Ana Sayfa > Karusel / Region > İran Güney Azərbaycanda Novruz adətlərimizi necə dəyişdirir? - ARAŞDIRMA

İran Güney Azərbaycanda Novruz adətlərimizi necə dəyişdirir? - ARAŞDIRMA


28-03-2023, 16:07. Yazar: Admin

İran Güney Azərbaycanda Novruz adətlərimizi necə dəyişdirir? - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Novruz bayramı adətlərinə dair məqaləsini təqdim edir.

Artıq Novruz bayramını geridə qoymuşuq. Xalqımızın min illərlə böyük şövqlə keçirdiyi Novruz bayramı eyni zamanda, qədim adət-ənənələrimizin qorunması, onların növbəti nəsillərə ötürülməsi deməkdir. Bəs görəsən Novruz bayramı, Novruz adətləri Güney Azərbaycanda necə qorunur, güneyli soydaşlarımız min illərin adətlərini gələcək nəsillərə ötürə bilirlərmi? Və bu yolda hansı maneələrlə qarşılaşırlar?

Birinci yazı - XOY

İkinci yazı - Urmiya

Şübhəsiz ki, bir millətin həmrəyliyində ortaq dil və tarixlə yanaşı, bayramlar və bununla bağlı adət-ənənələr kimi mədəni elementlər də mühüm rol oynayır. Günümüzdə Novruz bayramı müxtəlif xalqlar arasında və müxtəlif ölkələrdə qeyd olunsa da, bu tarixi ənənə eyni şəkildə qeyd edilmir. Başqa sözlə, Novruz bayramı ümumbəşəri irs sayıldığı halda, bayramın keçirilməsinin keyfiyyəti və tərzi müxtəlif xalqlar arasında fərqlidir və bu xalqların hər biri məhz özünə aid adət-ənənələrlə bayramı qutlayırlar.

İranda hər bir sosial, tarixi və mədəni hadisə kimi bayram da siyasi xarakter alıb. Bir tərəfdən, İran hökuməti və ifrat fars millətçiləri farsçılığı və mədəni assimilyasiyanı təbliğ etmək üçün bu mədəni və tarixi fürsətdən istifadə etməyə çalışırlar. Digər tərəfdən isə, Güney Azərbaycanın fəalları və ziyalıları Güney Azərbaycan millətini öz adət və ənənələrini qoruyub saxlamağa təşviq etməyə çalışırlar.

Təbii ki, digər sahələrdə olduğu kimi, bu sahədə də İran hökumətinin mədəni hücumu ilə üzləşməyin qeyri-bərabər müharibə şəklini aldığını söyləmək yerinə düşər. Belə ki, bir tərəfdə bütün kütləvi informasiya vasitələrinə, eləcə də uşaq bağçalarından universitetlərə ​​qədər ölkənin təhsil sisteminə sahib olan və hər bir məsələ kimi, Novruz bayramını da zahiri olaraq İrançılıq simvolu kimi, əməldə isə farsçılığın simvolu kimi təbliğ etməyə çalışır. Hətta İran İslam Respublikası rejiminin İrandan kənarda fəaliyyət göstərən müxaliflərinin güclü media və televiziyaları da bu qeyri-bərabər döyüşdə tamamilə rejimin tərəfindədirlər. Əsasən, İran İslam Respublikası rejiminin əleyhdarları bu rejimi devirmək və mərkəzi hakimiyyəti ələ keçirmək istəsələr də, İranın indiki hakimləri kimi, hətta onlardan da çox irqçi və farsçıdırlar.

Qeyd etdiyimiz kimi, bu qeyri-bərabər döyüşün digər tərəfində bir yandan farsçıların zəhərli təbliğatını zərərsizləşdirməyə, digər yandan isə Azərbaycanın mədəni komponentlərini tanıtmaqla Güney Azərbaycan türklərini bu komponentləri qoruyub saxlamağa sövq etməyə çalışan Güney Azərbaycanın ziyalıları, mədəni, ictimai və siyasi fəalları var.

Lakin güneyli fəalların imkanları farsyönümlü sistemin media və təhsil müəssisələri ilə müqayisədə çox gücsüz və müqayisə olunmazdır. Qısacası, qarşı tərəflərin əllərində olan imkanların yüzdə biri Güney Azərbaycandan olan fəallarda yoxdur. Məsələn, qarşı tərəfdə onlarla televiziya kanalı gecə-gündüz farsçılığı təbliğ edərkən, Novruz bayramında müxtəlif xüsusi proqramlar yayımlasa da, güney azərbaycanlıların keyfiyyət və kəmiyyət baxımından həmin güclü televiziyalarla rəqabət apara biləcək televiziya kanalı belə yoxdur.

