Ana Sayfa > Karusel / Gündəm > Deputatlar uşaq pulunun bərpa olunması məsələsini Milli Məclisdə qaldırıblar
Deputatlar uşaq pulunun bərpa olunması məsələsini Milli Məclisdə qaldırıblar6-08-2020, 13:17. Yazar: Admin |
"Ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı". Qarabaginfo.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaq pulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: “Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaq pulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaq pulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?” Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”. Spiker Sahibə Qafarova isə qeyd edib ki, uşaq pulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin burada çox çıxışı olub: “Bunu yaxşı olar ki, nəzərə alasınız”. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib: “Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaq pulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, ölkədə bundan əvvəl uşaq pulu ümumi hamıya verilib: “Amma həmin uşaq pulunun məbləği çox aşağı olduğu üçün bu, ünvanlı dövlət sosial yardımı haqqında qanunun qəbulu ilə əlaqədar uşaq pulları aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir”/ Apa Geri dön |