Ana Sayfa > Karusel / Qarabağ > Xankəndi separatçıları Bakıya gəlmək üçün şərt qoydu: söz bitdi, növbə Ordumuzundur!
Xankəndi separatçıları Bakıya gəlmək üçün şərt qoydu: söz bitdi, növbə Ordumuzundur!15-03-2023, 13:19. Yazar: Admin |
Prezident Administrasiyası erməni icması ilə növbəti görüşü onların əsl paytaxtında təklif etsə də, separatçılar Laçın yolunun açılması şərtini irəli sürdü; hərbi və siyasi ekspertlərə görə, burada “rus barmağı” var...Prezident Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün erməni icmasının nümayəndələrini ikinci görüşə dəvət edir. Yaxın günlərdə Bakıda görüşün keçirilməsi təklif olunur. Qarabağ ermənilərinin Bakı nümayəndələri ilə ilk rəsmi görüşü martın 1-də Xocalıda Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə keçirilib. Xocalıda Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında olan ilk görüşdən sonra Xəlifəli yolunda baş verən təxribat bu təmasları yenidən qeyri-müəyyən müddətə təxirə saldı. Görüşdən sonra xeyli çatlaq səslər vardı: xüsusən Xankəndidəki separatçı rejimin təmsilçiləri narahat olmuşdular, “Azərbaycanla birgəyaşayış mümkün deyil” deyə, bəyanat da vermişdilər. İddia edirdilər ki, bu təmas yalnız Laçın yolundakı vəziyyət, enerji təchizatı və s. kimi “humanitar problemləri” həll etmək üçün idi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə “Azatutyun” radiostansiyasına son müsahibəsində iddia edib ki, Bakının Qarabağ ermənilərinin inteqrasiyası məsələsində israrı səbəbindən danışıqları irəli aparmaq çətin olacaq. Qriqoryanın deməyinə görə, danışıqların “təhlükəsizlik və ermənilərin hüquqlarını müzakirə etmək çərçivəsində qalması lazımdır”. Kəsəsi, Ermənistan bizə öz ağlınca ayar verir, yol göstərir ki, erməniləri inteqrasiya ilə yormaq, qorxutmaq lazım deyil. Xankəndidəki qondarma rejimin “təhlükəsizlik şurası” isə iddia edib ki, görüşdə Bakının dediyi kimi, “Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanla reinteqrasiyası məsələləri” müzakirə edilməyib, erməni tərəfi buna razılaşmayıb, deyiblər ki, bu beynəlxalq səviyyəli görüşün müzakirə predmeti ola bilər, görüş yalnız “blokadanın” götürülməsi və bununla bağlı problemlərin həlli istiqamətində addımların müzakirəsinə həsr olunub. Erməni tərəfi rəsmi nümayəndələrin növbəti görüşünün Rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan “Gəncədə və ya Ağdamda baş tuta biləcəyi” ilə bağlı deyilənlər də təkzib etmişdi. Ermənistanın “Hraparak” nəşri isə yazıb ki, martın 10-da baş nazir Nikol Paşinyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüş keçirib və ermənilərin Azərbaycana inteqrasiyasının zəruriliyindən danışıb. Yeri gəlmişkən, deputat Səməd Seyidov Qarabağda yaşayan ermənilərə müraciət edib. “Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək”, - deyə “Twitter” hesabında yazıb. Lakin Xankəndidəki separatçı rejim növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib: “Qarabağdakı erməni əhalisinin "hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər". İndi Bakıda görüşlə bağlı təklif yerində səslənib, amma ermənilər gələcəkmi? “Hraparak” nəşrinin yaydığı son məlumata görə, Araikin başçılıq etdiyi separatçılar Bakının dəvətini qəbul etməmək üçün təxribatçı təkliflər irəli sürüblər. Bildirilib ki, Bakıda görüşün baş tutması üçün Laçın-Xankəndi yolunda 93 gündür davam edən ekoloji aksiya dayandırılmalı, Xankəndidə yerləşən qondarma qurum tərəf kimi qəbul edilməlidir. Separatçıların bu cür yanaşma sərgiləməsi gözlənilən idi. Məqsəd sülh prosesini ləngitmək, Rusiya sülhməramlılarının olduğu ərazilərdə vəziyyəti gərginləşdirməkdir. Ermənistan silahlı qüvvələrinin ordumuzun mövqelərini atəşə tutması da təsadüfi deyil. İrəvan bu addımla destruktiv mövqedən geri çəkilmək niyyətində olmadığını bir daha göstərir...
Üzeyir Cəfərov Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a söylədi ki, separatçılar yerləşdiyi ərazidən kənara çıxmaq istəməyiblər: “Xocalıdakı görüşdə iştirakdan sonra separatçıların liderlərindən təhdidlər səslənməyə başlanmışdı. Araik və Vardanyan eyni mövqedən çıxış edirlər ki, müharibəyə hazır olmalıyıq. Ona görə biz Qərbə nəyisə göstərməkdənsə, addımlar atmalıyıq. Faktiki, martın 14-də yenə mövqelərimiz atəşə tutuldu. Ermənilərlə bu müzakirələr gedə bilər, amma ermənilər yenə silahlanır, separatçılara silah-sursat daşınır. Kim qanunlarımıza tabe olacaqsa, qəbul edəcəyik, başa düşməyəcəklərsə, öz cavabımız olmalıdır”. Hərbi ekspertin fikrincə, onların qidası, dəstəyi Rusiyadan gəlir: “Rusiya da separatçılara deyir ki, müzakirələrdə iştirak etməyin. Ona görə vaxt itirməməliyik və separatçıların hərbi gücünü artırmasına imkan verməməliyik”. Politoloq Əziz Əlibəyli hesab edir ki, Samvel Babayanın açıqlaması fonunda müəyyən qüvvələr Bakı ilə razılığa gəlmək istəyir və dərhal da bunu realizə etməyə çalışırlar: “Bu prizmadan baxanda indiki vəziyyətdə administrasiyanın təklifi Qarabağda olan ermənilərin anti-Azərbaycan mövqeyini sarsıtmaq, onları parçalamaqdır. Və Azərbaycanın həyata keçirəcəyi antiterror əməliyyatlarına əsas hazırlamaqdır. Bu düşüncənin arxasında həm də informatik olaraq separatçı rəhbərliyin tərk-silah olması anlayışı dayanır”.
Asif Nərimanlı Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, separatçıların buna qarşı çıxması gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir: “Lakin imtina etmələri də Bakının əlini gücləndirir. Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, ”separatçılar erməni əhalisi deyil" və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir. Qarabağda mümkün praktiki addımların - həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı - terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır".(müsavat.com) Geri dön |