Ana Sayfa > Karusel / Təhsil > Dövlət qulluğuna müsahibə elan edildi
Dövlət qulluğuna müsahibə elan edildi10-04-2023, 16:50. Yazar: Admin |
19 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 58-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 132-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 10 aprel 2023-cü il tarixindən 10 may 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (127 vəzifə) tərəfindən təqdim olunub.
Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 190 vakant vəzifənin 7-si inzibati vəzifələrin dördüncü təsnifatına, 29-u beşinci təsnifatına, 12-si altıncı təsnifatına, 142-si yeddinci təsnifatına aiddir.
Qeyd edək ki, dövlət orqanları arasında vakant vəzifəyə çıxarılan yerlər bunlardır - //exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=514#collapse214 Geri dön |