Ermənistan mətbuatı növbəti dəfə Qarabağın dağlıq hissəsində məskunlaşan separatçılar arasındakı gərginlikdən yazıb.
Qarabaginfo.az-ın məlumatına görə, “Hraparak” qəzeti Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərdəki gərginliyin davam etdiyini bildirir.
“Əldə etdiyimiz məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan dünən Rusiya sülhməramlılarının vasitəsilə Moskvaya gedib. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır”, - deyə “Hraparak” yazır.
Məlumatda o da qeyd olunur ki, A.Arutyunyan Moskvaya təklif edəcək ki, Rusiya Qarabağdakı sülhməramlıları vasitəsilə qondarma rejimin “növbədənkənar seçkilər” keçirməsinə zəmanət versin və ya onunla Ruben Vardanyan arasında seçim etsin.
“Çünki o, əmindir ki, Vardanyan “dövlət naziri vəzifəsi”ndə qaldıqca, azərbaycanlılar yolu açmayacaq”, - nəşrin məqaləsində qeyd edilir.
Xatırladaq ki, hələ yanvarın 14-də bəzi erməni KİV-ləri həm Vardanyanın, həm də Arutyunyanın mümkün istefaları ilə bağlı gözlənilməz xəbər yaymışdı. O zaman qeyd olunmuşdu ki, “növbədənkənar seçki”yə getmək Xankəndidəki rejimin böhranla qarşılaşacağına gətirib çıxaracaq və bunu nəzərə alan separatçıların keçmiş başçıları tərəfləri barışdırmaq üçün vasitəçilik ediblər.
Belə ki, Bako Saakyan və Arkadi Qukasyan Arayik Arutyunyanı istefa verməməyə, separatçı rejimi qarışıqlığa aparmamağa inandırmışdılar.
“Hraparak” yazır ki, hazırda Arutyunyanla Vardanyan arasında münasibətlər yenidən pisləşib.
“Məsələ burasındadır ki, onlar əvvəldən növbəti “seçkilərə” qədər “Artsax”ın iqtisadi cəhətdən möhkəmlənməsini birgə həyata keçirməyə razılaşsalar da, Ruben Vardanyanın kəskin bəyanatları və addımları Arayik Arutyunyan üçün başağrısına çevrildi”.
Məqalədə bildirlir ki, Arayik Arutyunyan 44 günlük müharibədən sonra Azərbaycan tərəfilə barışıq və əməkdaşlıq yolunu tutmuşdu, Vardanyan isə “dövlət naziri” olandan sonra bu siyasətin əleyhinə çıxdı.
“Hraparak” qeyd edir ki, Qarabağ separatçılarının gələcəyi ilə bağlı tərəflərin mövqeləri fərqlidir.
“Arayik Arutyunyan Azərbaycanla danışıq aparmağın, görüşməyin tərəfdarıdır, Vardanyan isə qəti şəkildə bunun əleyhinədir. Vardanyan deyir ki, müqavimət göstərməliyik, bir santimetr də yer verməməliyik, sülhməramlılar təhlükəsizliyi təmin edir”.
Məqalədə bildirilir ki, son günlər Arutyunyan və Vardanyan Qarabağ ermənilərilə ayrı-ayrılıqda görüşlər keçirməkdədirlər. Tərəflərin sanki seçki kampaniyasına başladıqları görüntüsü yaranıb. Arutyunyanın bu görüşlərdə Azərbaycanla danışmağa getmək üçün erməni əhalidən dəstək istədiyi bildirilir.
“Biz azərbaycanlılarla görüşlər keçirməliyik, təbii ki, rusların vasitəçiliyi ilə”, - deyə Arutyunyan mülki ermənilərə bildirib.
“Arutyunyan bilmək istəyir ki, sabah azərbaycanlılarla görüşsə, Qarabağ erməniləri onun satqın olduğunu deməyəcəklər ki...”, - deyə “Hraparak” qeyd edib.
Məqalədə separatçıların bölgədə təkləndiyi vurğulanıb, Şuşada imzalanmış “Türkiyə-Azərbaycan bəyannaməsi” xatırladılıb və qeyd edilib ki, Azərbaycana qarşı yeni müharibə Türkiyəyə qarşı müharibə deməkdir
Araik Arutyunyan keçirdiyi görüşlərdə deyib ki, bu gün Qarabağda Ermənistandan daha çox silah-sursat olsa da, bu, müharibə aparmaq üçün kifayət deyil, vaxt qazanmaq, güclənmək lazımdır.
“Hraparak” yazır ki, Ermənistan hakimiyyəti separatçıları Bakı ilə birbaşa danışıqlara getməyə məcbur edir və açıq şəkildə deyir ki, “biz sizin yerinisə bir daha danışıq aparmayacağıq”.
Ruben Vardanyan isə Azərbaycanın tələblərinin yerinə yetirilməsinin əleyhinədir, o hesab edir ki, hər gün yeni tələblər irəli sürülə bilər.
“Biz nəyin bahasına olursa-olsun müqavimət göstərməliyik”, - deyə Vardanyanın keçirdiyi görüşlərdə mülki erməniləri mübarizəyə inandırmağa çalışdığı bildirilir.
Vardanyan erməni əhali ilə görüşlərdə bildirir ki, mühüm beynəlxalq oyunçular Qarabağ məsələsinin hələ bağlanmadığını bəyan edirlər, buna görə də çətinliklərə dözmək lazımdır.
“İndi Qarabağda Rusiya rəhbərliyinin cavabını səbirsizliklə gözləyirlər, Moskva kimə üstünlük verəcək, Arayik Arutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq, yoxsa sərt qarşıdurma?”,-deyə nəşr qeyd edib.