Ana Sayfa > Karusel / Qarabağ > Separatçılardan sarsaq iddia: Ermənilər həddini aşdı

Separatçılardan sarsaq iddia: Ermənilər həddini aşdı


8-03-2023, 14:51. Yazar: Admin

Separatçılardan sarsaq iddia: Ermənilər həddini aşdı

“Separatçıların bütün bu davranışlarının arxasında təkcə onların iddiaları dayanmır, eyni zamanda, qondarma rejim təmsilçiləri onları idarə edən qüvvələrin və həmçinin, Azərbaycan ərazilərində mövcudluğunu qoruyub saxlamaq istəyən Rusiya sülhməramlılarının fikirlərini ifadə edirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyanın son açıqlamasında münasibət bildirib.

Xatırladaq ki, qondarma “DQR” təmsilçisi Bakı-Xankəndi görüşlərinin növbəti raundunu istisna edərək bildirib ki, Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək hüququndan vaz keçməyəcəklər. Separatçı onu da əlavə edib ki, Qarabağ və ətraf ərazilərin, habelə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya məsələsi qeyri-mümkündür.

Öz növbəsində, E. Mirzəbəyli söyləyib ki, son dövrlərdə bu qəbildən olan mesajlar təkcə onlar deyil, eləcə də bir çox ölkələr tərəfindən səsləndirilmişdir:

“Biz mütəmadi olaraq Fransanın da belə bir mövqeyinin olduğunun şahidi oluruq. Başqa bir fikirlər də Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində dilə gətirildi. Burada guya separatçıların öz müqəddəratını təyinetmə hüququnun olduğu barə iddialar irəli sürüldü”.

E. Mirzəbəyli əmin edib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydındır:

“Çünki Azərbaycan ərazilərində separatçılıqla məşğul olan insanların nə deməyindən asılı olmayaraq, ermənilər artıq öz müqəddəratlarını tarixi Azərbaycan torpaqlarında – bugünkü Ermənistan ərazilərində təyin ediblər.

Digər tərəfdən, əgər bütün bu prosesin sonunda separatçıların bu iddiaları ilə razılaşmalı olacaqdıqsa, onda bütün bu mübarizə, 44 günlük savaş və Azərbaycan ordusunun qələbəsi nəyə lazım idi?! Azərbaycan 44 günlük müharibə dövründə BMT qətnamələrini icra edib və sərhədləri çərçivəsində işğalçını məğlub edib. Bu da Qarabağ məsələsinin tarixə qovuşduğunu bəyan edir”.

Partiya funksionerinin sözlərinə görə, bundan sonra aparılan heç bir danışıqda separatçılara hansısa statusun verilməsi ilə bağlı müzakirə aparılmayıb:

“İstər Brüssel, yaxud Rusiyada aparılan görüşlərdə və ya ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən danışıqlarda separatçılarla bağlı hər hansı bir məsələ gündəmə gəlməyib. Çünki bu, Azərbaycanın daxili işidir və müzakirə mövzusu deyil.

Bəyanatlar isə sonda sübuta yetirir ki, təmasların davam etdirilməsi və Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin qarşısının alınmasında maraqlı olan qüvvələr daha aktiv hərəkətə keçiblər. Təbii ki, bu aktivliyin qarşısı sərt şəkildə alınmazsa, hadisələrin yenidən təkrarlanması kimi uğursuz bir ssenari ilə qarşılaşa bilərik”.

“Bu aspektdən də ermənilərin cavabı ən sərt şəkildə verilməlidir. Paralel olaraq da Laçın yolunda Azərbaycanın tam nəzarəti bərpa olunmalıdır. Eləcə də müvafiq dövlət strukturlarının ölkənin sərhəd-keçid məntəqələrindəki rejimləri necə tətbiq olunubsa, Laçın yolunda da eynisi tətbiq olunmalıdır.

Qısası, məsələni artıq qoparıb atmaq lazımdır və bu sağalan bir şey deyil. Ona görə də “cərrahi əməliyyat”a ehtiyac duyulur”, – deyə E. Mirzəbəyli fikirlərini bitirib.


Geri dön