Ana Sayfa > Karusel / Manşet > Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı yayıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı yayıb


19-01-2023, 21:11. Yazar: Admin

Milli Meclis

Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri Bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.

 

Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir.

Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir. Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altina alınır.
Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir. Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir.
Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Beləliklə, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunmuşdur. Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulmuşdur.
Təəssüf ki, Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Qeyd edilməlidir ki, bu cür qətnamələr son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin də əleyhinə çıxırdı.
Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq.


Geri dön