Ana Sayfa > Karusel / Gündəm > Polkovniklərdən sensasion açıqlamalar - Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubova ittihamlar
Polkovniklərdən sensasion açıqlamalar - Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubova ittihamlar28-03-2023, 14:20. Yazar: Admin |
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə proses davam edir. Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə zala gətirilən müttəhimlərin qoluna qandal vurulmur.
Qaynarinfo xəbər verir ki, sonuncu prosesdə müttəhim Vüsal Ələkbərovun ona qarşı ittiham irəli sürülən epizodlara münasibət bildirməsilə davam etdirilib.
Vüsal Ələkbərov bildirib ki, "Texnikabank” sədri Etibar Əliyev və onun qohumlarından hədə-qorxu ilə pul almayıblar. Etibar Əliyevin barəsində istintaq apardığını bildirən müttəhim deyib ki, həmin ittiham üzrə Etibar Əliyev məhkəməyə verilib və barəsində çıxarılan hökm bu gün də qüvvəsindədir.
Etibar Əliyevin ona qarşı qərəzli olduğuna diqqət çəkən Vüsal Ələkbərov deyib ki, epizod üzrə ittiham yalnız onun yaxınlarının verdiyi ifadələrə əsaslanır: "Etibar Əliyev mənə qarşı qərəzlidir deyə, şər atır. Başqa nəyə görə ola bilər ki?”
Vüsal Ələkbərov Bakı Hərbi Məhkəməsində işə baxarkən Azərbaycan Respublikasının qanunlarına riayət olunmadığını deyib. Onun iddiasına görə, sübutlar yoxlanılarkən mənbəyi araşdırılmayıb, mötəbərliyi qiymətləndirilməyib. Müttəhim deyib ki, Bakı Hərbi Məhkəməsində qərəzli ifadələr sübut kimi götürülüb və hökm çıxarılıb.
Vüsal Ələkbərov iş üzrə zərərçəkənlər Rauf Kərimov və Cavidan Hacıyevin epizodu üzrə də sübut olmadığını bildirib. Deyib ki, bu epizodlar üzrə şahid, mötəbər, təkzibolunmaz sübut yoxdur.
"Etibar Əliyev tanışları, pulu hesabına bizə ittiham verdirdi. Hansı ki, bizə ittiham verilən əmlakı satmaqla gedib kreditlərini ödəyib. Yer kürəsi yumrudur, fırlanır. Müəyyən məsələlər var ki, vaxtı çatanda onları da deyəcəyəm. Burada Akif Qurbanov yoxdur. O dedi ki, mən ona qarşı hörmətsizlik etmişəm. Heç kim deyə bilməz ki, onu söymüşəm. Bizim leksikonumuzda elə şey yoxdur. Heç köpəyoğlu sözü də olmayıb dilimizdə. Mən Mövlam Şıxəliyevi özümə rəis seçməmişdim. Onu rəis təyin ediblər. Mən Mövlam Şıxəliyevə xidmət etmirdim ki... Mən Azərbaycan Respublikasına xidmət etmişəm. Akif Qurbanovla telefon kəsişməm olmayıb. Bir dəfə danışmışam, o da oğlunun telefonu ilə. Demişəm ki, a kişi, qayıt gəl, səninlə heç kimin işi yoxdur. Yalandan deyir açın baxın, nə qədər telefon danışığa var”, deyə Vüsal Ələkbərov bildirib.
Zərərçəkən Müsənnif Salahovun epizodu üzrə danışarkən müttəhim deyib ki, onunla da telefon danışığı olmayıb: "Deyir ki, guya mən dəfələrlə onunla əlaqə saxlayıb pul istəmişəm. Cinayət işi materiallarında da var. Mənim onunla heç bir telefon danışığım yoxdur. Onunla bağlı işi başqa müstəntiqlər aparıblar. Mənə aidiyyatı yoxdur. İfadə verir ki, guya müstəntiq onu aparıb idarə rəisinin müavinin yanına. Guya pulu orada almışam. Yaxşı, mən pul alırdımsa, niyə idarə rəisinin müavinin yanında alırdım, elə özüm alardım da. Bu epizod üzrə nə həmin müstəntiq, nə də idarə rəisinin müavini dindirilmədilər. Müsənnif Salahov Etibar Əliyevə "atmaq” üçün belə bir ifadə verib. Etibar Əliyev onunla həbsdə çıxandan sonra yəqin ki, "otçyot-uçot” aparıb. O da yəqin deyib ki, bu qədər də xərcim bu məsələyə çıxıb. Ondan heç kim, heç nə almayıb.
