Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə AFP agentliyi MAQATE-nin hesabatına istinadən yazıb.
Agentliyin məlumatına görə, hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 202,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir.
MAQATE müfəttişləri həmçinin İranın nüvə obyektində rekord həddə – 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər ki, bu da demək olar ki, nüvə bombası istehsal etmək üçün kifayətdir.
Nüvə silahı yaratmaq üçün 90 faiz zənginləşdirmə tələb olunur.
Hesabatda qeyd edilir ki, MAQATE və İran hələ də bu hissəciklərin haradan gəldiyini müzakirə edir. Tehran zənginləşdirmə prosesində “qəsdən olmayan dalğalanmaları” əsas gətirərək, 60 faizdən çox zənginləşdirməni rədd edir.
MAQATE dəfələrlə Tehranı uranın zənginləşdirilməsini sürətləndirməkdə ittiham edib.
İran bundan əvvəl ölkənin uranın 84 faiz zənginləşdirilməsi səviyyəsinə çatması ilə bağlı iddiaları açıq şəkildə təkzib etmişdi. İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi bu xəbərləri “faktların təhrifi” adlandırıb. O, “Tehran indiyədək uranı 60 faizdən çox zənginləşdirmək üçün heç bir cəhd etməyib” deyib.(Azpost.info)