Ana Sayfa > Karusel > İtlər dağıntı altında qalan insanları belə xilas edir
İtlər dağıntı altında qalan insanları belə xilas edir15-02-2023, 16:01. Yazar: Admin |
Türkiyənin zəlzələ bölgəsində axtarışlar davam etdirilir. Yerli qurumlar və Türkiyəyə dəstək verən ölkələrin axtarış-xilasetmə qrupları əməliyyata xüsusi təlim keçmiş itləri də cəlb ediblər.
Qarabaginfo.az xəbər verir ki, hadisənin ilk günlərində Azərbaycan Türkiyəyə 8 xüsusi təlim keçmiş xilasetmə itləri göndərib. Daha sonra Meksika, Xorvatiya, Çexiya, Almaniya, Yunanıstan, Liviya, Polşa, İsveçrə, İngiltərə və ABŞ da Türkiyəyə təlim keçmiş itlər göndərməklə, axtarış-xilasetmə işlərinə dəstək verib.
Meksikadan gələn qrupun “Proteo” adlı axtarış-xilasetmə iti dağıntılar altında qalaraq həyatını itirib. Məlum hadisədən sonra Meksikada nəşr olunan “El Financiero” qəzeti xilasedici itlərin yetişdirilməsi prosesindən yazıb.
Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip taxılır. İtlər 4 aylıq olduqdan sonra axtarış-xilasetmə qrupları ilə birgə təlimlərə başlayır və bir yaşı tamam olana qədər təlimlərə davam edir.
Onlar daha sonra orduda müxtəlif ixtisaslar üzrə xidmətə başlayırlar. Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsidir. İtlərin həssas qoxubilmə qabiliyyəti axtarış-xilasetmə işlərində xilasedici qruplara həddindən artıq kökmək edir. İtlər, həmçinin böyük əraziləri tez bir zamanda yoxlaya, axtarış apara və xilasetmə prosesini sürətləndirə bilirlər.
İtlər canlı insanların qoxusuna fokuslanır. Onlar havanı iyləyir, havadakı insan qoxu molekullarını izləyir və aşkar etdikdə “burada canlı insanlar var” siqnalı verir. Mütəxəssislərin fikrincə, dağıntılar altında qalan insanda bu qoxu çox güclü olur. Çünki qorxu və təşviş nəticəsində yüksələn adrenalin orqanizmdə təzyiqi daha da artırır. Bu vəziyyətdə itlərin qoxunu hiss etməsi daha asan olur.
Türkiyədə axtarış-xilasetmə itləri 6 aydan başlayaraq öz təlimçiləri tərəfindən davamlı olaraq öyrədilir. İtlərin performansının aşağı düşməməsi üçün təlimçilər davamlı məşqlərlə onları formada saxlayır. Namizəd itlər AFAD-ın tədris mərkəzlərində iki illik intensiv təlim keçir.
Təlim keçmiş itlər yalnız axtarış-xilasetmə işlərində istifadə edilmir. Belə ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin tərkibində fəaliyyət göstərən kinoloji taborun itləri mina və əldəqayırma partlayıcı qurğuların axtarışlarında istifadə edilir. İtlər şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlərə də cəlb olunur.
Geri dön |