Ana Sayfa > Karusel / Dünya > Dost dar gündə tanınar - Türkiyəyə kimlər yardım göndərdi
Dost dar gündə tanınar - Türkiyəyə kimlər yardım göndərdi7-02-2023, 14:08. Yazar: Admin |
Ötən gün Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bütün dünyanı dəhşətə gətirdi. Çoxsaylı insanın ölümü və xəsarət almasına səbəb olan təbii fəlakətlə bağlı dünəndən bəri bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər olub. Onlarla ölkə zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım göndəriblər. Hazırda yardım kampaniyası davam etdirilir. Qarabaqinfo.az xəbər verir ki, qardaş Türkiyəyə ilk dəstək Azərbaycandan olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Məlumat üçün bildirək ki, dünən Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib. Bu gün isə daha iki yardım təyyarəsi qardaş ölkəyə yola salınıb.
Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz edilib.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərilib. Eyni zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Böyük Britaniya
Britaniyanın baş naziri Rişi Sunak Türkiyəyə başsağlığı verərək, istənilən yardığımı etməyə hazır olduqlarını bildirib:
"Düşüncələrim Türkiyə və Suriya xalqı ilədir. Xüsusən də insanları zəlzələdən xilas etmək üçün mərdliklə çalışanlara təşəkkür edirik. Birləşmiş Krallıq olaraq bacardığımız qədər kömək etməyə hazırıq”.
İngiltərə Xarici İşlər Nazirliyi isə Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərildiyini açıqlayıb.
İsveçrə
İsveçrə axtarış-xilasetmə işləri aparmaq üçün zəlzələ bölgəsinə 80 nəfərlik qrup göndərmək qərarına gəlib.
Avstriya
Avstriya Türkiyəyə 80 əsgər, 25 xüsusi axtarış-xilasetmə qrupu göndərəcək.
Fransa
Fransa Türkiyəyə 139 axtarış-xilasetmə işçisi göndərəcəyini açıqlayıb.
Macarıstan
Bu çətin gündə Türkiyənin yanında olduqlarını bildirən Macarıstan rəhbərliyi zəlzələ bölgəsinə 50 nəfərlik xilasetmə qrupu yola salacaq.
Çexiya
Çexiya Respublikası Türkiyəyə 68 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
Yunanıstan
Yunanıstan Fövqəladə Hallar Nazirliyi 21 yanğınsöndürən və 2 axtarış-xilasetmə iti, axtarış-xilasetmə işlərində istifadə olunacaq xüsusi maşınlar göndərəcəyini bildirib.
Bolqarıstan
Bolqarıstan 58 nəfərlik ekspert-xilasetmə qrupunun Türkiyəyə hərəkət edəcəyini, qrupun xilasetmə işləri üçün təchiz olunmuş 20 maşınla gedəcəyini açıqlanıb. Həmçinin 1000 ədəd yataq dəstini Türkiyəyə göndərməyə hazır olduqlarını bildiriblər. Bolqarıstan yardıma əlavə olaraq 1000 adyal və 1000 yataq dəsti göndərəcək. Təcili yardım anbarından 300 mətbəx dəsti, 300 ailə tipli çadır, 300 qızdırıcı, 1000 döşək və 3000 adyaldan ibarət yardım əlavəsi hazırlanacaq.
Albaniya Albaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Türkiyəyə aralarında axtarış-xilasetmə personalı da daxil olmaqla 7 maşın və 53 nəfərdən ibarət qrup göndərilib.
Niderland
Niderland 65 nəfər və 8 xilasedici itin təyyarə ilə zəlzələ bölgəsinə göndəriləcəyini açıqlayıb.
İspaniya
İspaniya 90-dan çox xilasetmə və tibb qrupunun iki hərbi təyyarə ilə Türkiyəyə yola salınacağını bəyan edib. İspaniyadakı “Sərhədsiz yanğınsöndürənlər” təşkilatı kimi bəzi mülki yardım qrupları 10-15 nəfərlik qruplarla Türkiyəyə yardım üçün gedəcəklərini bildirib.
Polşa
Polşa Türkiyə 76 yanğınsöndürən və 8 xilasedici it göndərəcək.
