Ana Sayfa > Karusel / Qarabağ > “Xocalı faciəsindən sonra hadisə yerinə uçmağımıza Ağdamda maneçilik edənlər oldu...”

“Xocalı faciəsindən sonra hadisə yerinə uçmağımıza Ağdamda maneçilik edənlər oldu...”


28-02-2023, 16:18. Yazar: Admin
“Xocalı faciəsindən sonra hadisə yerinə uçmağımıza Ağdamda maneçilik edənlər oldu...”
“Biz Qarqar çayının sağ sahilindəki əraziyə enəndə yaxınlıqda yeyib-içən erməni və rusların səsini eşitdik...”
31 il öncə baş vermiş əsrin faciəsi – Xocalı soyqırımı ərəfəsində və sonra baş verən olaylar barədə sabiq ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı növbəti epizodlarlarla dəyərli Moderator.az oxucularını tanış etməkdə davam edirik.
 
Bu dəfə kitab müəllifinin özünün faciədən sonrakı ilk günlər  Ağdamda və  Qaraqaya yüksəkliyi yaxınlığında Xocalı sakinlərin xeyli hissəsinin qətlə yetirildiyi məkanda baş verənlər haqda xatırladıqlarını təqdim edirik:
“Xocalı faicəsi ilə bağlı 27 fevral 1992-ci ildə saat 16:20-dən 17:35-ə kimi hadisələrin baş verdiyi yerlərdə Azərbaycan Respublikası Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Tofiq Manafov, hal şahidləri N.Ağayevin və Z. Hüseynovun iştirakı, vertolyotun heyət komandiri X.Səttarov, üzvləri F.Bayramov və Qala Əkbərovla birlikdə baxış keçirilmişdir.
 
Hadisə yerlərinə baxış protokolunda göstərilir: 
 
“Hadisə yerləri ermənilərin silahlı qüvvələri tərəfindən” müasir silahlarla atəşə tutulduğuna görə oraya 25157 saylı “Mİ-8” vertolyotundan yerə enmədən baxış keçirilmişdir. Xocalı şəhərində hadisə yerinə baxış təxminən 500-600 metr hündürlükdən keçirilmişdir. Xocalı şəhərinin mərkəzində beşmərtəbəli binanın yanması, evlərin dağıdılması, binaların ətrafında 100-ə qədər insan meyitinin olması inzibati və təsərrüfat əhəmiyyətli tikililərin yanması, xırda və iribuynuzlu heyvanların məhv edilməsi və bir çox avtomaşınların yandırılması qeyd olunmuşdur.
Düşmənin Silahlı Qüvvələrinin Xankəndi, Xocalı rayonunun Naxçıvanik(Naxçıvanlı-S.L) və Xanabad kəndləri istiqamətlərindən vertolyotu raket-zenit atəşə tutaraq vurmağa cəhd etdikırinə görə orada dəqiq baxış keçirilməsi mümkün olmamışdı. 
 
Qarqar çayının sağ sahilində, hadisənin baş verdiyi yerə vertolyotla 5-7 metr hündürlüyündə uçaraq baxış keçirildikdə isə qarla örtülmüş və topa-topa ağac kolları olan ərazidə, qarın üstündə təxminən 650-700 nəfər insan meyitinin və yaralının olması aşkar edilmişdir. Meyitlərin arasında qadın, uşaq və hətta südəmər körpələrin, hamilə qadınların meyiti müəyyən olunmuşdur. Meyitlərin, yaralıların ətrafında və yaxınlığında qan gölməçələri əmələ gəlmişdi...”
Xocalı faciəsi baş verdiyi dövrdə Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olan Musa Məmmədovun köməkçisi və sonra, yəni 1992-ci ilin aprel-iyununda eyni vəzifədə olduğum zaman mənim(müəllif - Əlisaab Orucov-S.L.) köməkçim olmuş Əsəd Fərəcovun dediklərindən:
 
“1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə bəşər tarixinə qanla yazılmış Xocalı faciəsi baş verdi. Lakin Xocalıda baş vermiş soyqırımından hamı xəbərsiz idi. Dünyanın bir çox ölkələrindən gələn jurnalistlər də bu faciə haqqında dəqiq məlumata malik deyildilər. Azərbaycan televiziyası Xocalıda cəmi iki adamın həlak olduğunu bildirmişdi. Qohum-qardaşından xəbər tutmaq istəyənlər, xarici mətbuat nümayəndələri – hamı Ağdama yenicə gəlmiş Ədliyyə naziri Əlisaab Orucovun üstünə gəlirdi...
 
