Ana Sayfa > Karusel / Səhiyyə > Dünyanın xərçəng kabusu: Bu qidalardan uzaq durun!

Dünyanın xərçəng kabusu: Bu qidalardan uzaq durun!


4-02-2023, 13:03. Yazar: Admin

Dünyanın xərçəng kabusu: Bu qidalardan uzaq durun!

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir. Həmin günün məqsədi ictimaiyyətin diqqətini bu qlobal problemə cəlb etmək, onkoloji xəstəliklərin nə dərəcədə təhlükəli olmasını və indi çox geniş yayılmasını xatırlatmaqdır. 

Son illər ərzində Azərbaycanda da xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb. Diqqətçəkən məqam isə xəstəliyin “gəncləşməsi”dir, artıq bu xəstəliklə yaşlılarla yanaşı, gənclər də mübarizə aparır.  Bəs görəsən xəstəliyin sürətlə artmasına və “gəncləşməsi”nə səbəb nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan onkoloq Fərid Museyibov xəstəliyin geniş yayılmasının əsas səbəbinin qidalar olduğunu bildirib.

Onun sözlərinə görə, artıq çəki də xərçəng xəstəliyini yaradan amillər sırasındadır:

“Bu xəstəliyə səbəb əsasən, yağlı qidalar, artıq çəkidir. Cipsi, dönər, qamburger kimi qidaları davamlı qəbul etmək buna səbəb ola bilir. Artıq çəkinin olması xərçəngin yaranma səbəblərindən biridir”.

 Onkoloq-cərrah İbrahim Əsədli isə bildirib ki, xərçəngin “cavanlaş”masının səbəbləri kompleksdir: 

“Xərçəngin artmasında səbəblər kompleksdir. Bu həm fiziki, həm kimyəvi, həm də psixoloji səbəblərlə bağlı ola bilər. 

Bundan əlavə, qidalar da bu xəstəliyin yaranmasına səbəb ola bilər. Bu gün qidaların tərkibinin dəyişdirilməsi, rafinə qidaların, genetic modifikasiya olunmuş qidaların olması bədənin immunitetinin zəifləməsinə gətirib çıxarır. Bu immunitet zəifləməsi də son nəticədə xərçəngin yaranmasına gətirib çıxarır. Bu xəstəlik artıq cavan adamlarda, hətta uşaqlarda da əmələ gəlir”. 


Geri dön