Ana Sayfa > Karusel / Sosial > “Hacı Şahinin ailəsi bu addımı atmağa məcbur oldu” - Dostu danışdı 

“Hacı Şahinin ailəsi bu addımı atmağa məcbur oldu” - Dostu danışdı 


13-03-2023, 14:50. Yazar: Admin

 

“Hacı Şahinin ailəsi bu addımı atmağa məcbur oldu” - Dostu danışdı 
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin vəfatından 10 gündən çox vaxt keçməsinə baxmayaraq, onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. 

Martın 2-də Yasamal qəbiristanlığında mərhumla keçirilən izdihamlı vida mərasimindən sonra Hacı Şahinin qəfil ölümü ölkə mətbuatının bir nömrəli mövzusuna çevrildi. 

Yenisabah.az xatırladır ki, mərhumun vəfatından sonra baş verən hadisələr - məzarının hər gün ziyarət edilməsi, qəbiristanlıqda gecələr keşik çəkilməsi, şəxsi yazışmaların ictimailəşdirilməsi Hacı Şahinin şəxsiyyətinə olan marağın azalmasına imkan vermir. 48 yaşlı ilahiyyatçının məzarı üstündə təşkil olunan anım tədbirləri onun davamlı olaraq gündəmdə qalmasını təmin edən əsas faktorlardan biri idi. 

Qeyd edək ki, ötən həftə Hacı Şahin Həsənlinin ailəsi onu sevənlərə müraciət edərək mərhumun məzarının ziyarət edilməsini dayandırmağı xahiş etdi. Həsənli ailəsinin bu müraciəti birmənalı qarşılanmadı. Özlərini Hacı Şahinin davamçısı, hətta pərəstişkarı sayan çoxlu sayda insan bundan narazı qaldıqlarını açıq şəkildə dilə gətirdilər. 

Hacı Şahin Həsənlinin ailə üzvlərinin bu cür müraciətə imza atmasına səbəb nədir? 

Dostlarından biri “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ailəsi məcburiyyət qarşısında qalaraq bu addımı atıb:

“Ailə öz başçısını, ən əziz adamını itirib. Onlar hələ də bu faciənin şokunu yaşayırlar. Hamı razılaşar ki, Hacı Şahinin qəfil ölümü ən çox onun ailə üzvlərini ağrıdır. Mediada aparılan müzakirələr, lazımsız söz-söhbətlər ailənin başını qatır, onları lüzumsuz müzakirələrə cəlb edir. Nəticədə bu adamlar dərdlərini çəkə, acılarını yaşaya bilmirlər. Bəzən bir gündə yüzlərlə insan Hacı Şahinin ailə üzvləri ilə danışmaq, onlarla müxtəlif məsələləri müzakirə etmək istəyir. Bu isə fiziki baxımdan mümkün deyil. Üstəlik, gecə ziyarətləri, məzarlıqda keşik çəkilməsi əlavə problemlər yaradırdı. Bəzi adamlar bu məsələni siyasiləşdirməyə can atırdılar. Kimlərsə xoşagəlməz söz-söhbətlərlə Hacı Şahinin ruhunu narahat edirdi. Buna görə də ailəsi qəbirüstü abidənin hazırlandığını əsas gətirərək insanlardan Hacının məzarını ziyarət etməməyi xahiş etdi”. 

Müsahibimiz deyib ki, möminlər, Hacını tanıyan, sevən insanlar ailənin müraciətinə hörmətlə yanaşaraq mərhumun məzarını ziyarət etməyi dayandırıblar. 

“Hazırda məzarın ətrafında hər hansı iş getmir, çünki Hacının qəbirüstü abidəsi hələ hazır deyil. Bu proses 40 mərasiminə kimi başa çatacaq. Buna baxmayaraq, nadir hallarda onun məzarının ziyarətinə icazə verilir. Daha çox ucqar rayonlardan gələn adamların və sağlığında Hacı Şahinlə isti münasiubətləri olan bir neçə ağsaqqalın onun məzarını ziyarət etməsinə şərait yaradılır. Bu vəzifəni Məşədi Dadaş məscidinin əməkdaşları icra edir”. - deyə həmsöhbətimiz fikrini tamamlayıb.


Geri dön