O, Xocalıda dəhşətli hadisənin baş verməsini hamıya desə də, heç kim inanmırdı. Hamı çaş-baş qalmışdı. Belə olduqda Əlisaab Orucov Prezident Ayaz Mütəllibovun vasitəsilə Ağdama iki vertolyot gətizdirə bildi. Telereportyor Çingiz  Mustafayev, jurnalist Mais Məmmədov və İngiltərə, ABŞ, Fransa, Türkiyə, Rusiyanın və başqa bir çox ölkələrin 20-yə yaxın jurnalisti ilə birlikdə faciənin nəticələrini öz gözlərimizlə görüb lentə almaq üçün hadisə yerinə uçduq. Düzdür, o vaxt bu işə Ağdamda maneçilik törədənlər də oldu. Qonaq evinə təşkil olunmuş hücumla bağlı Əlisaab müəllim bizimlə gedə bilmədi...
Fevralın 29-da səhər saat 11-də Ağdam aeroportundan havaya qalxdıq. Müxbirlər hamısı susmuşdu. Yalnız Çingizlə mən danışırdıq. O deyirdi ki, necə olursa-olsun, bütün dünya bu ağlasığmaz faciədən xəbərdar olmalıdır. Vertolyotlar meyitlər olan yerə ermənilərin donuz ferması yaxınlığında Ağdamın Şelli kəndinin üst hissəsinə, Qarqar çayının sağ sahilindəki əraziyə endi. Yaxınlıqda yeyib-içən erməni və rusların səsi gəlirdi. Vertolyotlar Rusiyaya məxsus olduğundan vəhşiləşmiş quldurlar əvvəl bizə əhəmiyyət vermirdilər... 
 
Bir neçə uşaq meyitini həlak olmuş anasının qucağından ayıra bildik. Hətta jurnalist  Mais Məmmədov başı tamamilə dağıdılmış uşaq meyitini görəndə özündən getdi... Ümumiyyətlə, günahsız insanların başına nə fəlakətlər açıldığını sözlə ifadə etmək mümkün deyildi. Meyitləri belə, güllələmişdilər... Onlar eybəcər hala salınmışdı...
 
Burada kiçik arayış vermək istəyirəm. Fevralın 28-də Çingiz Mustafayevin hadisə yerində etdiyi video-çəkilişlərdəki meyitlərin əksəriyyətinin üzərində eybəcərləşmə əlamətləri yox idi. Meyitlər bu vəziyyətə Çingiz Mustafayevin fevralın 28-i çəkilişindən sonra salınmışdı. O haqda rəhmətlik Çingizin özü də fevralın 29-da hadisə yerində çəkiliş apararkən məlumat verdi... 
 
Bir saat keçməmiş quldurlar sanki ayıldılar. Hadisə yerini video-lentə aldığımıza görə bizi atəşə tutdular. Jurnalistlər özlərini itirdilər. Əlimdə qumbaranı hazır  vəziyyətdə tutmuşdum. Mən Əfqanıstan müharibəsində iştirak etdiyimdən özümü nisbətən sərbəst hiss edirdim. Vertolyotlardan biri çöllərdə qalan xocalıların axtarışıyla məşğul idi.  Hadisə yerinin çəkilişini tam başa çatdırdıqdan sonra geri -Ağdama qayıtdıq. Əlisaab müəllimin hər iki vertolyotun komandirinə etdikləri xidmətə görə göndərdiyi pulları onlara çatdırdım... 
 
Bir çox xarici jurnalistlər qətlə yetirilənlərin erməni olduqlarını iddia edirdilər. Əsəblərini cilovlaya bilməyən Əlisaab Orucov xarici jurnalistlərin diqqətini məsciddə olan kişi meyitlərinin üzərində müsəlmanlığı sübut edən əlamətlərə cəlb etdi. Bundan sonra həqiqəti dərk edən jurnalistlər yanıldıqlarını etiraf etdilər... 
Bir gün sonra Rusiyanın “Novosti” kanalı  dünyaya car çəkdi ki, doğrudan da Xocalıda bəşərin ən böyük faciəsi baş vermişdir. Digər xarici ölkə jurnalistləri də azərbaycanlıların başına gətirilən faciələr və soyqırımı ilə əlaqədar dünya ölkələrinə məlumatlar yaydılar. Xocalı faciəsinin olduğu kimi dünyaya çatdırılmasında Əlisaab Orucovun xidmətləri əvəzsiz olmuşdur...”
 
Müəllifdən:
 
Ümid edirik ki, inşallah, tezliklə Xocalı şəhəri və rayonun digər kəndləri, həmçinin hazırda Rusiyanın himayə etdiyi separatçı rejimin nəzarətində qalmış digər Azərbaycan əraziləri də dövlətimizin yurisdiksiyasına qaytarılacaq və o zaman düşməndən tam qisasımızı almış olduğumuzdan cəsarətlə “Xocalı, sən azadsan!” , “Xankəndi,  sən azadsan!”,Əsgəran, sən azadsan!”, “Ağdərə, sən azadsan!” deyə biləcəyik....

Geri dön