Ana Sayfa > Karusel / Gündəm > “Məhkəmə sədrləri Ramiz Rzayevə bağlı adamlardır” - Hüquqşünasdan islahatlara çağırış

“Məhkəmə sədrləri Ramiz Rzayevə bağlı adamlardır” - Hüquqşünasdan islahatlara çağırış


10-03-2023, 17:14. Yazar: Admin

“Məhkəmə sədrləri Ramiz Rzayevə bağlı adamlardır” - Hüquqşünasdan islahatlara çağırış

“Qanunda məmurlar üçün pensiyaya çıxma yaşı var. Bu, Ali Məhkəmənin sədrinə də aiddir. Ona görə də Ramiz Rzayev tutduğu vəzifəsindən getdi”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, Ali Məhkəmə sədri Ramiz Rzayevin son yaş həddi ilə pensiyaya göndərilməsindən sonra növbənin kimlərə çatacağı ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, R. Rzayevin istefaya getmə mövzusunu da məhz Ə. Həsənov gündəmə gətirmişdi.

Hüquqşünas bildirib edib ki, “azad edildi” ifadəsini düzgün hesab etmir:

“Ali Məhkəmə sədri azad edilmədi, sadəcə səlahiyyət müddəti bitdi. Ramiz Rzayev ən yüksək yaş həddinə çatmışdı deyə getdi.

Ümumiyyətlə, məmurların arasında oxşar yaş hədlərində olan digərləri də var və səhv etmirəmsə, onlar üçün ən yüksək yaş həddi 65 olmalıdır”.

Müsahibimiz iddia edib ki, son vaxtlar bu qayda bir çox məmurlara tətbiq olunmur:

“Əslində, hakimlər və məmurların yaş həddi çatıbsa, onlar vəzifədən getməlidirlər. Bu ənənəni saxlamaq lazımdır və hamısı yaşı dolanda vəzifəsindən getməlidir.

Məhkəmə-hüquq sisteminə gəldikdə, əlbəttə, orada köklü kadr islahatları aparılmalıdır. Ədliyyə Nazirliyindən başlayıb məhkəmələrə qədər bunu etmək vacibdir. Bu, xüsusilə məhkəmə sədrlərinə şamil olunmalıdır. O sədrlər ki çoxdandır vəzifədədir.

Mən bunu yaş həddinə aid etmirəm. O hakimlər son yaş həddinə çatmasalar da, bu gün məhkəmə sistemindəki vəziyyət çox pisdir. Hər gün məhkəmələrə çıxan bir adam kimi deyirəm ki, vəziyyət bərbaddır”.

“Ölkənin ədliyyə-məhkəmə sistemində kadr islahatları getməlidir. Biz niyə Ramiz Rzayev məsələsinə xüsusi diqqət yetirirdik?! Bizə görə bu, kadr islahatlarının başlanğıcıdır. İndi Ramiz Rzayev getdi, görək, ardınca hansı dəyişiklər baş verəcək.

Təəssüf ki, belə bir qayda da var, çox adam vəzifədə olan şəxslərə bağlıdır. Hakimlər və məhkəmə sədrlərinin bir neçəsi Ramiz Rzayevə bağlı adamlardır. Ona görə də bu sahədə islahatların davam etdirilməsi labüddür”, – deyə Ə. Həsənov fikirlərini sonlandırıb.


Geri dön