Ana Sayfa > Karusel / Sosial > “Lala Bot” niyə lağ obyekti oldu? - Azərbaycanın ilk təkmil botunun yaradıcısı DANIŞDI

“Lala Bot” niyə lağ obyekti oldu? - Azərbaycanın ilk təkmil botunun yaradıcısı DANIŞDI


13-04-2023, 17:53. Yazar: Admin

 

 

“Lala Bot” niyə lağ obyekti oldu? - Azərbaycanın ilk təkmil botunun yaradıcısı DANIŞDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk təkmil bot yaradılıb.

“Lala 2.0” adlandırılan bot “ChatGPT 3.5” süni intellekt çatbotu əsasında çalışır.

Qeyd edək ki, bot Azərbaycanlı texnobloger Fərid Pərdəşünas tərəfindən yaradılıb və Azərbaycan dilini dərindən mənimsəyib.

Süni intellekt çatbotu xarici ölkələrdə uzun müddətdir ki, var. Hətta insanlar CV hazırlamaq, problemlərini həll etmək üçün ondan istifadə edirlər. Azərbaycanda isə “Lala Bot” daha çox lağ obyektinə çevrilib. Belə ki, insanlar çatbota mənasız suallar verərək aldıqları cavabı sosial şəbəkə hesablarında paylaşırlar.

Texnobloqer Fərid Pərdəşünas Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, insanlar “Lala Bot”dan daha çox özləri ilə bağlı sual soruşurlar: “Təəssüf ki, “Lala” da bu suallara doğru və səhih cavab vermir. Əksər insanları soyad bağlılığı səbəbilə xalq artisti, müğənni və ya digər tanınmış insanlarla qarışdırdığına görə yanlış məlumat verir. Eyni zamanda, bizim sitatistikalar göstərir ki, insanlar tərəfindən siyasi, intim münasibətlər haqqında suallar daxil edilir. Sosial şəbəkədə də yazdığım kimi, “Lala Bot”u biz planlaşdırmamışıq”.

Müsahibimz qeyd edib ki, alqoritmik olaraq “ChatGPT”nin “API”larına dayanır və bütün məlumatlar “ChatGPT”nin məntiqi əsasında gəlir: “Bəzi insanlar yazır ki, “Lala” siyasətə qarışmır, trol botdur və yaxud Fərid özü qəsdən onu siyasətə qatmayıb. Xeyr, sadəcə “ChatGPT” belə bir imkan vermir ki, o, siyasi fikir bildirsin, siyasi şəxslər haqqında rəy versin. Bu, tamamilə “ChatGPT”ə bağlıdır, biz sadəcə bir brend yaratmışıq. Ona Azərbaycan dilində bəzi girişlər əlavə edib daha rahat istifadəçi interfeysi vermişik. Həmçinin, Teleqramda, Messengerdə rahat imkan yaratmışıq”.

“Siz qlobal “ChatGPT” ilə “Lala” vasitəsilə danışırsınız” deyən Pərdəşünas qeyd edib ki, burada bizim öz əlavələrimiz də var. “Özümüzün məlumat bazamız var ki, “Lala” onlar əsasında cavablar hazırlasın. Təkcə “ChatGPT”ə bağlı deyil, sadəcə məntiq olaraq ondan istifadə edir. Bəzən rəylərdə yazırlar ki, azərbaycanlıların yaratdığı bot bundan artıq olmayacaq. İnsanlar başa düşmür ki, əslində, onlar azərbaycanlıların yaratdığı bot ilə yox, qlobal bir botla danışırlar. Belə aşağılayıcı rəylər, həqiqətən, yolverilməzdir. Çünki bunu heç azərbaycanlı yaratmayıb. Əgər “ChatGPT”ni azərbaycanlı yaratsaydı, bizim cəmiyyət belə rəyləri ilə onu heç cür qabağa getməyə qoymazdı. Bir daha cəmiyyətin azərbaycanlıya, öz içindən olana qarşı belə bir aqressiyasını görmək mənim üçün üzücüdür. Mən sadəcə “Lala Bot”u yaratmışam. İnsanlar necəsə həmişə aşağılamağı sevirlər”, - deyə Fərid Pərdəşünas vurğulayıb.


Geri dön