naziri də İrəvana qayıtdıqdan sonra Mərkəzi Bankın sədrini, hökumət üzvlərini və Dövlət Gəlirləri Komitəsinin rəhbərini dəvət edib, onlara Aİ-nin Rusiyaya qarşı sanksiyalarına ciddi əməl etməyi tapşırıb.

Həmin andan Rusiyaya qarşı sanksiyalardan yayınaraq pul qazanan erməni şirkətləri əvvəlki gəlirlərini itiriblər. Hətta hava limanında sərnişinlərin Rusiyaya lazım olan mikroçipləri baqajda və ya aksessuarlarda daşımaması üçün ciddi nəzarət tətbiq edilib.

Həmçinin, şirkətlər artıq mal almaq üçün ABŞ və Aİ-yə bank köçürmələri edə bilməzlər. Ermənistan Mərkəzi Bankının aprelin 7-də verdiyi məlumata görə, rusiyalı müştərilərin bank əməliyyatlarına da nəzarət gücləndirilib.

“Qərb kommersiya bankları, xüsusən də ABŞ, hazırda Rusiyaya qarşı sanksiyalarla əlaqədar əməliyyatlara nəzarət sistemini nəzərdən keçirir, bu sistem çərçivəsində regiondakı bütün bankların, o cümlədən Ermənistan banklarının xarici əməliyyatları üçün şərtlər əhəmiyyətli dərəcədə sərtləşdirilib”, – mənbə bildirib.

Paşinyan Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsu əmin edib ki, İrəvan Moskvanın sanksiyalardan yan keçməsinə kömək etmir.

“Demək istəyirəm ki, nəinki Aİ-dən Ermənistana idxal artıb, Ermənistandan Aİ ölkələrinə ixrac da artıb və bu, həm də onunla bağlıdır ki, biz Aİ ilə əlaqələr qurmaqda maraqlıyıq. Sanksiyalardan yayınmağa gəlincə, qeyd etməliyəm ki, bunlar şayiələrdən başqa bir şey deyil. Reallıq isə bunun əksidir”, – Paşinyan kanslerə deyib.


Geri dön