Ana Sayfa > Karusel / Mədəniyyət > “Siyavuş Aslan məni pulsuz-parasız məktəbə düzəltdi” –ALİM QASIMOV

“Siyavuş Aslan məni pulsuz-parasız məktəbə düzəltdi” –ALİM QASIMOV


17-03-2023, 09:59. Yazar: Admin

“Atamın çox gözəl səsi var idi. Bəlkə də vaxtında sənətlə məşğul olsaydı, çox gözəl xanəndə olardı. Uşaqlıqda mənim üçün öz əlləri ilə saz, nağara düzəltmişdi. Atam bilirdi ki, istedadım var, amma mənə musiqi təhsili verməyə imkanı yox idi. Ailədə atama, anama çox kömək etmişəm. Allah cəmi valideynlərə rəhmət etsin. Atam da onların içində”

 

Qarabaginfo.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov bir neçə gün öncə dünyasını dəyişən atası Həmzə kişi haqda danışarkən deyib.
Sənətindən danışan şöhrətli sənətkar səhnəyə gətirdiyi yeniliklərdən də danışıb.
“Bəzən deyirlər ki, xanəndə belə oturmalıdır, belə durmalıdır. İfa vaxtı bardaş da qurmaq olar. Mən də məhz yerdə oturub, bardaş qurdum. Bu mənim ifama da çox gözəl təsir etdi. Sərbəstlikdir də. Uşaqlıqda da elə yerdə oturub, bardaş qurub yemək yemişik. Monoton həyat mənlik deyil. Bəzən özüm tamaşaçı qismində özümə baxıram. Çalışıram ki, tamaşaçıları yormayım. Bir xətt üzrə getmək mənlik deyil. Bu mənim özümü də darıxdırar. Hər zaman istəmişəm ki, tamaşaçıya maraqlı olum” deyə sənətkar bildirib.
Sənətkar “Deyirlər ki, muğam sənətinə gəlməyinizdə görkəmli aktyor Səyavuş Aslanın rolu olub. Bu həqiqətdirmi?” sualına belə cavab verib.
“Səyavuş Aslanın qaynanamın yaxın qohumu idi. Mən də o vaxt təzə evlənmişdim. Musiqi məktəbinə girməli idim, amma pulum yox idi. Qaynanam Səyavuş Aslanın yanına gedib, mənim üçün xahiş etdi. Səyavuş Aslan böyük aktyor idi. O məni pulsuz-parasız məktəbə düzəltdi. Bu baxımdan mənə böyük köməkliyi dəyib” deyə sənətkar bildirib.
Xalq artisti sənətdəki qısqanclıqlardan da danışıb.
“Bu sənətdə qısqanclıqlar da olur. Bəzən müəllimimiz bir ağız zümzümə edirdi, deyirdi ki, “bu sandıq maldır”. Yəni, bu onun arxividir. Bir dəfə Ağaxan Abdullayev imtahanda mənə “Rast” muğamının kürdü yerində zəngulə öyrətmişdi. Nəriman Məmmədov az qalırdı ki, Ağaxan müəllimi öldürsün ki, bunu niyə öyrətmisən ona?! Qısqanclıq yaxşı şeydir, amma gərək tələbəyə də nəsə verəsən” deyə sənətkar bildirib.
Alim Qasımov ustadı Hacıbaba Hüseynovla bağlı bir xatirəni də bizimlə bölüşüb.
“O vaxt Hacıbaba Hüseynovdan dərs almışam. Bir köhnə “moskviç”-im var idi. Dərs qurtaran kimi onu mindirib aparırdım evinə. Bir usta kimi hörmət edirdim. Bütün dərslərimiz bir konsert, tamaşa idi. “Humayun” muğamında bir-iki keçid var idi ki, onu yaxşı əzbərləyə bilmirdim. Maşınımın içində maqnitofon qoyub, Hacıbaba Hüseynovun səsini yazdım. Sual verirdim, cavablandırırdı. O zaman bilmədi ki, mən onun səsini yazıram. 70 illik yubileyində bu sirri ilk dəfə açıb ona dedim. İndi maşallah diktofonlar da var, telefonlar da, amma səsimizi yazıb, öyrənmək istəyənlər yoxdur. Hərdən deyirəm ki, yazın, öyrənin də” deyə sənətkar bildirib.

Geri dön