Ana Sayfa > Karusel / Gündəm > Sahil Babayev 190 manatdan danışdı: “Təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq”

Sahil Babayev 190 manatdan danışdı: “Təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq”


7-08-2020, 11:34. Yazar: Admin

"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

O bildirib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək:

 

"Əlbəttə, təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq. Ola bilər ki, kimsə sahibkarlıq fəaliyyətinə başlayıb, əmək müqaviləsi imzalayıb. Bunlar hamısı araşdırılacaq. Bununla da COVİD-19 dövründə yalnız birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq".

 

Nazir bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Onun sözlərinə görə, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır".

 

"Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə 3,3 mlrd. manata yaxın vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb".


Geri dön