Baxmayaraq ki, bu sadə müqayisə ilə, bu qeyri-bərabər savaşın nəticəsi ən azı uzunmüddətli perspektivdə aydındır; lakin ən azından bu günə qədər Güney Azərbaycanın mədəni, ictimai və siyasi fəallarının səyləri səmərəli olub, hətta unudulmuş bəzi adət-ənənələrin yenidən canlanmasının şahidi oluruq. Bəlkə də Güney Azərbaycanda türk və fars mədəniyyətinin bu qarşıdurmasını daha yaxşı başa düşmək üçün ilk öncə Güney Azərbaycan türklərinin hələ də müəyyən dərəcədə qorunub saxlanılan bəzi bayram adət və ənənələrinə nəzər salaq, sonra isə bu mərasimlərdə fars mədəniyyət elementlərinin təsirini qeyd edək.

Güney Azərbaycanda bayram adətləri

Güney Azərbaycanda bayram adətləri, Kiçik Çillənin sona çatmasıyla, yəni bayrama bir ay qalandan başlar. Quzey Azərbaycanda unudulmuş olan Çillə gecəsi, ilin ən uzun gecəsi sayılır. Çillə gecəsində ailələr bir araya gələrək ilin ən uzun və ən soyuq gecəsini bir neçə xüsusi yemək, meyvə, qoz-fındıq yeyərək, bir-birləriylə söhbət edərək, ailənin isti atmosferində keçirirlər. Güney Azərbaycanda iki çillə var. Böyük Çillə qışın ilk gecəsindən başlayır və 40 gün sürür. Kiçik Çillə isə Böyük Çillənin bitdiyi gündən başlayır və 20 gün sürür. Demək, bayrama bir ay qalmış çillələr sona çatır və bayram ayı başlayır. Bu gün fars təqvimi əsasında qışın son ayına Esfənd ayı deyilsə də, hələ də güney azərbaycanlıların çoxu bu aya Bayram ayı deyir.

Bayramı qarşılamağa hazırlıq işləri bayram ayının başlamasıyla birlikdə başlayır. Bütün evlər diqqət və zövqlə təmizlənir. Xalılar, xalçalar yuyulur və ya təmizlənir. Dam-divar silinir. Uşaqlara və hətta böyüklərə bayram paltarı deyilən yeni paltarlar alınır. Qohumlara və tanışlara bayramlıqlar alınır, yaxud hazırlanır. Evlərdə yazın nişanəsi olan buğda və ya mərcimək göyləri göyərdilir. Quzey Azərbaycanda bu göylərə səməni deyilir, amma Güney Azərbaycanda səməni buğda göyərtisindən bişirilmiş, çox ləzzətli şirniyə deyilir. Səməni bişirmək də bayram dəblərindən sayılır.

Yazın gəlişini qarşılamaq üçün edilən bu işlərlə eyni zamanda, hər birinin özünəməxsus adət-ənənəsi olan ilin axır dörd çərşənbəsi də – su, od, yel və torpaq çərşənbələri kimi qeyd olunurdu. Bu gün Güney Azərbaycanın əksər bölgələrində ilin yalnız sonuncu çərşənbəsi qeyd olunur. Ancaq, ilin son çərşənbəsi deyə bilinən bu axşamın mərasimlərinə və adət-ənənələrinə diqqət yetirdikdə başa düşürük ki, əslində dörd çərşənbənin də adət-ənənələri, mərasimləri orada cəmləşib.

Məsələn, tonqal qalayıb üstündən atılmaq, kəndlərdə bulaq başına gedib əl-üzlərini axar su ilə yumaq və evlərə bulaq suyu gətirmək, hətta axar suyun qırağında niyyət edib dilək tutmaq, küzə suyuyla fala baxmaq, səhər tezdən qonşunun evinə bir kasa su calamaq və hətta bəzən sulaşmaq, adaxlı qızlara bəy tərəfindən və evli qızlara ata-anası və qardaşları tərəfindən çərşənbəlik deyilən bayram payı aparmaq, uşaqların qədimlərdə damlardan şal sallaması və hazırda isə qapıları çalıb gözə görünmədən şal buraxması, sonra dönüb ev sahibinin şal içinə qoyduğu çərşənbəliyi alıb götürmək, başqa bu cür oyunlar və s. Bunlar bayram ərəfəsində və ilin axır çərşənbəsində yaşanan adət və ayinlərin yalnız bir hissəsidir.

