Ana Sayfa > Karusel / Qarabağ > “Ordumuz yüksəklikləri nəzarətə götürdü, indi qalır...” - Polkovnikdən mühüm açıqlama

“Ordumuz yüksəklikləri nəzarətə götürdü, indi qalır...” - Polkovnikdən mühüm açıqlama


27-03-2023, 16:12. Yazar: Admin

“Ordumuz yüksəklikləri nəzarətə götürdü, indi qalır...” - Polkovnikdən mühüm açıqlama

“Sülhməramlılar utandığından o əraziləri tərk edib getməlidir. Ona görə ki, onlar növbəti dəfə üzərlərinə düşəni etmədilər və Azərbaycan Ordusu yenidən məcburiyyət qarşısında qalıb lazım olan işləri gördü”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində nəzarətə götürdüyü yüksəklikdən, habelə qanunsuz erməni silahlı birləşmələrinin daşıdığı silah-sursatların qarşısının alınması üçün həyata keçirilən əməliyyatlardan söz açıb.

Polkovnikə görə, bununla da sakitləşmək olmaz:

“Çünki Rusiya sülhməramlıları Qarabağda öz bizneslərindən əl çəkmək niyyətində deyillər. Onlar bölgəyə tamam başqa məqsədlər üçün gəldiklərini bu 2 il 6 ay müddətində sübut ediblər. Əgər düşünürüksə ki, bundan sonra Qarabağdakı separatçı rejimə silah-sursat daşınmayacaq, yanılmış olaraq.

Son vaxtlar sülhməramlılar bir az iştaha gəlmişdilər və silah-sursatı açıq və gizli yollarla daşıyırdılar. Lakin unutmayaq ki, Rusiya sülhməramlılarının avtomobillərində mina da aparılır, silah da. Bu vəziyyətdən yeganə çıxış yolu Laçın yolunda postun qoyulmasıdır”. 

“Millətimiz indi köklənib ki, ordumuz yüksəklikləri ələ götürdü və s. Başa düşürəm, yüksəklikləri nəzarətə götürmüşük, amma məsələnin həlli bu deyil axı? Məsələnin həlli həmin yolda postun qoyulması, oraya kimin gəlib-getməsi və nəyin aparılıb-gətirilməsidir. Biz buna diqqəti yönəltməliyik. 

Rusiya sülhməramlıları bundan artıq nə deməli idilər? Onlar bəyanatında Azərbaycan tərəfini günahlandırırlar, halbuki özlərinin fəaliyyətsizliyi və cinayətləri ilə bağlı bir cümlə də dilə gətirmirlər. Biz bu məsələyə diqqəti yönəltməliyik ki, siz, nəhayət, üzərinizə düşən öhdəliyi yerinə yetirəcəksiniz, ya yox?”, - əlavə edib. 

Müsahibimiz xatırladıb ki, Prezident İlham Əliyev üçtərəfli sənəd imzalayıb və o sənədə əsasən, 2020-ci ilin noyabr ayında bölgəyə gələn sülhməramlılar müəyyən işlər görməli idi. 

Onun sözlərinə görə, üstündən 2 il 6 ay keçib, lakin sülhməramlıları heç bir iş görməyiblər, əksinə, vəziyyəti bir az da qəlizləşdirib və dərinləşidirblər: 

“Ona görə də Rusiya sülhməramlılarına, ümumiyyətlə, fikir vermək lazım deyil. Düşünürəm ki, Azərbaycan artıq Rusiya sülhməramlılarına bəslənən ümidin doğrulmamasına görə onların bölgədən çıxıb getməsi ilə bağlı fikrini rəsmi şəkildə dilə gətirməlidir. Heç çəkinmək də lazım deyil. Ona görə ki, biz bu müddət ərzində açıq şəkildə görmüşük ki, onlar separatizmi dəstəkləyirlər. Aratik Arutyunyanı, Ruben Vardanyanı və digər separatçıları aparıb-gətirirlər. Onların saxlanılması və Azərbaycana təhvil verilməsini, ümumiyyətlə, düşünmürlər və düşünmək də istəmirlər”. 

Hərbi analitik hesab edir ki, bütün bunların fonunda Azərbaycan dayanmamalı və bunun ardını gətirməlidir:

“5 martda hərbi qulluqçularımızın şəhid olduğu zaman səsləndirilən bəyanatların arxasında dayanmalı və oradakı qeyri-qanuni silahlı birləşmələr dərhal çıxarılmalıdır. Biz prosesin davamını gətirib birdəfəlik bu məsələyə son qoymalıyıq. Hələlik isə Rusiya bunda maraqlı görünmür. Çünki bu məsələyə son qoyulacağı təqdirdə Rusiya yavaş-yavaş şələ-şüləsini yığışdırmağa hazırlaşacaq. Rusiya isə bunu istəmir. Amma bura bizim ərazidir və biz suverenliyimizi tam şəkildə bərpa etməliyik”. 

“O ki qaldı nəzarətə götürülən yola, bu, bizim ərazidir və hərbi qulluqçularımız o yerləri yaxşı tanıyıb, yaxşı bilirlər. Sabah ermənilər, yaxud Rusiya sülhməramlıları tərəfindən hansısa bir qeyri-qanuni hərəkət olacaqsa, hərbçilərimiz bunun qarşısını dərhal almaq üstünlüyünə yiyələnəcəklər. Biz orada hansısa topu-tüfəngi yerləşdirməyəcəyik ki, harasa atəş açaq. 

Qarabağda bundan sonra görüləcək işlər “zərgər işləri” olmalıdır. Yəni xüsusi təyinatlılar ayrı-ayrı silahlı birləşmələri zərərsizləşdirəcəklər və əvvəllər Qarabağda apardığımız genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmayacaq. Ona görə ki, orada olan şəxsi heyətlə bizim komando və xüsusi təyinatlılarımız qısa bir müddətdə rahat şəkildə məsələni həll etmək gücündədir”, - deyə hərbi ekspert yekunlaşdırıb. 


Geri dön