Biri gəlib deyir ki, qoyunlarımı satdım, gətirib 600 min verdim. Sənin işini kim aparıb get onunla dava elə, mənimlə niyə dava aparırsan? Guya Təhsin Ağayev xəstədir? Xəstədirsə, Allah köməyi olsun. Onun xəstəlik kağızları işə tikilənə qədər Müsənnif Salahov Təhsin Ağayevin adını çəkir. Xəstəlik kağızları işə tikiləndən 3 gün sonra isə onu təkrar dindirirlər, deyir ki, Vüsal Ələkbərov da orada idi. Müsənnif Həsənovu dindirən müstəntiqin məhkəmədə dindirilməsini istədim. Lakin o, məhkəmə sədrinin tələbə yoldaşı olduğundan çağırıb dindirmədilər. Qoymadı dindirməyə. Nadir Mustafayev məhkəmə sədrinin qrup yoldaşı idi. İstintaqa da ona görə çağırmadılar ki, Eldar Mahmudovun yerlisi idi. Çağırıb dindirsəydilər, bir soruşardılar ki, Vüsal orada olub ya olmayıb?”
Vüsal Ələkbərov həbs olunmasını peşə fəaliyyəti ilə əlaqələndirib, bildirib ki, xarici xüsusi xidmət orqanlarının səyi nəticəsində həbsə alınıb. Qeyd edib ki, Azərbaycanın Avropa Şurasına qəbul olunmasında şəxsən özünün böyük xidmətləri olub. O, ABŞ-ın Tanzaniyadakı səfirliyinin partladılmasına rəhbərlik etmiş şəxsin həbsində də şəxsən iştirak etdiyini diqqətə çatdırıb.
Vüsal Ələkbərov məhkəmədən xahiş edib ki, barələrində ədalətli qərar qəbul edilsin.
Müttəhim Sahib Ələkbərov isə çıxışına hakimlərə təşəkkür etməklə başlayıb. Sədrlik edənsə ondan işin mahiyyəti üzrə danışmasını istəyib.
Sahib Ələkbərov deyib ki, zərərçəkən Qulam Bağırovla ilk telefon danışığı 2009-cu ilin noyabrında olub. Barəsindəki hökmdə isə həmin ilin oktyabrında danışdığı qeyd olunub.
İş üzrə müstəntiq Əli Babayevi obyektiv, hərtərəfli istintaq aparmamaqda ittiham edən Sahib Ələkbərovun sözlərinə görə, dəfələrlə xahiş edib ki, Qulam Bağırov və digəriləri barəsində olan iş məhkəməyə gətirilərək baxış keçirilsin.
Sahib Ələkbərov deyib ki, Qulam Bağırov saxta olduğunu bilə-bilə travel çekləri "Azəriqazbank”a təqdim etdiyi üçün istintaqa cəlb olunub.