NATO
NATO-nun baş katibi Yens Stoltenberq da Türkiyəyə dəstəyini ifadə edib: "Türkiyə ilə tam həmrəyik. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. Hazırda NATO müttəfiqləri dəstək üçün səfərbərdir".
ABŞ
ABŞ prezidenti Co Bayden öz komandasına Türkiyədəki vəziyyəti yaxından izləməyə davam etməyi, mərkəzi Kahramanmaraşda olan və 10 əyalətə təsir edən zəlzələyə görə bütün lazımi yardımı göstərməyi tapşırıb.
Rusiya
Kreml Türkiyənin cənubunda baş vermiş 7,7 bal gücündə zəlzələ səbəbiylə Türkiyə ilə həmrəy olduğunu bildirərək, ölkənin bu fəlakətdən ən az zərərlə çıxacağına ümid edib.
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə əlaqədar 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsini Türkiyəyə göndərib.
Yaponiya
Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Türkiyəyə Beynəlxalq Fövqəladə Xilasetmə Qrupunun 3 üzvü və əlavə 15 mütəxəssis göndərilib.
İsrail
Zəlzələ baş verən andan İsraildən Türkiyəyə dəstək mesajları gəlməkdədir. İsrail rəhbərliyi təbii fəlakətin aradan qaldırılması üçün lazım olan bütün yardımı göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Xarici işlər naziri Eli Koen təcili yardım paketinin hazırlandığını qeyd edib.
"Bu səhər Türkiyəyə enən İsrail xilasetmə qrupudur. Gecə saatlarında Türkiyə qurumları ilə birgə hərəkət edərək əsgərlərin qəbulunu təşkil edən XİN əməkdaşlarına təşəkkür edir, daha sonra səhra xəstəxanasını da təşkil etməyə hazırlaşırıq", - İsrail xarici işlər naziri Eli Kohen bugünkü paylaşımında qeyd edib.
Çin
Çin lideri Si Cinpin 10 vilayətdə baş vermiş zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Rəsmi Pekin Türkiyəyə yardım təklif edib.
Livan
Livanın Baş naziri Nəcib Mikati dağıntılar altında qalan insanların xilas edilməsi üçün Türkiyəyə qrup göndərə biləcəklərini açıqlayıb.
Fələstin
Fələstin Baş naziri Məhəmməd İbrahim Türkiyə və Suriyaya axtarış-xilasetmə və sağlamlıq qrupları göndərəcəklərini deyib.
Hindistan Hindistanın Baş naziri Narendra Modi Türkiyəyə dəstəyini ifadə edib. O, Hindistanın Türkiyə xalqı ilə həmrəy olduğunu və bu faciənin öhdəsindən gəlmək üçün hər cür yardım göstərməyə hazır olduğunu söyləyib.
Digər tərəfdən, Hindistan Baş Nazirliyindən verilən açıqlamada təlim keçmiş axtarış-xilasetmə itləri və xüsusi avadanlıqla təchiz edilmiş 100 nəfərdən ibarət Milli Fəlakətə Qarşı Mübarizə Qüvvələrinin iki komandasının göndəriləcəyi qeyd olunub.
Pakistan
Pakistanın Baş naziri Şahbaz Şərif mərkəzi Kahramanmaraş olan ümumilikdə 10 vilayətdə baş verən zəlzələlərdə can və mal itkisi ilə əlaqədar ölkəsinin Türkiyəyə axtarış-xilasetmə qrupu, yardım materialları göndərəcəyini söyləyib.
Prezident Ərdoğanla telefon danışığında Pakistanın bu çətin zamanda türk qardaşlarına kömək etmək üçün hər şeyi edəcəyini söylədiyini Şərif Türkiyəyə axtarış-xilasetmə qrupu, həkim və tibb işçilərinin göndəriləcəyini qeyd edib. Ardınca 36 nəfərlik axtarış-xilasetmə qrupu və yardım ləvazimatlarını daşıyan 2 C-130 nəqliyyat təyyarəsi Türkiyəyə göndərilib.
Ümumilikdə isə indiyədək 69 ölkə, 13 beynəlxalq təşkilat Türkiyəyə axtarış-xilasetmə qrupları və digər humanitar yardımlar göndərib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.Modern.az
Türkiyəyə yardım göndərən ölkələrin adlarını təqdim edirik:
Geri dön |