Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda “Nurofen” böhranı: Ailələr çarəsiz durumda

Azərbaycanda “Nurofen” böhranı: Ailələr çarəsiz durumda


3-02-2023, 17:15. Yazar: Admin

Azərbaycanda “Nurofen” böhranı: Ailələr çarəsiz durumda

Son günlər Azərbaycanda yayılan xəstəliyin fonunda şəhərin müxtəlif apteklərində qızdırmasalıcı dərmanların yoxluğu müşahidə edilir. Əsasən, “Parasetamol” tərkibli qızdırmasalıcı dərmanların birdən-birə qeybə çəkilməsi əhali arasında böyük narazılığa səbəb olub.

Nəzərə alsaq ki, hazırkı xəstəlik ən çox uşaqlar arasında yayılıb, bu zaman həmin dərmanlara tələbatın bir o qədər yüksək olması da gözlər önündədir.

Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı paytaxtın Nərimanov rayonunda yerləşən apteklərə baş çəkib və “Nurofen” dərmanının axtarışına çıxıb. Gəzdiyimiz 15-20 aptekdə isə istədiyimiz dərmanı tapa bilməmişik. Əczaçılar isə qeyd ediblər ki, “Nurofen” və digər qızdırmsalıcı dərmanlar bəzən gün ərzində limitlə 1-2 ədəd gəlir, bəzən isə günlərcə bu dərmanlardan səs-soraq çıxmır. Aptek işçilərindən bunun səbəbini soruşduqda isə bilmədiklərini qeyd ediblər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında deyib ki, Azərbaycanda dərman qıtlığı var:

“Çünki əvvəllər dərmanlarmızı Rusiya və Ukraynadan idxal edirdik. Müharibənin başlaması ucbatından isə xeyli dərmanların yoxa çıxması müşahidə edilir. Yəni bu qıtlıq və müəyyən texniki problemlər var.

Lakin bununla yanaşı alternativlər də olmalıdır. Məsələn, qardaş Türkiyənin geniş əczaçılıq sənayesi var. Bəs niyə biz oradan istifadə etməyək, bundan yararlanmayaq? Eləcə də Türkiyənin dərman maddələri yüksək keyfiyyət parametrləriylə xarakterizə olunur. Sadəcə bu işlə məsul olan qurumlar bunu təşkil etməlidirlər. Təəssüflər olsun ki, bu gün bu işin təşkili yubadılır”.

A. Qeybulla etiraf edib ki, “Parasetamol” əsaslı dərmanlardan “Panadol”, “Efferalqan”, “Nurofen” kimi uşaqların soyuqdəyməsində istifadə olunan dərman preparatları bu gün yoxa çıxıb:

“Təəssüf ki, bunun özü xeyli problem yaradır. Hesab edirəm ki, bununla bağlı aidiyyəti qurumlar məsələ qaldırmalıdırlar. Əlbəttə, media bununla maraqlanır, məsələni işıqlandırır və bunun özü də bir stimuldur. Lakin yenə deyirəm ki, bununla məsul olan qurumlar var ki, onlar bu işin həlliylə məşğul olmalı, həlli yollarını aramalı və Azərbaycan bazarına həm keyfiyyətli, həm də ucuz dərmanların idxalına çalışmalıdırlar”.

Müsahibimiz Türkiyə dərman bazarının effektivliyinə də toxunub:

“Türkiyənin dərman bazarı kifayət qədər tanınmış bir bazardır və orada müxtəlif firmalar var. Həm də Almaniya istehsalı olan dərmanlar Türkiyədə mövcuddur. Biz həmin firmalarla müştərək istehsala belə keçə bilərik. Həmçinin, biz neçə müddətdir İranla və müxtəlif ölkələrlə müştərək firmaların yaradılması haqqında danışırıq. Əgər belə bir məsələ varsa, biz niyə bu işi Türkiyə ilə görməyək?”

“İkinci tərəfdən, söhbət hələlik dərman idxalından gedir, çünki Azərbaycan dərmanla bağlı idxaldan asılı bir ölkədir. Məncə, bizim Türkiyə ilə bu sahədə əməkdaşlıq etməyimiz daha yaxşı olar. Nəzərə alaq ki, oradakı dərmanlar bizim bazara nisbətən kifayət qədər ucuzdurlar”, – yekunlaşdırıb.


Geri dön