Zərərçəkən şəxs Ceyhun Seyidovun epizodundan danışan Sahib Ələkbərov bildirib ki, bu epizod Rəhman Musayevin cinayət işinin ayrılmaz tərkib hissəsidir:
"Rəhman Musayev beynəlxalq transmilli cinayətkar şəbəkənin başçısı olub. Onlar internet üzərindən ABŞ, Avropa, Çin, Koreya, Yaponiya vətəndaşlarının bank kartlarından pullarını oğurlayıb onlayn ticarətlə məşğul olmuşdu. İstintaq zamanı dəstə üzvü Emin Zəkiyev göstərmişdi ki, onlayn yolla kart sahiblərindən taladıqları pulları Bakıda fəaliyyət göstərən mobil texnologiyalar şirkətinin hesabına köçürüblər. Oradan mobil telefonlar əldə edərək Azadlıq prospektində, "Əlincə line” mağazalar şəbəkəsində satmaqla nağdlaşdırıblar. Həmin mağazalar şəbəkəsi Azad Seyidova məxsus idi. Azad Seyidov axtarışdan hansısa yollarla xəbər tutub ABŞ-a qaçmışdı. Bir daha Azərbaycana qayıtmayıb. Bu gün də Ceyhun və Azad Seyidov qardaşları ABŞ-da yaşayırlar. Onlar Rəhman Musayevin rəhbərlik etdiy mütəşəkkil cinayətkar dəstənin üzvləridir. İndi də xarici ölkə vətəndaşlarının bank kartlarından pul oğurlamaqla məşğuldurlar. Məhz bu səbəbdən Azərbaycana qayıtmırlar. Mən kiməm ki, Azad Seyidovun Azərbaycana qayıtmağına maneçilik törədim?
Mobil texnologiyalar şirkətinin 4 vəzifəli şəxsini şübhəli şəxs qismində 2012-ci ilin iyununda tutdum. Bunun üçün Rüstəm Usubova məruzə elədim. Qayda belə idi. İş bitdi, tutdum, istintaq təcridxanasına təhvil verdim, çıxdım getdim evə. Səhər mənə zəng gəldi. Səhər tezdən idi. Dedilər ki, baş prokuror Zakir Qaralov, Elmar Camalov, Rüstəm Usubov, Eldar Mahmudov öz kabinetlərindədirlər. 2012-ci il iyunun 6-sı idi. Dedilər ki, dünən tutduğun adamları şübhə təsdiq edilmədiyinə görə təcili olaraq həbsdən azad elə. Həmin 4 adamı azad etmək üçün qərar qəbul edib, hörmətli Mövlam Şıxəliyevin imzası ilə istintaq təcridxanasına, bir nüsxəsini isə Baş Prokurorluğa Elmar Camalova aparmışam. O da sual etdi ki, bilirsənmi ki, o şirkət kimindir? Dedim ki, vicdanıma and olsun bilmirəm. Deyəndən sonra mən sanki qəflət yuxusundan ayıldım. Elmar Camalov dedi ki, baş prokuror Zakir Qaralov tərəfindən tapşırılıb ki, bu şirkət barədə araşdırmanı dayandır. Mən də bundan sonra o şirkət barədə hər hansı bir araşdırma aparmadım. Qərarlarımın surətini də 1-ci instansiya məhkəməsinə təqdim eləmişəm”.
Sahib Ələkbərov deyib ki, Elmar Camalov ona Zakir Qaralovun icazəsi olmadan hər hansı bir bankda istntaq aparmaq olmaz deyib. Sahib Ələkbərov bu epizod üzrə də xitam qərarı verilməsini xahiş edib.
Sahib Ələkbərov deyib ki, Qulam Bağırovla bağlı istintaq apardığı dövrdə ona dəyəri 1 milyon manat olan çek verib və deyib ki, "yaxşı oğlansansa, get bunu araşdırır”. Mən də araşdırdım, bankın İdarə Heyətinin 3 üzvündən birini çağırıb dindirdim. Çoxsaylı zənglər gəlməyə başladı. Dindirdiyim şəxs də qulağıma pıçıldadı ki, "bilərsən bu bank kimindir”. Nazirlərdən birinin oğlunun bankı idi, Mirmövsüm ağanın törəmələrindən biri də şərikdir".
Qulam Bağırov düzəliş verərək deyib ki, çek 1 milyon manatlıq deyil, 500 min manatlıq olub. Həmin çeki Sahib Ələkbərov axtarış apararkən onun çantasından götürüb.
Hakim Qulam Bağırovdan çıxışını dayandırmağı tələb edib. Sahib Ələkbərov bildirib ki, sonradan ona zəng edərək araşdırmanı dayandırmasını, dindirdiyi şəxsdən üzr istəyib sərbət buraxılması istənilib: "Mən də üzr istəyib həmin şəxsi sərbəst buraxdım”.