Bu adət və mərasimlərin bəziləri Güney Azərbaycan şairlərinin şeirlərində və xüsusilə ustad Seyid Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya Salam” adlı ölməz əsərində öz əksini tapıb. Məsələn, ustad Şəhriyar şal sallamaq adəti haqqında belə deyir:

“Bayramıdı gecə quşu oxurdu

Adaxlı qız bəy corabın toxurdu

Hər kəs şalın bir bacadan soxurdu

Ay nə gözəl qaydadı şal sallamaq

Bəy şalına bayramlığın bağlamaq”

Bu günlər bir çox azərbaycanlı gənclər Azərbaycan rəqslərini öyrəniblər və ilin son çərşənbə gecəsində və ya Novruz bayramı kimi milli bayramlarda gözəl Azərbaycan rəqsləri ifa edirlər. Bu səhnələr Azərbaycan xalqına xoş gəlsə də, əksər hallarda dövlət məmurları tərəfindən əngəllənir. Əvəzində isə son iyirmi ildə yayğınlaşan yandırıcı maddələr və partlayıcı fişənglərlə İranın digər bölgələrinin şəhərləri kimi, Azərbaycan şəhərləri də dəhşətli və qorxulu döyüş səhnələrinə çevrilir.

Yazın müjdəçiləri

Güney Azərbaycanda son onilliklərdə unudulan adətlər arasında yazın müjdəçiləri sayılan sayaçıların aradan getməsi də yer alır. Sayaçılar bayramqabağı Güney Azərbaycanı kənddən-kəndə gəzər, oxuduqları maraqlı şeirlərlə insanları coşdurub onlara yazın gəlməsinin müjdəsini verib camaatdan bayramlıqlarını alıb gedərdilər. Onların Güney Azərbaycan xalq ədəbiyyatında hələ də unudulmaz yerləri vardır. Sayaçıların oxuduqları şeirlərin bəzi misralarına nəzər salmaq yaxşı olar:

“Sayaçı Məmməd gəldi

Xeyr-o bərəkət gəldi...

Bu saya yaxşı saya

Hamıya baxşı saya

Həm bahara, həm yaya

Həm ülkərə, həm aya

Həm yoxsula, həm baya

Uğurlu yaxşı saya...”

Xoşbəxtlikdən hələ də tam yoxa çıxmayan adətlərdən biri də yazın daha bir müjdəçisi olan təkəmçilər və təkəmçilik dəbidir. Son illərdə Güney Azərbaycanın mədəniyyət fəalları tərəfindən bu mədəni simvolların qorunub saxlanması üçün çoxlu səylər göstərilib. Təkəm əslində, soyuq və ölümcül qışdan sonra zirvələrin başına çıxan və günəşin doğuşunu görən qırmızı və sarı tüklü erkək keçidir. O, bir-birinin ardınca şəhərləri, kəndləri gəzərək hər kəsə yazın gəlişini müjdələyir, müjdəlik alırdı. Hələ də Azərbaycanın bəzi şəhərlərində yaşayan qocalar var ki, onlar Azərbaycanın şəhər və kəndlərində bu ritualı icra edirdilər. Ortasında keçi təsviri ilan yuvarlaq bir taxtanı hərəkət etdirərək yazın gəlişi haqqında şeirlər söyləyirdilər:

“Bu təkənin fəndi var

Ayağının bəndi var

Hər qapıda oynasa

Bir nəlbəki qəndi var”

 

Təkəmçilər

Bayramda hər evdə bayram süfrələri açılar, süfrələri milli yeməklər o cümlədən dolmalar, boyanmış yumurtalar, göyərdilmiş göylər, bişirilmiş səmənilər, şirniyyatlar, qoz-fındıq, meyvələr, ayna, şam qoyulardı. Yaslı evlərdə bayram süfrəsi açılmazdı və başsağlığı verməyə gələnlər sadəcə xurma və çaya qonaq edilərdi. Yaslı evlərin bayramına Qara Bayram deyilərdi və yaslı evlərə bayramlıq yerinə yaslama, yaxud yasdançıxarma deyilən rəngli paltarlar aparılardı və yaslılardan bu paltarları geyib yasdan çıxmaları istənilərdi. Ağsaqqal ataların və ağbirçək anaların görüşünə gedilər, bütün küskünlər barışdırılardı. Ağsaqqal atalar və ağbirçək analar Azərbaycanımızın sinədəftər yaddaşları olaraq xalq ədəbiyyatımızda olan dastanları anladar və hamı zövqlə qulaq asardı.

