Ana Sayfa > Karusel / Qarabağ > "Ermənistandan Qarabağa daha bir alternativ yol var: “Natəvan yolu” deyirlər..."

"Ermənistandan Qarabağa daha bir alternativ yol var: “Natəvan yolu” deyirlər..."


6-03-2023, 15:26. Yazar: Admin
Dövlət Təhlükəsizıik Xidmətinin rəisindən  artıq dərəcədə xahiş edirəm, məni qəbul etsin: Qarabağ haqda söyləyəcəyim bir sıra vacib və məxfi mətləblər var...”
“Dünən – martın 5-də Qarabağdakı separatçı-terrorçuların iştirakıyla törədilmiş təxribat hər birimizi, xüsusən də Qarabağ qazilərini hiddətləndirdi... Allah bu təxribatın qarşısını alan zaman həlak olan şəhidlərimizə rəhmət eləsin!.”
 
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, ehtiyatda olan döyüşçü polkovnik Azay Kərimov söyləyib.
 
“Oxucuların yadından çıxmayıbsa, təxminən iki ay bundan öncə biz saytınız vasitəsilə hazırda “Ermənistan” adlanan Zəngəzurdan Qarabağa gedən hazırkı Gorus-Şuşa-Laçın-Xankəndi yoluna alternativ qrunt və at-araba yollarından, o cümlədən dünən erməni təxribatı törədilmiş  Xankəndindən əvvəlcə Kərkicahan qəsəbəsinə, 1 km-dən sonra  Xəlifəli, daha sonra isə Şırlan kəndi vasitəsi ilə Laçın-Şuşa yoluna birləşən qrunt yoldan bəhs etmişdik. Həmin söhbətdə xəbərdar etmişdik ki,  deyilən yolla Xankəndinə silah-sursat da, canlı qüvvə də, yaxud Azərbaycanın ərazi bütövlüyünə qarşı mitinqlərdə iştirak etmək üçün Ermənistandan bir neçə günə minlərlə erməni də daşına bilər... Bilirsiz, mən uşaqlıqdan ata-anamla birgə tərəkəmə həyatı yaşamışam deyə, Şuşa, Laçın, Xocalı, Xankəndi ərazilərinə qarışbaqarış bələdəm. Hansı cığırın haradan keçdiyini yaxşı bilirəm”- deyə davamında polkovnik bildirib.
 
“İndi isə xəbərdar etmək istəyirəm ki,  Turşsu-Xəlfəli-Kərkicahan-Xankəndi yolunu bağlasaq da, ermənilərin ciddi ehtiyac yarandıqda  yararlana biləcəyi daha bir alternativ yol var. Bu yol Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndləri yaxınlığından və Turşu qəsəbəsi, Zarıslı kəndləri ərazilərindən keçərək dağ-dərə və meşələrlə düz Şuşa yaxınlığındakı İsa bulağının yanına çıxır. Bildiyiniz kimi, İsa bulağı da hazırda Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin və deməli, separatçı və işğalçı hayların nəzarəti altındadır... Düzdür hələ Xan qızı Xurşidbanu Natəvanın dövründə çəkildiyindən və buna görə də “Natəvan yolu” adlanan və o zamanlar, karvan, yəni at-araba yolu kimi istifadə edilən bu yol bir az dardır. Xeyli sıldırımlı, çətin ərazilərdən gedir. Amma bərk ayaqda dediyim kimi, düşmənlərimiz eni 3-4 metr olan bu yol vasitəsi ilə də Qarabağa silah-sursat və canlı qüvvə də daşıya bilərlər. Həmin yolla hətta “Qaz-69”, “Niva” kimi avtomobillər də gedə bilər...
 
Bilirsiz, mən Əfqanıstan müharibəsində şahidiyəm ki, mücahidlər bizim dağlardan da sərt relyef və iqlimli dağlardakı dar cığırlar ilə at, eşşək və qatırlar vasitəsilə nəinki adi atıcı silahlar, onlar üçün sursatlar, qumbaralar, minalar, hətta “Stinqer”, “İqla” kimi zenit-raket kompleksləri də daşıyırdılar. Yəni ermənilərin də bunu etməsi mümkündür...
 
Bütün bu dediklərimi və deyə bilmədiklərimi nəzərə alaraq saytınız vasitəsilə Dövlət Təhlükəsizıik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən  artıq dərəcədə xahiş edirəm, məni və ehtiyacdısa, daha bir neçə digər təcrübəli, peşəkar döyüşçü zabit olmuş I Qarabağ müharibəsi qazisini qəbul etsin: Qarabağ haqda söyləyəcəyimiz bir sıra vacib və məxfi mətləblər var...”- deyə polkovnik açıqlamasını tamamlayıb.
 

Geri dön