Ermənistanda hərbi hissədə baş verən yanğın nəticəsində 15 hərbçinin ölməsindən sonra ölkənin müdafiə naziri Suren Papikyanın da istefası tələb olunub. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat dərc edib. 

Məlumata görə, hərbçilərin ölümündən sonra silahlı qüvvələrin bir sıra zabitləri, o cümlədən 2-ci ordu korpusunun komandiri xidmətdən uzaqlaşdırılsa da, xalq müdafiə nazirini də istefaya çağırıb. 

"Müdafiə Nazirliyi əsgərlər üçün normal kazarma şəraiti yaratsaydı və onlar kənd binasında deyil, normal kazarma şəraitində xidmət etsəydilər, faciə baş verməzdi", - məlumatda deyilir. 

 Bundan sonra sosial şəbəkələrdə Papikyanın fotosu "İstefasını tələb edirəm" yazısı ilə kütləvi şəkildə paylaşılır. 

İstefa tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiya keçirilməsi də planlaşdırılır.