“Bayram uşaqlarındır” deyə bir söz var. Uşaqlar bayram paltarını geyib qonaqlıqlarda bir araya gəlib əylənərdilər. Günümüzdə bayrama məxsus olan oyunların bir çoxu unudulmaqdadır. Bu canlı və şən oyunların yerini kompüter oyunları və mobil telefonlar doldurub.

(Təbrizdə təkəmçi abidəsinin sökülməsi)

İran rejiminin bayram mərasimini təhrif etməklə bağlı atdığı addımlar

Yuxarıda xatırlatdığım dəblərin hamısı hazırda məhv olub aradan getməyib. Hələ də bir çox yerlərdə bu dəblər az-çox yaşamaqdadır. Ancaq daha əvvəl də dediyim kimi, İranın farsçı rejimi azərbaycanlıların bayramının əhval-ruhiyyəsini və mahiyyətini dəyişdirmək, ona bütövlükdə farsçılıq donu geyindirmək istəyirlər. Beləliklə də farsçılığı Güney Azərbaycan türkləri arasında yaymağa can atırlar.

Güney Azərbaycanda Kosa və Keçəl ənənəsi olmasa da, onu daha çox sayaçılar və təkəmçilər əvəz edir. Ancaq dediyim kimi, 30-40 il bundan qabağa qədər var olan sayaçılar bu gün yoxdurlar. Təkəmçilərin varlığının qorunmasına baxmayaraq, farsçı zehniyyət yazıda qeyd etdiyim kimi, televiziya və kütləvi informasiya vasitələriylə, eləcə də uşaq bağçaları və məktəblər vasitələriylə, Güney Azərbaycan türklərinə aid olan adətləri unutdurmağa və farslara aid olan adətləri təbliğ etməyə çalışır. Məsələn, sayaçılar və təkəmçilərin yerinə Güney Azərbaycan türklərinin mədəniyyətinə heç aidiyyəti olmayan Haci Firuz və Əmi Novruz kimi fars mədəniyyət elementlərini yayğınlaşdırmağa çalışırlar. Halbuki istər Kosa və Keçəl elementləri, istərsə də sayaçılar və təkəmçilər olsun, Azərbaycan türklərinin yaşayış fəlsəfəsinə söykənən atributlar sayılırlar, ancaq Hacı Firuz yaltaqlıq və alçaqlıqdan başqa bir şey ifadə etmir.

(Ərdəbil şəhərində dövlət tərəfindən ucaldılmış Hacı Firuz abidəsi)

Oxuduğu şeirlər ilə beş qəpik puldan ötrü hamıya yaltaqlıq edən Hacı Firuz elementi bayram ərəfələrində uşaq bağçalarında Güney Azərbaycan türklərinin uşaqlarını nümayiş etdirilir və bütün şəhərlərdə onun fiqurları qoyulur, əvəzində təkəmçilərin Təbriz şəhərində olan abidələri sökülür!

(Güney Azərbaycan mədəniyyətinə aidiyyəti olmayan Hacı Firuz elementi insanlara yad olsa da, hökumət tərəfindən təbliğ edilir)

Bununla yanaşı, nənə-babadan öyrəndiyimiz bayram süfrəsi yerinə “Həftsin süfrəsi” deyilən süfrə ənənəsini dəb halına salırlar. Bununla da bayram süfrələrində yer alan nemətləri süfrələrdən çıxarıb yerinə fars mədəniyyətinin elementlərini salırlar. Beləliklə, farsların bayram ənənələrini türklərə yeritməyə çalışır, türklüyü və Azərbaycanlılığı unutdururlar.

Bütün bu tədbirlərə əlavə olaraq, gecə-gündüz televiziya və kütləvi informasiya vasitələri ilə Novruz fəlsəfəsinin fars millətinə, farsların mifologiyasına və tarixinə aid olduğunu iddia edirlər və təbii ki, bu həcmdə böyük reklamlar bəzi güney azərbaycanlıların beyninə və fikrinə təsir edib və onları fars mədəniyyətinə cəlb edib və nəhayətdə onların farslaşmasına səbəb olur.

Gördüyümüz kimi, Novruz mədəni bir hadisə olsa da, qardaşlıq və qarşılıqlı sevgiyə işarə etsə də, bu gün İranda tam bir siyasi mahiyyət qazanıb və ciddi çəkişmələrə yol açıb. Güney Azərbaycan türklərinin böyük bir hissəsi, xüsusilə ziyalılar, mədəni, ictimai və siyasi fəallar Novruz bayramı mərasimlərində öz mədəni elementlərini qoruyub saxlamağa çalışırlar.


Geri dön