Ana Sayfa > Karusel > Metronun yeni stansiyası nə vaxt açılacaq - Tarix məlum oldu

Metronun yeni stansiyası nə vaxt açılacaq - Tarix məlum oldu


17-02-2023, 12:16. Yazar: Admin

 

Metronun yeni stansiyası nə vaxt açılacaq - Tarix məlum oldu

 

Bakı Metropoliteninin şərti adı B-04 olan stansiyası 2024-cü ilin sonunda təhvil verilə bilər.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

 "Metrostansiya özü 4 səviyyədən ibarət olacaq. Artıq 3 səviyyədə qazıntı işləri başa çatıb. 4-cü səviyyənin isə yarısı qazılıb. Yəni 144 metrlik platforma, ümumən isə 170 metr uzunluğunda kompleksdir. Onun təxminən 70-80 metri qazılıb. İşlər də planlı şəkildə davam edir. 4-cü səviyyə qrunt suların bol olması tikintinin normal qaydalara uyğun işinin fərqlənməsinə səbəb oldu. Bəzən  deyirlər ki, "1-ci səviyyəni tez tikdiniz, digər səviyyələrdə isə işlər ağır getdi". İş ağır getmir. Bu sadəcə olaraq işin planlaşdırılmış qaydasıdır. Bir sözlə, işlər qaydasında gedir. Aparılan qazıntı işləri bu ilin sonuna qədər tam başa çatacaq. Gələn il ərzində infrastruktur və təchizat məsələləri ilə bağlı işlər həll olunacaq. Qeyri-adi nəsə baş verməsə, 2024-ci ilin sonlarında stansiyanı təhvil vermək mümkün ola bilər",- mətbuat xidmətinin rəhbəri deyib.

 

 

Bəs, gedişhaqqının 40 qəpik olması metro sərnişinlərinin sayına necə təsir edib?

 

B.Məmmədov suala cavabında deyib: "Bu barədə danışmaq tezdir. Metronun sərnişin kontingentinin özünəməxsus xüsusiyyətləri var. Bu kontingentin içərisində tədris ocaqlarımız böyük paya malikdirlər. Hazırda tətil müddəti başa çatıb. Növbəti sessiya başlanıb. Bundan sonrakı dövrdə biz paralelləri aparıb statistik göstəriciləri, monitorinqlərimizi  bölüşə biləcəyik. Bundan danışmaq hələ erkəndir. Həftənin ortası olduğu üçün növbəti həftələrdə  biz sıxlaşdırılmış monitorinqlərimizin xüsusiyyətlərini dəyişəcəyik. Hər dövrə uyğun işlərimizi görürük. Sözügedən məsələ də bizim diqqətimizdədir".

 

Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında yerləşir.

 

Bakı metropoliteninin bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına 21 sentyabr 2021-ci ildə başlanılıb. 


Geri dön