Ana Sayfa > Karusel / Gündəm > “Universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana...” -  “Bu, rəzalətdir”

“Universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana...” -  “Bu, rəzalətdir”


11-03-2023, 14:31. Yazar: Admin

“Universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana...” -  “Bu, rəzalətdir”

Tanınmış rəqqasə, aktrisa  Oksana Rəsulovanın “Naxçıvan” Universitetində qonaq olması böyük müzakirələrə səbəb oldu. Cəmiyyət sənətçinin universitetdə qonaq olmasını birmənalı qarşılamadı, rəqqasə, aktrisanın universitet tələbələrinə hər hansı bir şey öyrədə bilməyəcəyini iddia etdi. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür Oksana Rəsulovanın universitetə nə məqsədlə çağrıldığını, nədən danışdığını bilmədiyi üçün insanların onu linç etdiyini deyib:

“Bu məsələdə bir az qarışıqlıq var, ora Naxçıvan Dövlət Universiteti deyil, özəl “Naxçıvan” Universitetidir. Hansı ki, bundan əvvəl həmin universitet Talıbovların himayəsində idi. İndi onlardan alınıb və ora yeni rektor təyin olunub. Bu rektor da bilmirəm hansı səbəbdən düşünüb ki, belə bir tədbir etməlidir. 

Mən universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana Rəsulova universitetin yaradıcılıq fakültəsinin uşaqları ilə görüşüb, çünki o həm də aktrisadır. Bəlkə aktyorluqla bağlı, oynadığı filmlərlə bağlı nəsə danışırmış. Mən kimisə linç etmək, daşlamaq tərəfdarı deyiləm, vəzifəsindən, peşəsindən asılı olmayaraq kimi universitet tələbələrinin qarşısında oturtsan, tələbələrə deməyə sözü olacaq. Məsələ odur ki, onu ora kim və niyə aparıb. Problem Oksanada deyil, problem Oksananı ora aparanlardadır”. 

Onun sözlərinə görə, sənətçinin universitetə çağrılması hər bir halda rəzalətdir və “Naxçıvan” Universiteti bu haqda açıqlama verməlidir:

“Nə Oksana Rəsulova, nə də universitet bu barədə çıxıb heç bir açıqlama vermirsə, o zaman biz ancaq şəkillərə baxıb mövzu haqqında danışmalı oluruq. Əgər onlar bu görüş barədə məlumat vermirlərsə, deməli, yanlış anlaşılmaya da şərait yaradırlar. Açıq danışsaq, bunun onsuz da doğru anlaşılması yoxdur, bu, rəzalətdir. 

Bu universitet 1993-cü ildən yaradılmış təhsil ocağıdır, ölkənin ən böyük tarixə malik olan universitetlərindən biridir. Bu universitetin Azərbaycan ictimaiyyətində nüfuzu olan yüzlərlə məzunu var. Bura özəl universitetdir, nə istəyərəm, edərəm deyə bir şey yoxdur. Çıxsınlar, elədikləri hərəkətin açıqlamasını versinlər. Əgər məsələnin müdafiə olunası tərəfi varsa, biz də müdafiə edək. Amma ümumilikdə Naxçıvandan gələn xəbərlər, şəkillər orada yaxşılığa doğru dəyişimin olduğundan xəbər vermir. Məsələnin pis tərəfi də budur. 

Mənə və cəmiyyətə universitet tələbələrinin qarşısında ziyalı, akademik, həyat hekayəsi olan adamları görmək daha xoşdur. 

Amma nəzərə alaq ki, tələbələr də cəmiyyətin bir üzvüdür, bu xalq kimləri sevirsə, tələbələr də onları sevir. Bəlkə də orada əvvəlcədən səsvermə ediblər ki, kim gəlsin, bəlkə 5 akademikin, bir də Oksana xanımın adını səsverməyə qoyublar, tələbələr də Oksananı seçib? Bunu açıqlasınlar. Desinlər ki, bizim tələbələr dünyada tanınan azərbaycanlıları, ziyalıları yox, məhz Oksana xanımı seçdilər. Biz də bilək ki, vəziyyət nədir”.(Yenisabah) 


Geri dön