Yenidən Rəhman Musayevlə bağlı epizoda qayıdan Sahib Ələkbərov deyib ki, əgər onun əməlində cinayət tərkibi varsa, eyni epizod üzrə digər vəzifəli şəxslərə də ittiham elan olunmalı idi: "Mənim əməlimdə cinayət varsa, Mövlam Şıxəliyevə də, Rüstəm Usubova da ittiham verilməli idi. Kim bunlara ixtiyar verib ki, qanuna ikili yanaşsınlar? Birinə desinlər ki, sən cinayət eləmisən, digərilərinə isə sən yaxşı oğlansan, get vəzifə pillələrində yüksəl? MTN ləğv olunanda baş prokuror Zakir Qaralov çıxıb elan etdi ki, kim MTN-dən şikayətçidir, müraciət etsin. O zaman haqqı olan da, olmayan da müraciət etdi. Haqqı olmayanlardan biri də Rəhman Musayev və onun anası idi. Anası rəhmətə gedib. Rəhman Musayev də deyir ki, pulu vəkilim vasitəsi ilə vermişəm. Vəkilin adını da çəkə bilmir”.
Sahib Ələkbərov həbsini Rüstəm Usubovun ona qarşı qərəzli münasibəti ilə izah edib: "Özümdə də var, Gününsəsi.info da mənim Rüstəm Usubovu dindirmə protokolunu da dərc edib. Sizə də təqdim edəcəyəm. Oradan görünür ki, cinayətkar kimdir, mütəşəkkil cinayətkar quldur dəstəsinin rəhbəri kimdir. Adama məlumat verirlər ki, cinayəti törədən 3 çeçendir. 3-cü mikrorayonda yaşayırlar, 1-ci mərtəbədə sağ qapıdır. Hərəsində də iki tapança var. Rüstəm Usubov həmin an ünvana gedib orada olanları tutub gətirməli idi. Mən onu dindirəndə hədələyib ki, gün gələcək, səni içəri qoyub dindirəcəyəm. 4-5 il ərzində cəhd etdi ki, məni həbs etsin, lakin sübutlar toplayıb həbs edə bilmədi. Qərəz bax buradadır.
Eldar Əhmədov Hacı Məmmədovu çağırıb dindirib, dindirməni yarımçıq saxlayıb. Hacı Məmmədov da gedib Zamirə Hacıyevanı oğurlayıb. Hansı hüquqla bu adam mənim barəmdə istintaqa rəhbərlik edib? Rüstəm Usubov CPM-ə istinadən öz-özünə etiraz verməli idi. Çünki mən onu dindirmişdim. Mənim işim üzrə istintaqa rəhbərlik edə bilməzdi. Öz şəxsi maraqları naminə ciddi qanun pozuntularına yol verib. Rüstəm Usubov özü-özünə etiraz etməli idi. Eldar Əhmədov da həmçinin. O cümlədən də onların rəhbərlik etdikləri istintaq qrupu üzvlərinin heç birinin mənə qarşı istintaq aparmağa mənəvi haqqı yox idi.
Mən onların hamısından safam, təmizəm. Ondan sonra Hacı Məmmədovun dəstəsindən 1 generalın, bir nəfər də polkovnikin cinayət işinin istintaqını aparmışam. Özü də istintaq təcridxanasından 35 səhifəlik etirafnamə yazıb göndərib mənə. Adamın başına torba keçirib Vladivastokda tutub Azərbaycana gətiriblər. Onların hayıfını alırlar məndən. Rəna Nəsibovanın qətli epizodu üzrə üstünü basdırıb işi atmışdılar arxivə. Mən kriminalistik addımlar atmaqla o cinayətin üstünü açmışam. Bax onda səhlənkarlıq etmişəm. Amma başqa hər hansı bir cinayət törətməmişəm”.
Sahib Ələkbərov çıxışının sonunda barəsində ədalətli qərar verilməsini xahiş edib.
Geri dön |